AZ

Bakıda qadın sürücülər əlbəyaxa oldu İş məhkəməyə qədər gedib çıxdı VİDEO

Avtosfer portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsində qadın sürücünün həmkarına yolun ortasında şiddət göstərməsi avtomobilin kamerasına düşüb.

Zərərçəkmiş sürücü Nigar Məmmədova Avtosfer.az-a müraciət edərək hadisənin təfərrüatlarını açıqlayıb. Onun sözlərinə görə, iyulun 1-də saat 18:30 radələrində idarə etdiyi “Mazda 6” markalı avtomobillə “Qurd Qapısı” istiqamətində hərəkətdə olarkən 77-CG-022 dövlət nömrə nişanlı “BMW F10” markalı avtomobilin sürücüsü Əfsanə Əliyeva manevr qaydasını pozaraq ona təhlükə yaradıb. Nigar Məmmədova qayda pozan sürücüyə ehtiyatlı olması ilə bağlı iradını bildirib. Lakin Əfsanə Əliyeva iradı qəbul etməyərək təhqiramiz ifadələr işlədib və tərəflər arasında mübahisə yaranıb.

Bir qədər sonra hər iki sürücü yoluna davam etsə də, mübahisə burada bitməyib. Piyada keçidinə yaxınlaşarkən Nigar Məmmədova qəfil əyləci sıxaraq piyadaların yolu keçməsinə şərait yaradıb. Bu vaxt arxadan gələn Əfsanə Əliyeva ara məsafəsini düzgün təyin etmədiyi üçün onun avtomobilinə çırpılıb. Hadisədən sonra tərəflər arasında gərginlik daha da artıb.

Kadrda “BMW” sürücüsü Əfsanə Əliyevanın zərərçəkmişin üzərinə gələrək onu vurduğu, maşına tərəf itələdiyi və yenidən şiddət göstərməyə çalışdığı açıq-aşkar görünür. Nigar Məmmədova müqavimət göstərməyə çalışsa da, bir neçə dəfə zərbə alıb. Zərərçəkmişin sözlərinə görə, bu vaxt avtomobilinə də əlavə ziyan dəyib. Onun redaksiyamıza göndərdiyi videoda da maşınının sol tərəfinin əzildiyi aydın şəkildə əks olunub.

Nigar Məmmədova bildirib ki, hadisədən sonra dərhal polisə müraciət edib. Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsində aradırma başlanılıb və hadisə cinayət xarakterli olduğu üçün tibbi ekspertiza təyin olunub. Lakin tibbi ekspertiza Nigar Məmmədovanın dərəcəsi təyin olunmayan xəsarətlər aldığını müəyyən edib. Bundan sonra Səbail Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Zamiq Mustafayev zərərçəkmişin şikayətinin cinayət xarakterli olmadığını əsas gətirərək avqustun 1-də onun rədd edilməsiylə bağlı qərar qəbul edib. Ona şiddət göstərən sürücü Əfsanə Əliyevanın isə yalnız İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar verilib. Bununla razılaşmayan Nigar Məmmədova Səbail Rayon Məhkəməsinə müraciət edib.

O, məhkəmədə təqdim etdiyi videogörüntünün Əfsanə Əliyevanın açıq-aşkar xuliqanlıq hərəkətini sübut etdiyini, Cinayət Məcəlləsinin 221-ci maddəsinin tərkib əlamətlərinin mövcud olduğunu bildirib.

Aparılan araşdırmalardan sonra məhkəmə Nigar Məmmədovanın şikayətini təmin edib. Avqustun 1-də qəbul edilmiş “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar ləğv olunub və sürücünün xəsarət alması ilə nəticələnmiş fakt üzrə əlavə araşdırmaya başlanılıb.

Nərmin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
avtosfer.az

1Mənbələr