BAKI, TurkicWorld
22 sentyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Üzeyir Hacıbəyli və Türk dünyasının musiqisi” adlı konsert proqramında iştirak edib. Qeyd etmək lazımdır ki, tədbir böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyinə həsr olunmuş XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində gerçəkləşib.
TurkicWorld xəbər verir ki,Tədbirdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edib. Orkestr Qazaxıstan Dövlət Akademik Simfonik Orkestrinin baş dirijoru, beynəlxalq müsabiqələr laureatı Kanat Ömərovun rəhbərliyi altında çıxış edib. Solistlər sırasında Başqırdıstandan kuray ifaçısı Artur Qaysarov və Azərbaycanın tanınmış bağlama ifaçısı Aləm İsayev yer alıblar. Qeyd etmək lazımdır ki, Kanat Ömərov və Artur Qaysarov Türk Mədəniyyəti və İrsi Fondunun dəvəti ilə cari ilin 25 sentyabr tarixində keçiriləcək “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları” adlı Beynəlxalq Simpoziumda iştirak üçün Bakıya dəvət ediliblər.
Proqram Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” ilə başlayıb. Konserin davamında isə Qazaxıstan, Qırğızıstan, Türkiyə, Türkmənistan, Özbəkistan, Başqırdıstan, Tatarıstandan olan sənətçilərin əsərləri səsləndirilib.
Tədbir Türk dünyasının musiqi irsinin zənginliyini nümayiş etdirməklə yanaşı, mədəni inteqrasiyanın və ortaq dəyərlərin təntənəsinə çevrilib.