AZ

Babək prospektindəki dəhşətli qəzanın ANBAAN görüntüsü - VİDEO

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Babək prospektində baş vermiş qəza ilə əlaqədar sürücülərə müraciət edib. 

Qurumdan News24.az-a verilən məlumata görə, müraciətdə deyilir: 

"Nəqliyyat vasitəsini idarə edərkən düzgün manevr etməmək bəzən ağır yol-nəqliyyat hadisəsi ilə nəticələnir. Xətai rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində qeydə alınan bu qəza manevr etmə qaydalarını pozmağın nə qədər təhlükəli olduğunu göstərdi. Sürücünün həyatını itirdiyi bu hadisədən başqa sürücülər nəticə çıxarmalıdırlar. Müşahidələr göstərir ki, sürücülərin bir qismi hərəkət zamanı düzgün manevr etmirlər və ya manevr edən zaman sadəcə işıq siqnallarını yandırmaqla, üstünlüyün onlarda olduğunu zənn edirlər. Təəssüflər olsun ki, bununla özləri və digər nəqliyyat vasitələri üçün qəza riski yaradırlar.

Nə etmək lazımdır?

Hər bir sürücü “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinə nəzər salmalı, göstərilən qaydalara xüsusi diqqətlə yanaşmalıdır. Belə ki, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır.

Sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Eyni zamanda nəqliyyat vasitəsi sağa dönərkən, hərəkət hissəsinin mümkün qədər sağ kənarına yaxın hərəkət etməlidir. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücüləri yollarda qaydalara riayət etməyə və diqqətli olmağa çağırır".



Seçilən
106
20
news24.az

10Mənbələr