ain.az bildirir, Azpolitika.az saytına əsaslanaraq.
“AzPolitika” vasitəsilə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət edən Telli İsmayılova ağır sosial durumundan söz açıb və dəstək istəyib.
Telli İsmayılova Həsən qızı qeyd edir ki, 1981-ci il oktyabrın 1-dən 2025-ci il sentyabrın 3-dək Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Nərimanov rayon şöbəsinin Bakterioloji laboratoriyasında feldşer-laborant vəzifəsində çalışıb. Onun sözlərinə görə, bu illər ərzində işindən heç vaxt narazılıq olmayıb və vəzifəsinin öhdəsindən vicdanla gəlib.
Müraciət müəllifi bildirir ki, 2025-ci il sentyabrın 3-də 65 yaşı tamam olduğu üçün işdən azad edilib. Onun həyat yoldaşı Yaqubov Ramiz Lətif oğlu 1992-ci ildə Birinci Qarabağ müharibəsinin iştirakçısı olub, Ağdərə uğrunda gedən döyüşlərdə ağır yaralanaraq əmək qabiliyyətini itirib. Hazırda 1-ci qrup əlil olan Ramiz Yaqubovun diaqnozu “aşağı və yuxarı ətrafların iflici”dir.
Telli İsmayılovanın sözlərinə görə, həyat yoldaşı ali təhsilli həkim olsa da, müharibəyə könüllü gedib və bu illər ərzində ailədə yeganə işləyən şəxs özü olub. Hazırda ona təyin olunan pensiya məbləği isə 381 manat təşkil edir. “Yoldaşımın müalicə və dərman xərclərini nəzərə alsaq, vəziyyətimizin nə qədər ağır olduğu aydındır”, – deyə o, müraciətində vurğulayıb.
T. İsmayılova əlavə edib ki, əvvəlcə müqavilənin müddətinin uzadılması ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbərliyinə müraciət edib, lakin imtina cavabı alıb. Daha sonra, 31 avqust 2025-ci ildə Səhiyyə naziri Teymur Musayevə onlayn qaydada müraciət ünvanlasa da, indiyədək cavab verilməyib: “Onun qəbuluna yazılmaq istədim, amma yazmadılar. Məsələ ondadır ki, həm məndən əvvəl, həm də məndən sonra məndən yaşlı və imtiyazı olmayan şəxsləri işdə saxlayıblar, onların müqavilələrini dəfələrlə uzadıblar. Mənim isə işdə qalmağıma razılıq vermirlər.”
Müraciət müəllifi maddi vəziyyətinin ağırlığını nəzərə alaraq Mehriban Əliyevadan işdə qalmasına kömək göstərməsini xahiş edib:
“Vəziyyətimizi nəzərə alaraq, Sizdən işdə qalmağıma köməklik göstərməyinizi xahiş edirəm.”
Rasim
“AzPolitika.info”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.