AZ

Cəmilə Abdulova: “İşarət dili hər kəs üçün öyrənilməli, sürücülükdə əlçatanlıq təmin edilməlidir”

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Səssiz anlaşma: Təhlükəsiz hərəkət” layihəsinin yekun ictimai müzakirəsi zamanı “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Cəmilə Abdulova layihənin əhəmiyyəti barədə danışıb.

QHT.az xəbər verir ki, onun sözlərinə görə, eşitmə məhdudiyyətli şəxslərin avtomobil idarə etməsi zamanı onların hüquqları və xüsusi işarələri mövcuddur. Bu işarələr vasitəsilə fərqlənən sürücülər imtahan verərək vəsiqə alsalar da, layihə yaddaşların təzələnməsi və yeniliklərin tətbiqi məqsədilə həyata keçirilib.

“Üç ay davam edən layihə dövründə polis əməkdaşlığı ilə geniş dəstək göstərildi. Dövlət Yol Polisi bu təşəbbüsü yüksək qiymətləndirdi və biz onların saytında yerləşən animasiya videolarını jest dilinə tərcümə edərək əlçatanlığı təmin etdik. Doqquz maarifləndirici video jest dilinə tərcümə olunaraq hazırlandı və Dövlət Yol Polisinə təqdim ediləcək. Bu materiallardan yeni sürücülük vəsiqəsi alanlar, sürücülük məktəblərində təhsil alanlar və asan xidmət mərkəzlərində faydalanacaqlar”, – deyə Cəmilə Abdulova bildirib.

O əlavə edib ki, yaxın vaxtlarda Dövlət Yol Polisi yeni sayt istifadəyə verəcək və bu materiallar ayrıca bölmədə yerləşdiriləcək. Bu, saytın əlçatanlığını daha da artıracaq.

Cəmilə Abdulova həmçinin ölkə başçısının aprel ayında imzaladığı qərarı da xatırladıb və vurğulayıb ki, eşitmə məhdudiyyətli şəxslər üçün işarət dilinin şifahi tərcümədə qəbul olunması mühüm addımdır. Onun sözlərinə görə, işarət dili də digər dillər kimi öyrənilməli və təbliğ olunmalıdır:

“Necə ki, ingilis və ya rus dili öyrənilir, eləcə də işarət dili bir dildir və təbliğ olunmalıdır. Hər kəs bu dildən müəyyən qədər öyrənməlidir”.

QHT sədri çıxışında həm də 23–27 sentyabrın İşarət Dili Həftəsi elan olunmasının layihənin yekununa təsadüf etməsini mühüm töhfə kimi qiymətləndirib və son illərdə dövlət qurumları ilə vətəndaş cəmiyyətinin əməkdaşlığının artdığını xüsusi vurğulayıb.

 

Pərvanə Fərhadqızı

Seçilən
33
qht.az

1Mənbələr