Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Gədəbəyin Maarif kəndi ərazisində mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində yaralananların vəziyyətini açıqlayıb.
Birlikdən Moderator.az-a verilən məlumata görə, 24.09.2025-ci il tarixində saat 08:15 radələrində Gədəbəy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 16 nəfər (qadın cinsli) müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub.
“Bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları ilə 3 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasına və 13 nəfər isə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar. Zəruri tibbi yardım göstərilən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Müalicəsi tibb müəssisələrində davam etdirilən pasiyentlərdən 10 nəfərin vəziyyəti stabil, 3 nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir”, - deyə TƏBİB-dən bildirilib.
Qeyd edək ki, bu gün Gədəbəy rayonunun Maarif kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb. İlkin araşdırmalara əsasən, “VAZ-21063” markalı minik avtomobili ilə “Daimler Benz” markalı sərnişin avtobusunun toqquşması nəticəsində avtobus aşıb.Hadisə nəticəsində 16 nəfər yaralanıb. Məlumata görə, qəzaya düşən mikroavtobus müəllimləri Gəncədən Gədəbəyə işə aparırmış.