AZ

“Saxta qəhrəmanların populyarlaşması gənclərin dəyərlərinə təhlükə yaradır” SOSİOLOQ ŞƏRH ETDİ

Sia Az saytına istinadən ain.az xəbər verir.

"Sosial şəbəkələrdə “saxta qəhrəmanların” populyarlaşması müasir gəncliyin dəyərlərinə və davranışlarına dərin təsir göstərir. Bu hadisə, xüsusilə gənclərin dünyagörüşünün formalaşdığı dövrdə onların həyat tərzini və gələcək baxışlarını dəyişdirə bilir". Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, sosial şəbəkələrdə çox vaxt real nailiyyətlərdən daha çox görüntüyə əsaslanan obrazlar önə çıxır: "Məşhurluq və diqqət qazanmaq üçün göstərilən şişirdilmiş həyat tərzi gənclərin uğur anlayışını təhrif edir. Əsl elm, incəsənət, idman və ictimai fəaliyyətlə məşğul olan insanlar arxa planda qalır, özünü təqdimat bacarığı güclü olan şəxslər isə “nümunə” kimi görünməyə başlayır.

Bu vəziyyət gənclərin dəyərlər sistemində də dəyişikliklər yaradır. Zəhmət, savad, peşəkarlıq və əxlaq kimi əsaslı keyfiyyətlərdən çox, sürətli məşhurluq, maddi imkanların nümayişi və sosial şəbəkələrdə tanınmaq arzusu ön plana keçir. Belə tendensiya həm psixoloji təzyiq yaradır, həm də gəncləri qısa yolla uğura çatmaq illüziyasına sürükləyir. Bundan başqa, saxta qəhrəmanların təsiri gənclərin sosial davranışında da özünü göstərir. Daha çox izləyici toplamaq üçün şəxsi həyatlarını nümayiş etdirmək, təhlükəli və zərərli “trendlərə” qoşulmaq, riskli davranışlar sərgiləmək geniş yayılır. Bu isə onların sosial və psixoloji təhlükəsizliyi üçün ciddi riskdir. Nəticədə, belə populist fiqurların önə çıxması cəmiyyətin real qəhrəmanlarının kölgədə qalmasına gətirib çıxarır. Əslində isə inkişafı təmin edən həkimlər, müəllimlər, elm adamları, idmançılar, hərbçilər və digər fədakar insanlar gənclərə örnək olmalıdır. Əgər bu balans bərpa olunmasa, gənclər yanlış nümunələr əsasında formalaşacaq və bu, gələcəkdə həm sosial, həm də milli inkişaf üçün problem yarada bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
1
sia.az

2Mənbələr