AZ

Hər 100 məhkumun 45-i narkotiklə ittiham olunub - narkomaniya ilə bağlı vəziyyət qəlizləşir...


Azərbaycanda 2025-2026-cı illərdə narkomaniya xəstəliyi ilə əlaqədar tibbi xarakterli məcburi tədbirlərin həyata keçiriləcəyi yeni tibb müəssisəsinin fəaliyyətə başlaması təmin ediləcək. Bu barədə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda qeyd edilib.

Həmçinin 2025-2030-cu illər ərzində isə Narkoloji xidmətin keyfiyyətinin yaxşılaşdırılması məqsədilə reabilitasiya mərkəzlərinin yaradılması nəzərdə tutulub. Qeyd edək ki, əsas icraçı qurum Səhiyyə Nazirliyidir.

Beləliklə, Azərbaycanda narkomanlığa qarşı mübarizəyə dair 5-ci dövlət proqramı qəbul olunub. Dövlət proqramının əsas məqsədi ölkədə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizənin gücləndirilməsi, analitik təbliğat, maarifləndirmə yolu ilə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicə etməklə sağlam həyata qaytarılması, müalicə-bərpa sahəsindəki fəaliyyətin daha da təkmilləşdirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, cəza tədbirlərinin səmərəliliyinin öyrənilməsi üçün elmi və praktiki araşdırmaların aparılması, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsindən ibarətdir. Onu da qeyd edək ki, Azərbaycan milli maraqları ön planda tutaraq, narkotiklərə qarşı mübarizədə hər bir dövrün çağırışlarına uyğun şəkildə beynəlxalq səviyyədə fəal iştirak edir. Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində böyük uğurlar əldə edilib və bu istiqamətdə davamlı olaraq institusional tədbirlər həyata keçirilir. Sözgüdən məsələyə bu qədər xüsusi diqqət edilməsi isə təsadüfi hesab olunmur. Bu barəəd danışmazdan öncə qeyd edək ki, ötən il Azərbaycanda 40 490 nəfər narkomaniya səbəbindən tibb müəssisələrində qeydiyyatda olub. Halbuki, 2023-cü ildə 36 659 nəfər narkomaniya səbəbindən tibb müəssisələrində qeydiyyata düşüb. Bununla yanaşı, 2024-cü ildə tibb müəssisələrində 2492 nəfər toksikomaniya, 7738 nəfər isə narkotiklərin epizodik qəbuluna görə qeydiyyatda olub. BBC açıq mənbələr əsasında araşdırıb ki, son on ildə narkotika üzrə həbs olunanların sayında, qeydiyyata alınan narkotik istifadəçilərinin sayında və aşkara çıxarılan narkotik maddələrin həcmində diqqət çəkən şəkildə artım var. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının son açıqlamasına görə, təkcə 2019-2024-cü illərdə ölkədə məhkum olunanların təxminən yarısı narkotiklə bağlı cinayətlərə görə cəzalandırılıb. Bu, o deməkdir ki, Azərbaycanda həbsdə yatan hər 100 nəfərdən 45-nin ittihamı narkotikə ilə bağlıdır. Azərbaycan bu ittihamla həbs edilən məhbus sayına görə də Avropa Şurası ölkələri arasında rekord göstəriciyə sahibdir, 46 üzv ölkə arasında 1-ci yerdədir. Hüquq-mühafzə orqanlarının aşkar etdiyi narkotik maddələrin həcmi isə az qala üç dəfə artıb. Statistika Komitəsi bildirir ki, 2020-ci ildə 4 tona yaxın narkotik maddə aşkar edilibsə, 2024-cü ildə bu rəqəm 9 tondan çox olub.

Onu da bildirək ki, narkotiklər hissləri, düşüncəni və əhval-ruhiyyəni dəyişməyə qadirdir. Belə xəstələr narkotikin qəbulunu dayandırdıqdan və ya dozanı azaltdıqdan bir müddət sonra onlarda fiziki və psixi pozulmalar

yaranır. Bu isə öz növbəsində asılılıq nəticəsində yaranan şiddətli ağrılara aparıb çıxarır. Psixotrop maddələrə alışan insan ağrılardan azad olmaq və narkotik əldə etmək üçün hər cür üsullara əl atır. Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükəlidir. Narkotik maddələrin qəbul edilməsi insanın fiziki və psixoloji cəhətdən məhv edir, yaddaşı və təfəkkürü pozur, həyata qarşı laqeydlik yaradır. Eyni zamanda bu hal orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün azalmasına gətirib çıxarır. Bundan başqa, qaraciyər və böyrəklərin funksiyası da pozulur. Narkotik beyin funksiyalarına və bütün orqanizmə təsir edir, zaman keçdikcə sağlamlığa ziyan vurur, zehni və davranış problemləri yaradaraq insanın yaxın münasibətlərinə, ictimai və peşə həyatına mənfi təsir göstərir. Narkomanların əksəriyyəti üçün zehni pozğunluq diaqnozu ömürlük dəyişməz qalır və təhlükəsiz narkotik maddə yoxdur. Ona görə də bu zərərli vərdişdən istifadə edilməsi gələcəyini və sağlamlığını təhlükəyə atmaq deməkdir. Elə o səbəbdən narkomaniyaya qarşı dövlət səviyyəsində qətiyyətlə mübarizə aparılır. Amma təkcə Azərbaycan üçün bu problem aktual deyil. Narkomaniya bəşəriyyətin ən qorxulu və təhlükəli bəlasına çevrilib. Eyni zamanda, bəşəriyyətin ən qorxulu xəstəliklərinin mənbəyi də elə narkomaniyadır. Ayrı-ayrı dövlətlər səviyyəsində fərdi şəkildə və ya beynəlxalq əməkdaşlıq çərçivəsində narkomaniyaya qarşı mübarizə aparılsa da, ildən-ilə dünya üzrə narkomaniyaya düçar olanların sayında artım qeydə alınır. Demoqrafik dəyişikliyə əsaslanan proqnozlara görə, 2030-cu ilədək narkotiklərdən istifadə edənlərin sayının dünyada 11%, Afrikada isə 40% artacağını göstərilir. Araşdırmalara görə, dərman bazarı COVID-19 pandemiyasının başlanğıcında baş verən tənəzzüldən sonra tez bir zamanda fəaliyyətini bərpa edib və nəticədə qlobal bazarda narkotik ticarəti artıb. Tədarükün artmasına quruda və suda narkotik vasitələrin qanunsuz dövriyyəsi marşrutlarının sayının artması, qeyri-qanuni dövriyyə üçün şəxsi təyyarələrdən istifadə və narkotiklərin son istifadəçilərə təmassız çatdırılması səbəb olub.

Samirə SƏFƏROVA

Seçilən
156
baki-xeber.com

1Mənbələr