AZ

İllərlə yaşadılan xatirələr, ümidlər və arzular yenidən canlanır - Daşbulaqda yeni həyat səhifəsi

Xocalı, 24 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Qarabağın səfalı guşələrindən olan Xocalının Daşbulaq kəndində həyat yenidən canlanıb. Kənd 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçdikdən sonra evlərin bərpası və sosial infrastrukturun qurulması istiqamətində işlər görülüb. Artıq Daşbulaq kəndində 14 ailə olmaqla, 72 nəfər məskunlaşıb.

Uzun illərin köçkünlük həyatından sonra doğma yurda qayıdan ailələrdən biri də Novruzovlardır. AZƏRTAC-ın bölgə müxbiri onların qonağı olub, təəssüratlarını öyrənib.

Ailə başçısı Məzahir Novruzov ata yurduna qayıtdığı üçün özünü xoşbəxt sayır. “Daşbulaq kəndi mənim ata yurdumdur”, - deyən həmsöhbətimin uşaqlığı burada keçib. 11 yaşında ikən ermənilər onları kənddən çıxarıblar. “Sonra Xocalıda məskunlaşdıq. 1992-ci ildə isə Xocalıdan da köçkün düşdük. Ötən illər ərzində kəndimizlə bağlı uşaqlıq xatirələri ilə yaşamışam. 48 yaşımda yenidən Vətənə qayıtmışam”, - deyir M.Novzurov. Onun sözlərinə görə, kəndə qayıdanda əvvəlcə gedib vaxtilə bumbuz suyunu içdiyi bulağı tapıb... O, uzun illər sonra ata yurduna ailəsi ilə qayıtmağın sevincini yaşayır.

Ailənin xanımı İlhamə Novruzova kəndə qayıtmaqlarının, burada başlayan yeni həyatın sevincini bölüşərək deyir: “Çox gözəl anlardır, biz artıq öz evimizdə yaşayırıq. Ailədə 6 nəfərik, dördotaqlı evimiz, həyətimiz, meyvə ağaclarımız var. Evimizin ilk qonağının Prezidentimiz olması isə bizim sevincimizi ikiqat artırdı. Prezidentimiz sentyabrın 15-də Daşbulaq kəndinə səfər edərkən evimizə gəldi, bizimlə səmimi söhbət etdi. Bizim üçün unudulmaz bir gün idi”.

Bu torpaqlara qayıtdıqlarına görə şəhidlərə borclu olduğunu deyən İlhamə xanım şəhid ailələrini, şəhid analarını evlərində qonaq görmək istədiyini bildirir: “Hər bir şəhid ailəsini, şəhid anasını evimizdə qonaq görmək istərdim. Bu torpaqlara onların övladlarının sayəsində qayıtmışıq, istərdim ki, şəhid ailələri bizə qonaq gəlsinlər. Şəhidlərimiz bütün Azərbaycan xalqının övladlarıdır. Xalqımıza da təşəkkür edirik. Biz köçkünlük illərində Bakı şəhərində məskunlaşmışdıq. İllərlə bizə qucaq açdılar. Haqlarını halal eləsinlər. Artıq öz yurdumuzda, doğma Qarabağdayıq. İndi onlar bizə qonaq gələ bilərlər. Bu günə şükürlər olsun. Yaradılan şəraitə görə Prezidentimizə, dövlətimizə təşəkkür edirəm”.

Novruzovlar ailəsinə doğma kəndlərində, yeni evlərində xoş günlər arzulayıb ayrılırıq.

Qarabağ silsiləsinin ətəyində, Bədərə çayının sahilində yerləşən Daşbulaq kəndində həm uzun illər həsrət qaldığımız təbiət gözəlliklərini, həm də doğma yurda qayıtmış insanları, həyatın öz axarı ilə davam etməsini gördükcə fərəh və sevinc hissi keçiririk. Bu gün Daşbulaq kəndində sadəcə evlər bərpa olunmur, burada insanların illərlə ürəyində yaşatdığı xatirələr, ümidlər və arzular da yenidən canlanır.

 

Seçilən
17
1
azertag.az

2Mənbələr