AZ

" Arpaçaydan  Xəzərə" kitabından yazdı Əbülfət Mədətoğlu

Xatirələrimi də təzələyən  yeni  kitab

Hər dəfə  onunla qarşılaşanda ilk öncə yadıma Şərur düşür. Xususilə Apar çayının sahili… Bilirsiniz niyə? Çünki mən Naxçıvanda olanda dəyərli şairimiz, böyük ziyalı, Naxçıvan Yazıçılar Birliyinin sədri , əziz dostum Asim Yadigar və unudulmaz şair dostum, dünyamızı vaxtsız tərk etmiş Əbülfəz Ülvi ilə birlikdə Şərura   onu ziyarətə getdik. Və mən Şərur mənzərələrini seyr edə- edə rayon mərkəzində bir ünvanda maşınımızın yana çəklib dayandığını hiss edib özümü mənzərələrdən ayırdım. Əbülfəz Ülvi maşını Şərur Təhsil İdarəsinin qarşısında saxlamışdı. Maraqla yol yoldaşlarıma baxdım. Asim dedi ki, qağa, İbrahim burda işləyir. Gedək, görüşək. Rəhbərlikdən icazə ala bilsək, Şərurun görməli yerlərini onunla birlikdə gəzərik.
 Təbii ki, qonaq ev sahibinə tabedir. Və mən də onların təklifini birmənalı qarşıladım. Birlikdə təhsil idarəsinin binasına daxil olduq. Elə pilləkanlarda İbrahim Yusifoğlu ilə qarşılaşdıq. Sarıldıq bir- birimizə. Xeyli vaxtdır ki, görüşmürdük. Sonra o bizi öz otağına dəvət etdi. Və Asim müəllimə dedi ki, siz bir dəqiqə gözləyin, mən müdirdən icazə alım, gedib bir çay içək. Söhbətləşək.
  Mövzunu belə uzatmaqda məqsədim var. Belə ki, İbrahim müəllim otaqdan çıxandan bir dəqiqə keçməmiş cavan bir oğlanla geri qayıtdı.Adını  unutmadığım Tuncay bəy    öncə Asim müəllimlə, sonra Əbülfəzlə və mənimlə görüşdü. Dedi ki, sizin  gəlişinizi eşidən kimi tələsdim əlinizi sıxamağa. Bizim üçün, kollektivimiz üçün şərəfdir ki, dəyərli şairlərimiz Bakıdan gələn qonaqla birlikdə idarəmizə gəlib.  
  Xeyli ayaqüstü söhbətdən sonra bildirdi ki,  mən iş vaxtı sizinlə gedib otura bilmirəm. Amma İbrahim müəllimə icazə verirəm. Gedin ürəyiniz istəyən yerdə çay için, mən işin sonunda özümü sizə çatdıraram.
  Bəli, mən ilk dəfə Arpa çayını onda gördüm. İbrahim Yusifoğlu bizi Arpaçay dəryuaçasına apardı. Göz yaşından dupduru olan çayın suyuna baxdqca bir anlıq ağlımdan Bakıda içdiyimiz sular gəlib keçdi. Elə bil təbiət də hiss etdi bunu. Elə dəryaçanın sahilində balıqlara tamaşa etdiyimiz anda hardansa bir topa qara bulud gəldi. Gələn kimi də gözünü üstümüzə sıxdı. Bir dəqiqəlik yağış yeri- göyü birləşdirdi. Ardınca göyqurşağı gəldi. Beləcə gəlişimi dəyərləndirdi Arpa çayı. Orada söhbət təbii ki, ən çox ədəbiyyatdan oldu. İbrahim Yusifoğlu sözarası dedi ki, bir kitab üzərində işləyirəm. Allah qismət etsə, adını “Arpaçaydan Xəzərə” qoyacam.
  Həmin tarixdn 7-8 il keçib. Bu aralıqda İbrahim müəlimin bir neçə kitabı işıq üzü görüb. Hətta 70 illik yubilyeini də qeyd etmişik. Amma mən özünə demədən hər görüşümüzdə onun “Arpaçaydan Xəzərə"  kitabını  gözləmişəm. Bu məndə bir yaddaş marağı idi. Çin olmasını görmək istyirdim.
   Bu günlərdə lap dəqiqini desəm, 15 gün əvvəl İbrahim Yusifoğlu mənə zəng etdi:
-İşdəsən?
Təbii ki, bəli dedim. O da gəlirəm deyib, gəldi. Əlində də “Arpaçaydan Xəzərə”.

İlk kitabı çıxan müəllif sevinci ilə dedi ki, mətbəədən 2 kitab götürdüm, birini sənə gətirdim. Sonra da səliqəli bir avtoqrafla “Etibarlı dostum… Əbülfət Mədətoğluna” yazıb, bağışladı mənə.
Əlimi ürəyimin üstünə qoyub tam səmimiyyətimlə demək istəyirəm ki, özüm daxil olmaqla ən yaxın, ən dəyərli həmkarlaımın yeni kitablarını dünyaya gələn yeni övlad kimi həmişə öpmüşəm. İbrahim Yusifoğlunun da kitabını öpüb "Mbarək olsun!",-dedim. Yanındaca vərəqlədim, o da kitabın niyə gecikməsinin səbəblərini dedi. Söylədiklərini qəbul etdim. Çünki bizim ədəbi mühitdə müəyyən xoşagəlməz yanaşmalar var. Hansısa bir qələm adamı özünün dostu olan məmura, iş adamına bir yazı həsr edirsə ona min yozum tapılır. Bax ,bu mənada ağsaqqal şair dostum kitabın çapını xeyli ləngidib. Nəhayət ki , 2025-c ilin sentyabrının  ilk ongünlüyündə “Arpaçaydan Xəzərə” dünyaya gəlib.

Kitabın redaktoru şair, alim Məmməd Tahir, naşiri isə şair Qəşəm İsabəylidir. Kitab 7 fəsildən ibarətdir. Bu fəsillərin hər biri bütövlükdə  bir məramı, bir ünvanı tərənnüm edir. O məram da, o ünvan da İNSANdır. Onun vətənidir, təbiətidir, onun şəhididir, onun elmidir, onun dünyagörüşüdür. Məhz bu silsilə boyunca Ibrahim Yusifoğlunun şeirləri oxucu qarşısına çıxıb. Şeirlərlə tanış olduqca bir söz bilicisinin ilıq, həm də səmimi ifadələri səni poeziya dünyasına çəkib aparır.
   Həmin mənzərə elə mənim Arpa çayının sahilində yaşadığım anın sanki şeirlə ifadəsidir.Müəllif yazır ki:
Göy diksinir, yer titrəyi
Ölüm saçan mənzərəyə.
Ölür uşaq, qadın, qoca…
Alan yoxdur heç nəzərə.
Od püskürür tanklar, toplar,
Raketlərdir hədəf vuran.
Göy üzündə “at oynadan”

Dronlardı-qorxunc hər an.
 
  Bu şeirin mənim diqqətimi çəkməsi  səbəbsiz  deyildi...İbrahim Yusifoğlu ilə həmin o Arpa çaynın sahilində qəfl qara buludun necə şaqqıldadığını, necə vahiməli bir gurultu qopduğunu hələ o vaxt müharibə səhnəsi ilə paralel olduğunu söyləməsini xatırlatdı mənə. Çünki  onda hələ müharibə gedirdi. Hələ bayraqlarımız Şuşada, Xankəndində dalğalanmırdı. Ermənilər Naxçıvanı da tez- tez atəşə tuturdular. Naxçıvan sakinləri də müharibənin nə olduğunu, fəsadlarının necə olduğunu yaxş bilirdilər…
Kitabdakı şeirlərin mənim üçün ən önəmli cəhətlərindən biri o idi ki, şeirlərim hamısında ovqat var idi. İ.Yusifoğlu öz yaşadıqlarını, öz duyduqlarıı şeirə çevirmişdi. Sanki şeirlər səninlə söhbət edir. Elə söhbət ki, misralar özü sənə özünü təqdim edir. Məsələn:


Günəş istəmişəm, bulud sağdırıb,
Ömrümə qarğıyıb, qarğış yadırıb.
Başımın üstündə şimşək çaxdırıb,
bu həyat mənimlə yola getmədi.
 
Yaxud da:

Bir də vurulaydı, axı nəyimə,
Dərdi şələlədi düz kürəyimə.
Vurdu vurduğunu düz ürəyimə,
 Bu həyat mənimlə yola getmədi.
   Əslində bütün insanlar- xüsusilə, söz adamları həyatdan narazıdır. Çünki onlar fərqli baxırlar hər şeyə. Adiliyin içində qeyri-adilik axtarırlar. Bax bu mənada İbrahim müəllimlə yola getməyən həyat bizlərlə də yola getmir. Heç getmək fikrində də deyil. Ona görə ki, 30 il Araz boyunca  qatar   getməyib. Bu nisgili hər kəs bildiyi kimi ifadə edib. Çəkdiyi kimi yaşayıb.Və  həmin  yaşamı da  İ.Yusifoğlu  yazıya çevirərək  belə  ifadə edib :


Qatarlar keçərdi Araz boyunca,
Şərurdan Bakıya yol eyləyərdik.
Lal axan sulara baxıb dyunca,
Həsrətdən yoğrulan şeir   söyləyərdik.

Qərbə   taleli çaydı bu Araz,
Suları gözündən içilməyibdi.
Yadlara paylanan paydı bu Araz,
Boynuna bütöv don biçilməyibdir.

Mən əvvəl də qeyd etdiyim kimi İ.Yusifoğlu bu kitabında ovqat duyğularını, ovqat yaşamını daha çox qabardıb. İstər ittihaf şeirlərində, istər sağlıq durumu ilə bağlı yazdığı xəstəxana şeirlərində...   Həmçinin  Naxçıvanı tərənnüm edəndə də o, birmənalı olaraq  yalnız özünün bütün hislərini sözə hopdurub. Qələm onun ovqatnı misralara- bəndlərə çeviribdir. Kitabdakı hər bir şeir haqda düşüncələrimi, mülahizələrimi gələcək yazılarıma saxlamaqla qəlbimə daha çox münis olan bir şeiri də burda oxucu qarşısına çıxarıram:
Söhbət “Uzat əllərini” şeirindən gedir.
Bu şeir 1994-cü ilin noyabr ayında yazılıb. Gəlin diqqət yetirək:


Bəlkə gözləmirdin, bəlkə nə bilim…
Bəlkə acıyırsan, gülürsən elə…
Görürsən tutulur söz deyən dilim-
Uzat əllərini çatacaq mənə.

Uzat əllərini barmaqlarınla,
Codlaşmış saçlarım daranmalıdı.
Bütün inamınla, bütün varınla
Səndə mənə inam yaranmalıdı.

Uzat əllərini, tutum əlindən,
Beləcə arada körpü yaransıın.
Baxım gözlərinə, bu vaxt dilindən
Ürəyim istəyən sözlər alınsın.

Bir hissəsini təqdim etdiyim bu şeirin çəkdiyi rəsmi yəqin ki, göz önünə gətirdiniz. Bu, böyük bir sevginin portertinin cizgiləridir. Bütövlükdə isə “Arpa çaydan Xəzərə” İbrahim Yusifoğlunun ömrünün cizgiləridir.
Sonda onu da vurğulayım ki, “Arpa çaydan Xəzərə” bir poemanın adıdır. Bu poema isə ünvanlıdır. Bir akademikin ömür yolunun cizgiləridir. Kitabı oxuyanlar özləri öz  baxış bucaqları ilə o cizgiləri seyr edəcəklər.
   … Bir daha təbrik edirəm, İbrahim müəllim! Şərurda, Arpa çayı sahilində, lap elə Arpaçay dəryaçasının o gözəl güşəsində görüşmək ümidi ilə.!

Seçilən
4
adalet.az

1Mənbələr