ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 24 sentyabr, AZƏRTAC
Qazaxıstanın Aktau şəhərində Təcili Tibbi Yardım Briqadalarının Beynəlxalq Çempionatı keçirilib.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ümumilikdə 23 komandanın qatıldığı Beynəlxalq Çempionatda Azərbaycanı TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin təcili tibbi yardım komandası təmsil edib.
Qazaxıstanın Səhiyyə Nazirliyinin dəstəyi ilə Təcili Tibbi Yardım üzrə Milli Koordinasiya Mərkəzi tərəfindən təşkil olunan çempionatda komandamız 3-cü yerə layiq görülüb.
Yarışın nəticələrinə əsasən, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin heyəti kubok qazanıb, fəxri fərmanla təltif olunub.
Çempionatın proqramı təcili tibbi yardımın göstərilməsi üzrə ustad dərsləri, klinik hallarla bağlı bilik səviyyəsinin yoxlanılması, düzgün diaqnoz təyin olunması, ilkin tibbi yardım və pasiyentin idarə olunması taktikası üzrə təlimləri əhatə edib.
Bundan əlavə, böyüklər və uşaqlar üçün əsas və genişləndirilmiş ürək-ağciyər reanimasiyası, travmalar zamanı xəstəxanayaqədər yardım, yenidoğulmuşların reanimasiyası və təcili mamalıq vəziyyətlərində ilkin tibbi yardım üzrə təlimlər də keçirilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.