AZ

Məktəbdə direktor müavini şagirdlə xadiməni döyüb - VİDEO

Lənkəran rayonunun M.Qarayev adına Zövlə kənd tam orta məktəbində direktor müavini həm şagirdə, həm də texniki işçiyə şiddət göstərib.

"Cebheinfo.az" xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

Bildirilib ki, hadisə 6 ay əvvəl baş verib. Videoda şagirdə və xadimə qadına əl qaldıran şəxs vəzifəsindən azad olunsa da, sonradan yenidən öz işinə qayıdıb. Görüntülər də məhz bundan sonra ictimailəşib. 

Məsələ ilə bağlı Lənkəran-Astara Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab aldıq: “Məlumat üçün bildiririk ki, 11 mart 2025-ci il tarixində Lənkəran rayonu M.Qarayev adına Zövlə kənd tam orta ümumtəhsil məktəbinin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqov tərəfindən şagirdə və kiçik xidmətedici işçisinə fiziki zorakılıq davranışı iddiası əsasında Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb. Təlim-tədris prosesi zamanı belə halların yolverilməzliyi nəzərə alınaraq, 17 aprel 2025-ci il tarixində məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqovla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Qeyd edək ki, təhsilverənlərin etik davranış qaydalarına əməl edilməsi, eyni zamanda şagirdlərin təhlükəsizliyi və psixoloji durumu daim diqqət mərkəzində saxlanılır, bu istiqamətdə zəruri maarifləndirmə işləri görülür”. 

Məlumata görə, hadisə ilə bağlı polis tərəfindən araşdırma başladılıb. Tərəflər bir-birilərindən şikayətlərinin olmadıqlarını bildirdikləri üçün barışıq əldə olunub.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Lənkəran regional qrupundan isə sorğumuza cavab olaraq bildirilib ki, tərəflərin cari ilin mart ayının 14-də daxil olmuş müraciətləri əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılıb: “Müvafiq ekspertizalar təyin edilib və digər prosessual hərəkətlər həyata keçirilib. Məhkəmə tibbi ekspertizasının rəyi, tərəflərin şikayət və tələbinin olmadığı nəzərə alınaraq toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilib”.

"Cebheinfo.az" 

Seçilən
48
23
cebheinfo.az

10Mənbələr