AZ

Azərbaycan futbolunda yeni “dəb” - Manipulyasiya ilə qabağa düşməyə çalışanlar

Hakimlik Azərbaycan futbolunda hər zaman əsas müzakirə obyektlərindən biridir.

Bu, həmişə belə olub, indi də belədir, çox güman belə olmağa da davam edəcək.

Təkcə Azərbaycan futbolundamı? Yox, elə futbolu bizimlə müqayisədə inkişaf etmiş qonşu ölkələrə - Türkiyə, Rusiya yüksək liqlarına diqqət etsək, orda da oxşar mənzərənin şahidi olarıq.

Azərbaycanlı futbol azarkeşlərinin yaxından izlədiyi türk klublarının sosial şəbəkə hesablarına baxmaq kifayətdir ki, hakimliklə bağlı narazılığın hansı səviyyədə olmasını görək.

Kimi doğrudan haqqının tapdalanmasına görə etiraz edir, kimisi oyun qaydalarını, hakimliklə bağlı yeniliklərdən bixəbər olduğundan narazılıq edir, kimi də uğursuzluğunu ört-bas etmək üçün “qara geyimli adamlar”ı azarkeşlərin önünə “atır”.

Hərənin özünə görə haqlı tərəfləri, prinsipləri də var. Bəs Azərbaycanda?

Azərbaycanda da yuxarıda sadaladığım nüanslar özünü ən qabarıq şəkildə göstərməkdədir.

Məsələn, hansısa məşqçi artıq klubdakı uğursuzluq limitinin tükənmək üzrə olduğunu görəndə və ya bu cür təhlükəni sezən kimi dərhal oyundakı hansısa “foul”u və ya verilən-verilməyən penaltiləri ön plana çıxararaq səs-küy yaradır.

Haqlı-haqsız bu ayrı söhbətin mövzusudur. Amma niyyət, məqsəd tam başqa şeyə xidmət edir.

Hə, bir də qabaqdangəlmişlik edənlər var. Tutaq ki, A komandası ilə B komandasının oyununda qeydə alınmış hər hansı epizod ön plana çıxarılaraq yersiz hay küy yaradılır.

Səbəb heç də oyunda olan hansısa səhvi ön plana çıxarmaq deyil, məqsəd B komandası ilə bağlı ictimaiyyətdə, insanların şüurunda “bu komanda dartılır” fikrini formalaşdırmaqdır.

Niyə?

Çünki gələcəkdə bu komandanın oyunlarında fit çalacaq hakimlər əlavə təzyiq altında qalsınlar, 50/50-lik epizodlarda B komandasının yox, onun rəqibinin xeyrinə fit çalsınlar deyə.

Belədə, həm öz uğursuzluqlarını ört-bas edir, həm də əsas rəqiblərindən birini yaradılan manipulyasiya sayəsində yolundan kənarlaşdırmış olurlar. Ağıllı gedişdir.

Amma düşünən insanlar üçün yox. İstər azarkeşi olsun, istərsə də jurnalisti bu cür süni hay-həşirin toruna düşmür, etiraz edilən epizodları götür-qoy edir, qərarın nə qədər qaydalar çərçivəsində olduğunu sorğulayır.

Əlbəttə, əgər qərəzli deyilsə. Qərəzlidirsə, B komandasını müxtəlif dairələrə yaxınlıqda suçlayaraq FIFA-nın oyun qaydalarının belə ziddinə gedərək, “qara piar”la məşğul olurlar.

Son günlər ölkə futbolunda bunun dəfələrlə şahidi olmuşuq. Maraqlıdır ki, əksər hallarda bu etirazların oyun qaydaları ilə uyğun gəlmədiyi, əslində verilən qərarların doğru olduğu sübut olunub. Amma nə fayda...

Bu gün bəlkə də ölkə futbolunun olmasa da, milli Premyer Liqamızın əsas bəlalarından biri də məhz bu cür manipulyasiya sahibləridir.

Bu manipulyasiya sahibləri (məşqçi, klub...) ölkə futboluna bəzi hakimlərdən də ciddi ziyan vururlar və vurmaqdadırlar.

Xəlil Sadıq

Seçilən
19
sportinfo.az

1Mənbələr