AZ

Qəbələdə gənc yazarlara dəstəklə bağlı növbəti təlim keçirilib

“Qəbələ Yazarlarına Dəstək“ İctimai Birliyi “Qəbələ gənclərinin yaradıcılıq imkanlarının artırılması” layihəsinin növbəti – 10-cu təlimini keçirib.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Qəbələ Yazarlarına Dəstək” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il qrant müsabiqəsində qalib gəlmiş “Qəbələ gənclərinin yaradıcılıq imkanlarının artırılması” layihəsi çərçivəsində növbəti təlimini təşkil edib. Agentliyin maliyyə dəstəyi ilə 19.09.2025-ci il tarixində keçirilən 10-cu təlimdə 25 nəfər gənc iştirak edib.

Təlimçi təlimin mövzusu olan “Dramatik növ: faciə, dram, komediya” barədə danışaraq dramatik növlərin spesifik xüsusiyyətlərini vurğulayıb. Bildirib ki, dram əsərləri səhnə əsərləridir və bu növün əsas ünsürləri səhnə, aktyor və tamaşaçıdır. Dram əsərləri birbaşa səhnədə təqdim olunur, tamaşaçı ilə aktyor arasında canlı ünsiyyət yaranır və tamaşaçı hadisələrin gedişinə o qədər diqqət ayırır ki, bir anlıq özünü belə unudur.

Təlimçi həmçinin korifey sənətkarların adlarını çəkərək onların səhnə yaradıcılıqlarından söz açıb, yaratdıqları əsərlərin illərlə yaddaşlarda qaldığını vurğulayıb. O, Azərbaycan yazılı ədəbiyyatında dramatik növün əsasının Mirzə Fətəli Axundzadənin adı ilə bağlı olduğunu qeyd edib və onun “Hekayəti-Molla İbrahimxəlil Kimyagər” əsərindən nümunələr gətirib. Azərbaycan dramaturgiyasının görkəmli nümayəndələrinin yaradıcılığı haqqında məlumat verən təlimçi gənclərə tövsiyə edib ki, xalqımızın dahi şəxsiyyətlərinin həyat və yaradıcılığını öyrənsinlər, dilimizin saflığının qorunmasına və yad sözlərdən təmizlənməsinə öz töhfələrini versinlər.

Çay-kofe fasiləsindən sonra, təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Sertifikatların təqdimatında layihə rəhbəri Rəna Mahmudova, təlimçi Fəxrəddin Babayev və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin təlim-tərbiyə işləri üzrə direktor müavini Reyhan Məmmədova iştirak ediblər.

AzPost.az

Seçilən
4
azpost.info

1Mənbələr