AZ

Trampın HƏMAS ın təklifinə cavabı nə olacaq? (ŞƏRH)

ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

"Tramp HƏMAS-dan gələn atəşkəslə bağlı təklifə isti yanaşmayacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov HƏMAS-ın ABŞ prezidenti Donald Trampa ünvanlanan və Yaxın Şərqdə münaqişənin həllinə yönəlik təkliflərin əks olunduğu məktuba qarşı tərəfin hansı cavabı verəcəyini şərh edərkən deyib. 

"HƏMAS-ın belə bir təkliflə çıxış etməsi, ilk növbədə, informasiya baxımından dəqiqləşdirilməlidir. Çünki HƏMAS dedikdə iki qanad nəzərdə tutulur: hərbi qanad və siyasi qanad. Hərbi qanad daha sərt və fərqli yanaşmalar ortaya qoyur, siyasi qanad isə əsasən diplomatik fəaliyyətlə məşğuldur", deyə ekspert bildirib. 

Konfliktoloq hətta HƏMAS tərəfindən həqiqətən belə bir təklif irəli sürülsə də belə, Donald Trampın ona müsbət yanaşacağını düşünmür: 

"Çünki HƏMAS-ın bir təşkilat olaraq tamamilə ortadan qaldırılması, həm ABŞ-ın, həm də İsrailin Yaxın Şərq siyasətində ortaq və birləşdirici amil rolunu oynayır. Yəni hər iki tərəf HƏMAS-ın yox olmasında maraqlıdırlar".

Həmsöhbətimiz deyir ki, Avropanın aparıcı ölkələrinin Mahmud Abbas hökumətinin timsalında Fələstini tanımaları da əslində HƏMAS-ı neytrallaşdırmaq məqsədi daşıyır: 

"Dünya ölkələrinin, xüsusən Avropa dövlətlərinin - Britaniya və Fransanın - Fələstin Milli İdarəsini (Mahmud Abbas hökumətini) tanıması təsadüfi deyil. Onlar bunu, əslində, ABŞ-ın bölgədəki inhisarçı mövqeyini balanslaşdırmaq məqsədilə edirlər. Yəni burada ortaq məqam ondan ibarətdir ki, heç kim HƏMAS-ın bölgədə güclənməsini və uzunmüddətli qalmasını istəmir. Bu səbəbdən, belə bir təklifin mövcud olması ehtimal olunsa belə, Trampın ona isti yanaşması real görünmür".

Qeyd edək ki, Səudiyyə Ərəbistanından olan mənbənin iddiasına görə, HƏMAS tərəfindən atəşkəs üçün yeni təklif irəli sürülüb. Bu təklifdə ABŞ vətəndaşlığı olan 12 girovun azad edilməsi nəzərdə tutulur. Təklif 60 gün müddətinə atəşkəsin elan edilməsi şərtilə bağlıdır. Məlumata görə, HƏMAS təkliflərinə əlavə olaraq ABŞ prezidenti Donald Trampa məktub ünvanlayıb. Rəsmi müraciətdə atəşkəs rejiminə əməl edilməsinə və beynəlxalq humanitar yardımların təmin edilməsinə ABŞ-ın zəmanət verməsi də xahiş olunur. Hələlik Ağ Ev belə bir məktubu aldığını təsdiq etməyib. 

Rüfət Sultan

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
qaynarinfo.az

1Mənbələr