AZ

Azərbaycan xaricdən sərmayə cəlb edilməsinin hamı üçün maraqlı modelini yaradır...


Müasir qlobal iqtisadi sistemdə xarici investisiyalar hər bir ölkənin inkişafında mühüm rol oynayır. İnvestisiya axını həm iqtisadiyyatın dayanıqlı böyüməsini təmin edir, həm də yeni texnologiyaların, idarəetmə təcrübələrinin və innovativ yanaşmaların ölkəyə daxil olmasına şərait yaradır.

Azərbaycan da son illərdə xarici sərmayələrin cəlb edilməsi istiqamətində mühüm addımlar atıb, iqtisadiyyatın müxtəlif sahələrinə milyardlarla dollar həcmində kapital axınına nail olub. Bu proses həm neft-qaz sektorunun, həm də qeyri-neft sektorunun inkişafında özünü göstərir.

Ölkəmizin ev sahibliyi etdiyi Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu isə xarici sərmayənin yeni axınına təkan verən tədbir hesab olunur. Qeyd edək ki, tədbir zamanı Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin “Modon Holding”i arasında “Şəhər daxilində şəhər” konsepsiyasının inkişafına dair əməkdaşlıq müqaviləsi imzalanıb. 5 milyard dollaradək investisiya yatırımı nəzərdə tutan konsepsiya Böyükşor gölü ətrafında sağlamlıq, ticarət, təhsil və mehmanxana obyektlərini əhatə edən müasir sahilyanı zonanın yaradılmasını nəzərdə tutur. Tədbir zamanı digər aşağıdakı sənədlər imzalanıb: Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun layihələndirilməsi, tikintisi, maliyyələşdirilməsi, istismarına dair Dövlət-Özəl Tərəfdaşlığı Müqaviləsi. Təmizlənmiş suyun alqı-satqısı üzrə Su Satınalma Müqaviləsi. Torpaq Sahəsinin İcarəsinə dair Müqavilə. Dövlət Zəmanəti Müqaviləsi. Onu da qeyd edək ki, dəniz suyunun duzsuzlaşdırılması layihəsi İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində ölkəmizdə icrası nəzərdə tutulan ilk pilot layihədir. Layihə çərçivəsində Sumqayıt Sənaye Parkında tikiləcək zavodda dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı həyata keçiriləcək. Gündəlik 300 min kubmetr məhsuldarlığa malik layihənin dəyəri 407 milyon dollar təşkil edir. Müqaviləyə əsasən zavodun layihələndirilməsi, tikintisi və 25 il müddətində istismarı “ACWA Power” tərəfindən həyata keçiriləcək. Layihə Abşeron yarımadasının içməli suya artan tələbatını təmin etmək, şirin su mənbələrini şaxələndirmək məqsədilə həyata keçirilir. Hədəf dövlətin içməli su təchizatında yükünü azaltmaq, bu sahədə beynəlxalq təcrübəni və texnologiya transferini stimullaşdırmaq, iqtisadiyyata xarici sərmayələri cəlb etmək məqsədlərimiz sırasındadır. Bütün bunlar artıq Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun ölkə üçün əhəmiyyətini açıq şəkildə ortaya qoyur. Onu da qeyd edək ki, tədbir zamnı Azərbaycanın əlverişli biznes mühiti növbəti dəfə dünya ictimaiyyətinin diqqətinə çatdırılıb. “Rəqbətlilik və davamlılıq” mövzusunda təşkil olunan panel iclasında çıxışı zamanı İnvestisiya Təşviqi Agentliklərinin Dünya Assosiasiyasının baş direktoru İsmayıl Erşahin bildirib ki, Azərbaycanın iqtisadi potensialı, Qərb ilə Şərq arasında yerləşməsi və hökumətin dünya iqtisadiyyatına inteqrasiya istiqamətində həyata keçirdiyi siyasət onu xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevirib. Azərbaycan investisiya üçün bütün zəruri şərtlərə malikdir.Onun sözlərinə görə, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar və sabit iqtisadi siyasət burada biznes və uzunmüddətli əməkdaşlıq üçün unikal mühit formalaşdırır: “Neft və qaz, tranzit, nəqliyyat sahələri üçün beynəlxalq əhəmiyyətə malik ifrasrtuktur yaradılıb. İstər xarici, istərsə də yerli investorlar bu infrastrukturlardan istifadə edərək sərmayə yatıra bilərlər. Azərbaycanda həyata keçirilən islahatlar, neft gəlirlərindən səmərəli istifadə buranı6 investisiyaların yatırılması üçün ən yaxşı ölkəyə çevirib. Çünki strateji mövqe, proqnozlaşdırıla bilən iqtisadi siyasət və zəngin resurs bazası harmonik şəkildə birləşərək biznesin inkişafı və davamlı tərəfdaşlıq üçün şərait yaradır”.

Ölkəmzin malik olduğu investiya mühiti dünyada müvafiq qurumlar tərəfindən də açıq bəyan edilir. Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD) tərəfindən dərc olunan “Dünya İnvestisiya Hesabatı 2025” də bunun təsdiqi hesab oluna bilər. Hesabatda Azərbaycan regionun etibarlı və strateji investisiya məkanı kimi təqdim edilib. Onu da bildirək ki, UNCTAD tərəfindən dərc olunan “Dünya İnvestisiya Hesabatı” qlobal investisiya axınlarının son meyllərini, çağırışlarını və perspektivlərini əks etdirən ən nüfuzlu mənbələrdən biridir. Hesabat həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələr üzrə birbaşa xarici investisiya statistikalarını, eləcə də “greenfield” layihələri və sektorları üzrə tendensiyaları təqdim edir. Bu sənəd xüsusilə dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin investisiya mühitinə dair mühüm nəticələr ortaya qoyur və regional müqayisələr üçün əsas istinad nöqtəsi hesab olunur. Hesabata əsasən, 2020–2024-cü illər ərzində Azərbaycan 1,5 milyard ABŞ dollarından artıq məbləğdə “greenfield” tipli – yəni sıfırdan qurulan yeni istehsal və infrastruktur layihələrinə yönələn – investisiya cəlb edib. Beləliklə Azərbaycan, Özbəkistan və Qazaxıstanla yanaşı, dənizə çıxışı olmayan ölkələr arasında aparıcı investisiya məkanlarından birinə çevrilib. Bu nailiyyət Azərbaycanın xüsusən enerji və nəqliyyat infrastrukturu sahələrinə strateji layihələri ardıcıl şəkildə cəlb etmək bacarığını nümayiş etdirir. Azərbaycan beynəlxalq investorları cəlb edən dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin sırasında nəqliyyatla bağlı layihələrdə də ön sıralarda yer alıb və bu, ölkənin Asiyanı Avropa ilə birləşdirən Orta Dəhlizin mərkəzində yerləşən strateji Avrasiya logistika qovşağı rolunu təsdiqləyir. Hesabatda bildirilir ki, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin 2024-cü ildə qlobal investisiya axınları 10% azalaraq 23 milyard ABŞ dolları təşkil edib. Bu ölkələrin bir çoxu kəskin volatilliklə üzləşib. Məsələn, Qazaxıstan 3,7 milyard ABŞ dolları həcmində investisiya daxilolmalarından 2,6 milyard ABŞ dolları həcmində xalis kapital çıxışına qədər dramatik bir dönüş yaşayıb. Belə mürəkkəb şəraitdə Azərbaycan ardıcıl olaraq müsbət kapital daxilolmaları və layihə aktivliyini saxlayıb, sabitlik nümayiş etdirərək investorların davamlı etimadını təmin edib. Azərbaycanın investisiya cəlbetmə və davamlılığı təmin etmə sahəsindəki sübut edilmiş nailiyyətləri ölkəni Avrasiyada nəqliyyat əlaqələrinin və inkişafın gələcəyini müəyyən edən əsas aktorlardan biri edir. Bu məsələlər Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda da diqqətdə olub. “GEO Macro Asosation” şirkətinin icraçı direktoru, Nyu-York Universitetinin professoru Noreal Rubini bu fonda qeyd edir ki, Azərbaycan dünyanın qarşılaşdığı problemlərin həllində əhəmiyyətli rol oynamaqda davam edir: “Ekoloji məsələlərin həll olunması üçün Azərbaycan çox uğurlu yaşıl enerjiyə keçid edir. Ölkənin coğrafi mövqeyi və iqlimi burada böyük həcmdə alternativ enerji istehsalına imkan yaradıb. Azərbaycanın uğurlu idarəçiliyi, dayanıqlı ictimai-siyasi sabitliyi, iqtisadi islahatların səmərəliliyi xarici investorlar üçün geniş imkanlar yaradıb. Külək və günəş enerjisinin əldə edilməsi üçün ölkəyə yatırılan sərmayə təsadüfi xarakter daşımır. Bununla Azərbaycan həm özünün enerji tələbatını ödəyir, həm onu ixrac edir, həm də ekoloji problemlərlə bağlı qlobal çağırışlara cavab verir. Azərbaycanın uğurla idarə olunması nəticəsində burada beynəlxalq xarakter daşıyan böyük iqtisadi layihələr həyata keçirilib. Bu tədbir və burada iştirak edənlər onu deməyə əsas verir ki, Azərbaycan gələcəkdə daha inkişaf etmiş bir dövlət olacaq və qlobal çağırışlara daha səmərəli cavab verəcək”.

Ramil QULİYEV

Seçilən
48
baki-xeber.com

1Mənbələr