AZ

Saxta diaqnozun tarixdə rolu

Qaynarinfo saytına istinadən ain.az xəbər verir.

Dünyanın ən yaşlı prezidenti növbəti dəfə seçkilərə hazırlaşır. Pol Biyyanın 93 yaşı var və o, 43 ildir Kamerunu idarə edir (bu da rekorddur - Biyya hazırda ən uzun müddətli prezidentdir). 

Təsəvvür etmək belə çətindir - o, 1982-ci ilin noyabrında hakimiyyətə yiyələnəndə SSRİ və sosialist bloku mövcud idi, dünyada "Soyuq müharibə” davam edirdi, Afrikanın bir çox ölkəsində isə Sol partizanlar sosializm uğrunda mübarizə aparırdılar. O vaxtdan planetin siyasi mənzərəsi tanınmaz şəkildə dəyişib, Pol Biyya isə heç bir sui-qəsd, dövlət çevrilişi cəhdi və ya vətəndaş müharibəsi risqi ilə qarşılaşmadan Kamerunun sükanını əlində saxlayır.

Seçkilər oktyabrın 12-nə təyin olunub. Qoca prezidentin səkkizinci dəfə qalib gələcəyinə isə heç kəs şübhə etmir. Onun rəqibi rolunda çıxış edəcək 12 namizəd sadəcə alternativ seçki görüntüsünü imitasiya etmək üçün səhnədədirlər və özlərinin yox, Pol Biyyanın təbliğatını aparırlar. Prezident isə hələ iyulda seçkilərə qatılacağını elan edəndə demişdi: "Xalqın çoxsaylı xahişlərini nəzərə alaraq namizədliyimi irəli sürürəm”. Guya ki özündən olsa çoxdan istirahətə yollanardı, ancaq xalq buna icazə vermir. "Öz borcumdan imtina edə bilmərəm” - bu da Biyyanın sözləridir.

Nəzərə alsaq ki, Biyya prezident olmazdan əvvəl 7 il (1975-1982-ci illərdə) Kamerunun Baş naziri olub, deməli, o, 50 ildir hakimiyyətdədir. Yenidən seçildiyi təqdirdə isə 100 yaşına qədər dövlət başçısı olacaq (Kamerunda prrezidentlik müddəti 7 ildir).

Kamerun 1960-cı ildə müstəqillik əldə edib. Sonrakı 65 il ərzində ölkənin cəmi iki prezidenti olub. İlk prezident Əhməd Axidjo ölkənin şimalında yaşayan müsəlmanları təmsil edirdi və prezidentliyi 22 il davam edib. Bu müddətdə Axidjo 5 dəfə seçkilərdə qalib gəlib. Onun 1982-ci ildə hakimiyyəti katolik Pol Biyyaya təhvl verəcəyini də heç kim proqnozlaşdırmırdı. Hər şey çox qəfil oldu - Əhməd Axidjonun şəxsi həkimi fransız idi və o, prezidentə sağalmaz xəstəlik diaqnozu qoydu (ehtimal ki, söhbət xərçəngdən gedir). Nəticədə Axidjo səhhəti ilə bağlı istefa verdiyini elan etdi. Diaqnoz isə səhv idi. Daha doğrusu, həkim qəsdən ona yalan diaqnoz qoymuşdu. Bu isə baş verənlərin heç də təsadüf, yaxud bircəcik həkimin səhvinin nəticəsi olmadığını göstərir. Yəni, Əhməd Axidjonu devirmək istəyənlər silahlı çevriliş yox, tibbi diaqnoz taktikasına əl atmışdılar - Qan tökülmür, diktator könüllü gedir, məqsədə nail olunur. 

Düzdür, Axidjo istefa verərkən hakimiyyətin katoliklərə keçəcəyini planlaşdırmamışdı. Onun planına görə, Baş nazir Pol Biyya müvəqqəti prezident olur, onun yerinə gələn yeni Baş nazir müsəlman Buba Mayqari isə tezliklə Biyyanı əvəzləyərək hakimiyyətin Axidjo tərəfdarlarında qalmasını təmin edir. Ancaq plan baş tutmur və o vaxtdan Biyya prezidentdir.

Biyya hakimiyyəti heç kəslə bölüşməmək üçün tezliklə Axidjonu hərbi çevriliş cəhdində ittiham edir (heç bir çevriliş cəhdi olmamışdı). Artıq mühacirətdə yaşayan Axidjo qiyabi olaraq ölüm hökmünə məhkum edilir. Axidjo daha 7 il yaşayır və 1989-cu ilin noyabrında Seneqalda 65 yaşında ürək tutmasından ölür. Uşaq kimi aldanıb hakimiyyəti əldən verməsi onu çərlədir. Pol Biyya isə Kamerunun faktik diktatoruna çevrilir. Artıq Axidjo onun üçün rəqib deyildi, odur ki, 1991-ci ildə ona ölümündən sonra bəraət verir, daha sonra isə qalıqlarını Seneqaldan gətizdirib Kamerunda dəfn etdirir. Paytaxt Yaundedə stadiona da Əhməd Axidjonun adını verir.

Dünya sürətlə dəyişir, Afrikada hakimiyyətlər bir-birini əvəzləyir, Kamerunda isə sanki heç nə baş vermir. Mütəmadi seçkilər keçirən Biyya adətən 99 faizə yaxın rəqəmlə qalib elan olunur. Yalnız bir dəfə rəqəm fərqli olur - 1992-ci ildə Qərb Biyyadan demokratiya oyunu oynamağı tələb edir. Bu, SSRİ-nin süqutundan sonra Qərbin yeni "demokratik qaydalar” tətbiq etdiyi vaxtlar idi. Biyya da məcbur olub real altertiv seçkilərə gedir. Nəticədə o, səslərin 40 faizini, rəqibi Con Fru Ndi isə 37 faizini toplayır. Tezliklə "demokratik seçki” görüntüsünə olan ehtiyac bitir və növbəti seçkilərdə Biyya yenə 99 faizlə "rəqiblər”ini ötməyə başlayır. Yalnız 2018-ci ildəki seçkilərdə rəqəm korektəyə məruz qalır - Mərkəzi Seçki Komissiyası Biyyaya səslərin 71 faizini, müxalifətçi Moris Kamtoya isə 14 faizini yazır. Kamto tərəfdarlarını küçəyə çağırır. Sora Kamto həbs olunur, ancaq 9 ay sonra azad edilir - ehtimal ki, qoca diktatorla nisbətən cavan müxalifətçi ümumi dil tapa bilirlər. Bu ilki seçkilərə isə Moris Kamto buraxılmayıb - Seçki komissiyası onun namizədliyini qeydə almaqdan imtina edib.

Pol Biyya isə gözlənilmədən zərbəni doğma qızından alır. Onun İsveçrədə yaşayan qızı Brenda atasının növbəti dəfə prezident seçilmək istəyinə qarşı çıxaraq sosial şəbəkədə yeyrləşdirdiyi videomuraciətində deyir: "Pol Biyyaya səs verməyəcəm. O, doğma ailəsi də daxil olmaqla insanlara çoxlu əzab gətirib. Siz də ona səs verməyin”. Beynəlxalq mətbuat Brendanın videosunu tirajlayır, müxalifət isə onun seçki kampaniyası gedən bir vaxtdakı bu hərəkətini cəsarətli addım adlandırır. Beləliklə, eyni simanı prezident görməkdən hətta onun doğma qızı da bezib. Ancaq çətin ki, bu, nəyisə dəyişəcək.

Pol Biyyanın nümunəsi hakimiyyətin psixologiyasına və patologtyasına növbəti ştrixdir. Hakimiyyət hərisliyi sağalmaz xəstəlik kimi.

Və kim bilir, bəlkə 7 il sonra 100 yaşlı Pol Biyya yenidən prezidentliyə namizəd ola biləcək? Yəqin ki o özü buna inanır...

Məmməd Süleymanov

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
qaynarinfo.az

1Mənbələr