AZ

Universitet müəllimi keçmiş nazir indiki rektoru ittiham edir: “Məni istismar edib, qanunsuz işdən çıxarıb”

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Keçmiş Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun rəhbərlik etdiyi Qərbi Kaspi Universiteti heç bir rəsmi əsas olmadan müəllimi işdən azad etməkdə ittiham olunur. Bu barədə müəllim Yusif Yusifzadə özü məlumat verib.

Bizimyol.info xəbər verir ki, müəllimlə universitetdən əlaqə saxlanılıb və ona mesaj vasitəsilə ertəsi gün işə gəlməmək tapşırılıb.

“Axşamınız xeyir, Yusif müəllim. Siz sabah işə gəlməyin. Rəhbərlikdən mənə yeni məlumat verildi ki, sizinlə bağlanan müqaviləyə xitam verilə bilər. Səbəbi deyilməyib, mənə verilən məlumat budur”, - Yusif Yusifzadəyə göndərilmiş mesajın mətni bundan ibarət olub.

Qərbi Kaspi Universitetində dünya ədəbiyyatı fənnini tədris edən müəllim Yusif Yusifzadə bu ildən orada pedaqoji fəaliyyətə başlamışdı. Onun sözlərinə görə, işə qəbul üçün bütün prosesləri uğurla keçib, sentyabrın 15-dən işə başlayıb: “Cəmi 4 gün müəllim kimi Qərbi Kaspi Universitetinə gəlib-getdim”.

Sosial şəbəkələrdə “Yusif Bidan” kimi tanınan müəllim danışır ki, pedaqoji fəaliyyətinin üçüncü günündə - sentyabrın 17-də ona sosial şəbəkələrdəki fəaliyyətilə bağlı xəbərdarlıq edilib. Ertəsi gün isə işdən çıxarıldığı haqda mesaj alıb. Səbəbini soruşanda isə cavab verlə olub:

“Mənə deyildi ki, rəhbərliyin qərarıdır. Yəni rektor Hüseynqulu Bağırovun göstərişi ilə işdən azad edilmişəm. Gedib əsas korpusda onun qəbuluna yazılmaq istədim. Amma suallarımı cavablandıran olmadı. Dedilər ki, guya rektor bütün gün ərzində iclaslarda olacaq, vaxtı yoxdur”.

Yusif Yusifzadə bu məsələni hüquqi müstəviyə çıxarmaq, universitet rəhbərliyinə qarşı məhkəmədə iddia qaldırmaq niyyətindədir. Onun sözlərinə görə, heç bir əsas olmadan işdən çıxarılması bir yana, Qərbi Kaspi Universitetinin rəhbərliyi əmək müqaviləsi imzalamaq vədi ilə onu aldadaraq işlədib - fənn proqramı, mühazirələr yazdırıb, mühazirələr oxutdirib və s.

“Bu da o anlama gəlir ki, universitet rəhbərliyi məni istismar edib”, - deyə müəllim əlavə edib.

Qərbi Kaspi Universitetindən müəllim Yusif Yusifzadənin dediklərinə münasibət öyrənmək mümkün olmayıb.

Qeyd edək ki, universitetin rəhbəri Hüseynqulu Bağırov 2001-2018-ci illərdə Ekologiya və Təbii Sərvətlər naziri vəzifəsində çalışıb.

Aytən, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
icma.az

1Mənbələr