Pakistanda son onilliklərin ən pis daşqınları həm kənd yerlərini, həm də sənaye mərkəzlərini vurub, ölkəyə milyardlarla dollar ziyan dəyib, ərzaq təchizatı və ixracı çətinləşib.
AZƏRTAC xəbər verir ki, hökumət Beynəlxalq Valyuta Fondunun 7 milyard dollarlıq yardımı sayəsində iqtisadiyyatın sabitləşməsindən sonra kənd təsərrüfatı və emal sənayesinin bərpası nəticəsində 2026-cı il üçün 4,2% artım proqnozlaşdırırdı.
Əvəzində, iyunun sonundan bəri Hindistandakı bəndlərdən sızan su ilə daha da güclənən rekord musson yağışları əhalinin sıx məskunlaşdığı və iqtisadi cəhətdən əhəmiyyətli iki əyalət olan Pəncab və Sindin böyük ərazilərini su altında qoyub.
Bir çox bölgələrdə sular hələ çəkilməsə də, səlahiyyətlilər və analitiklər kənd təsərrüfatı və istehsalatdakı ikili şoka görə indiki vəziyyətin ölkə ərazisinin üçdəbirinin su altında qaldığı 2022-ci ildən daha pis ola biləcəyi barədə xəbərdarlıq edirlər.
Düzənliklərin peyk şəkilləri selin miqyasını göstərir. GEOGLAM kənd təsərrüfatı monitorinq təşkilatının hesabatına görə, avqustun 1-dən sentyabrın 16-dək azı 220 min hektar çəltik sahəsi su altında qalıb. Çəltik, pambıq və qarğıdalı istehsalı mərkəzi olan Pəncabda 1,8 milyon hektar kənd təsərrüfatı sahəsini su basıb.
Pakistan Fermerlər Assosiasiyasının sədri Xalid Bat deyib: “Çəltik əkin sahələrinin təxminən 50%-nə, pambıq və qarğıdalı məhsulunun 60%-nə zərər dəyib”.
Hesablamalara görə, ölkədə məhsulun ən azı onda biri məhv olub, bəzi ərazilərdə tərəvəz itkisi 90%-ə çatıb.
Pakistanın planlaşdırma naziri Əhsan İqbal daşqınların ÜDM artımına mənfi təsir göstərəcəyini etiraf edib. Onun sözlərinə görə, dəyən ziyan barədə daha dəqiq məlumatlar təxminən iki həftə ərzində məlum olacaq.