AZ

Ağız qoxusu ciddi xəstəliklərin xəbərçisidir -Mütəxəssislər xəbərdarlıq edir

Elvin Mikayıllı: Ağız qoxusu mədə-bağırsaq, qaraciyər, böyrək xəstəlikləri və digər metabolik xəstəliklərin göstəricisi ola bilər.

Səhər-axşam, hər gün müntəzəm şəkildə dişlərinizi fırçalamağınıza baxmayaraq, bəzən ağız qoxusundan qurtulmaq mümkün olmur. Mütəxəssislərin açıqlamalarına görə, bu problemin kökündə yalnız ağız gigiyenası dayanmadığından, səbəblər daha mürəkkəb ola bilər.

Diş məcunu və fırça ağız təmizliyində əsas rol oynasa da, təkcə bunlardan  istifadə qoxunu aradan qaldırmır. Ağız qoxusuna diş ətlərindəki xəstəliklər, dildəki bakteriyalar, badamcıqlar, həzm sistemi problemləri və hətta nəfəs yolu xəstəlikləri də səbəb ola bilər.

Dişləri yalnız fırçalamaq və diş ipindən istifadə etməmək diş aralarında qida qalıqlarının qalmasına səbəb olur. Bu qalıqlar zamanla çürüyərək dişlərin aşınmasına gətirib çıxarır. Bu çürümə nəticəsində ağızdan xoşagəlməz qoxular yayılır.  Mütəxəssislərin mövzu ilə bağlı tövsiyələri nələrdir?

Mövzu ilə bağlı uzman dr. stomatoloq Elvin Mikayıllı “İki sahil”ə açıqlamasında bildirdi ki, ağız qoxusunun həm ağızdaxili, həm də ağızxarici səbəbləri vardır.

“Ağız qoxusunun səbəbini müəyyənləşdirmək üçün ilkin növbədə həkimə müraciət etmək mütləqdir. Dişlərdəki qida qalıqları, diş daşları, dişin və diş ətinin iltihabı xəstəlikləri, ağız quruluğu kimi faktorlar ağızdaxili səbəblərdən yaranan ağız qoxusu probleminə yol açır.”

Elvin Mikayıllı ağız qoxusunun ağızxarici səbəblərini də açıqladı: “Mədə-bağırsaq, qaraciyər, böyrək xəstəlikləri və digər metabolik xəstəliklər ağız qoxusunun ağızxarici səbəblərindən ola bilər.

“Ağız qoxusunun qarşısını almaq üçün ilk addım diş ipi və diş fırçası vasitəsilə qida qalıqlarının təmizlənməsidir. Dilin üzərinin təmizlənməsi də ağız boşluğu təmizliyinin önəmli addımlarından biridir. Bütün bunlara əməl edildiyi halda ağız qoxuları artmaqda davam edərsə həkim müayinəsindən keçmək mütləqdir.

Həkim ağız boşluğunda olan iltihabi xəstəlikləri və digər narahatlıqları aradan qaldırmalı, ağız quruluğu və bunun kimi bir sıra problemlərin mənbəyini araşdırmalı və sizə ən uyğun müalicəni tətbiq etməlidir.”

Ağız quruluğu və susuzluq da qoxuya səbəb olur

Bəzi dərmanların qəbulu, ağızdan nəfəs alma vərdişi və ya antiseptik ağız yaxalayıcı məhlullar ağız quruluğuna yol aça bilər. Halbuki tüpürcək ağız boşluğunu təmizləyərək bakteriyaların çoxalmasının qarşısını alır. Kifayət qədər tüpürcək ifrazının olmaması isə həm bakteriya, həm də ağız qoxusuna səbəb olur. Bundan əlavə, kofeinli içkilər də tüpürcək ifrazını azaltdığı üçün ağız qoxusunu gücləndirə bilər.

Diş əti xəstəliklərinə diqqət!

Ağız qoxusu yalnız zəif ağız baxımı və ya qida seçimləri ilə bağlı deyil, eyni zamanda diş əti xəstəliklərinin də əlaməti ola bilər. İltihablı və ya infeksiyalı diş ətləri bakteriyalar üçün münbit şərait yaradır və xoşagəlməz qoxunun yayılmasına səbəb olur. Bu kimi halların qarşısını almaq üçün mütəxəssislər ilıq duzlu su ilə qarqara etməyi tövsiyə edir.

Şahnigar Əhmədova

Seçilən
12
ikisahil.az

1Mənbələr