AZ

“Valideyn komitələri” rəsmiləşdirilməlidir -

Məktəblərin fəaliyyətə başlamasından cəmi bir həftə keçməsinə baxmayaraq, artıq “fond pulu” və oxşar məsələlər gündəmə gəlib. Bir çox məktəbdə valideynlərdən fond pulu yığılır və bu vəsaitin şagirdlərin sinif otaqlarının və digər ehtiyaclarının təmin olunmasına xərcləndiyi bildirilir. Təhsil eksperti Məzahir Məmmədli də Metbuat.az-a açıqlamasında bu məsələnin ciddi müzakirə olunduğunu təsdiqləyib. O bildirib ki, bu gün Azərbaycan məktəblərində rəsmi təsisat kimi “valideyn komitəsi” deyilən bir qurum mövcud deyil. Amma yayılan bütün məlumatlar məhz həmin komitələrin adından paylaşılır və məktəb direktorları, müəllimlər yalnız onları təkzib etməklə məşğul olurlar: “Mən bir neçə dəfə təklif etmişəm və bu gün də eyni fikirdəyəm ki, “valideyn komitələri” deyilən qurum rəsmiləşdirilməli, nizamnaməsi təsdiqlənməli və həmin şəxslərin məsuliyyəti müəyyən olunmalıdır. Hazırda ümumtəhsil məktəblərində belə bir rəsmi təsisat olmadığı üçün valideyn komitələri heç bir məsuliyyət daşımırlar. Yaxşı olar ki, aidiyyəti regional idarələr bununla bağlı təlimat hazırlayıb təqdim etsin və Elm və Təhsil Nazirliyi də müvafiq tədbirlər görsün”. M.Məmmədli məktəblərdə bəzi neqativ halların baş verdiyini istisna etməyib: “Məsələn, sinif rəhbərlərinin nəzarətində olan qruplarda bu tip səs yazıları yayılır və məktəblər bu məsələdən kənarda qalmağa çalışırlar. Mənim fikrimcə, valideyn komitələrinə birmənalı şəkildə nəzarət olunmalı, onların məsuliyyəti müəyyən edilməlidir ki, belə neqativ hallar təkrarlanmasın”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
19
1
metbuat.az

2Mənbələr