AZ

Sülh sərhədlərimizə gəlsin…

Son vaxtlar otuz ildə iki dəfə müharibə edən və gərgin münaqişə şəraitində yaşayan ölkələrimiz arasında artıq sülh ab-havası hökm sürməkdədir. Keçən zaman və hadisələr göstərdi ki, Ermənistan heç vaxt özünün olmamış Azərbaycanın qədim ərazilərinə iddiadan əl çəkməyə məcburdur. Çünki onun iddiası tamamilə haqsız və yersizdir. Nəhayət, təcavüzkar ölkənin sonuncu rəhbəri bu həqiqəti anlayıb və Azərbaycanla münasibətin normallaşdırılmasına qərar verib. Nəticəsi hamı üçün sərfəli olub. Münasibətlərdə yumşalma artıq qarşılıqlı etimada doğru inkişaf etməkdədir. Bu günlərdə bizim nümayəndə heyətimizin İrəvana, Ermənistan nümayəndə heyətinin isə Bakıya keçən səfərləri də buna dəlalət edir. Həmçinin iki ölkə nümayəndələrinin beynəlxalq “Avroviziya” mahnı yarışında bir-birlərinə ən yüksək- 10 bal vermələri də münasibətlərin yumşalmasına və sülhə doğru atılan xoşməramlı addım kimi səciyyələnir.

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla əldə olunan sülhü yüksək qiymətləndirib. Deyib ki, bu sülh çoxdan gözlənilən idi. Baş nazir bu barədə hakim "Vətəndaş Müqaviləsi" Partiyasının qurultayındakı çıxışı zamanı danışıb. O, çıxışında xüsusi vurğulayıb: "Sülh avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı və dəstəyi, mənim və Azərbaycan Prezidenti İlham Əliyevin qəbul etdiyi Bəyannamə ilə bərqərar oldu.

Bir il yeddi aydır ki, Ermənistan-Azərbaycan sərhədində atışma nəticəsində bir nəfər də əsgər ölməyib və yaralanmayıb. Sülh budur və bizim məqsədimiz odur ki, bu bir il yeddi ay iki, üç, beş, 50, 100 ilə çevrilsin və Ermənistanın bütün sərhədlərinə toxunsun".

Avazı yaxşı gəlir. Yəqin oxuduğunun da bir mənası olacaq.

Əslində 2020-ci ilin noyabrından sonra Azərbaycan çox qan tökülməsini istəmədiyi üçün iki rayonumuzun dinc şəkildə azad olunması məqsədilə Ermənistana kifayıt qədər vaxt verdi. Bu, Prezidentimizin sülhsevər siyasətini bütün dünyaya sübut etmiş oldu. Dövlətimizin başçısı bundan əvvəl də belə bir addım atmışdı. Şuşa azad olunandan sonra orada mühasirəyə düşmüş 25 minlik Ermənistan ordusunun böyük bir qrupu qalmışdı. Həmin qrupun taleyi ipdən asılı vəziyyətdə idi. Bəziləri düşünürdü ki, dayandırılması mümkün olmayan Azərbaycan Ordusu həmin silahlı qruplaşmanı məhv edəcək. Buna real imkan da vardı. Lakin Prezident İlham Əliyev burada humanist addım ataraq qruplaşmanın Ermənistana qayıtmasına şərait yaradılmasına tapşırıq verdi.

Əslində ermənilərin Azərbaycandan torpaq iddiası heç vaxt olmamılıdır. Buna onların haqqı yoxdur. Əksinə, torpağımızda özlərinə dövlət qondardıqlarına görə daim bizə minnətdar olmalıdırlar. Lakin bəzi xarici dövlətlər tərəfindən təlimat alan iblis xislətli kilsə xadimləri və davakar daşnaklar aldıqları tapşırıqlara əsasən iki xalq arasında nifaq toxumu səpir, daim aranı qarışdırmağa, düşmənçiliyi körükləməyə çalışırlar. Elə şərait yaratmağa çalışırlar ki, düşmənçilik daim davam etsin. Ermənistanı təhdid altında saxlayan dövlətlər ümumiyyətlə, Cənubi Qafqazda həmişə sülhün bərqərar olmasına əngəl yaradıblar. Bu, “Parçala, hökm sür” siyasətinin açıq təzahürüdür. Amma yeddi ildir ki, Ermənistan iqtidarı daha onların əmrləri ilə oturub-durmur. Nikol Paşinyanın hakimiyyətə gəlməsi və gördükləri işlər sübut edir ki, ermənilərin də arasında gözüaçıq adamlar var. Onlar Ermənistanın müstəqilliyini təmin etməyə, asılılıqdan xilas olmağa çalışırlar. Ona görə də hakimiyyət komandası qatı daşnakları və xəbis keşişləri dövlət vəzifələrindən aralamağa Türkiyə və Azərbaycanla münasibətləri normallaşdırmağa başlayıb. Bu gün üç ölkə arasında get-gəllərin başlaması, müəyyən məsələlərin birgə müzakirəsi, Azərbaycanın işğal altında qalan kəndlərinin qaytarılmasına razılıq verilməsi, sərhəddə atışmaların qarşısının alınması bu niyyətə xidmət edir. Onu da qeyd edək ki, sərhəddəki atışmaları təşkil edənlər Ermənistan ordusuna soxulmuş satqın hərbçilərdir. Ancaq onlar barədə də lazımi tədbirlər görülür.

 Nikol Paşinyanın sərhəddə bir il 7 ay qan tökülməməsini məmnunluqla vurğulaması da ondan xəbər verir ki, Ermənistan hakimiyyəti ilk növbədə qonşularla əməkdaşlığa aparan düzgün kurs götürüb. Bunu qətiyyən gözləri götürməyən dövlətlər nə qədər əngəl yaratmağa cəhd etsələr də alınmır. Nikol Paşinyan anlayır ki, ermənilərin sülh və əməkdaşlıq içərisində davranmaları üçün qonşu türk dövlətləri ilə qarşılıqlı münasibətlər qaydaya salınmalı və onlarla dinc yanaşı yaşamağa vərdiş etməlidirlər. Başqa çarə yoxdur. Bu yol həm onlar, həm də qonşular üçün sərfəlidir.

Vəli İlyasov, “İki sahil”

Seçilən
2
ikisahil.az

1Mənbələr