"Bolt" taksi şirkətində sifariş verərkən bəzən sürücünün uzaq məsafədə olduğu görünür. Kilometrlərlə uzaqda olan sürücüdən sifariş gəlir, halbuki xəritədə yaxın ərazidə başqa sürücülərin olduğu da görünür. Çarəsiz qalan sifariş verən şəxs və ya sürücü gedişi ləğv edir (əksər hallarda sürücü sərnişindən ləğv edilməsini tələb edir). Nəticədə eyni problem yaranır: biri gecikir, digəri isə yanlış sifariş səbəbindən narazılıq yaşayır.
Musavat.com olaraq bu problemlərlə bağlı "Bolt" şirkətinə sorğu göndərdik.
Şirkətdən bildirildi ki, sifarişlərin uzaq məsafədən qəbul olunması proqram xətası ilə bağlı deyil, birbaşa təklif və tələbdən asılıdır:
"Son qanunvericilik dəyişikliklərindən sonra fəaliyyət göstərən avtomobillərin sayı azalıb. Nəticədə xüsusilə pik saatlarda və ya tıxac zamanı ətrafda aktiv sürücülərin sayı az olur və bu da daha uzaqda yerləşən sürücünün sifarişə təyin olunmasına səbəb olur. Sadəcə olaraq, həmin anda yaxınlıqda mövcud sürücü olmur".
Qeyd olundu ki, tətbiqdə yeni funksiya mövcuddur:
"Gözləmə rejimində sistem daha yaxın sürücünü axtararaq təyin edə bilir. Bu isə gözləmə müddətini azaltmağa və sifarişin daha operativ icrasına imkan yaradır.
Bundan əlavə, tətbiqdə müxtəlif kateqoriyalar təqdim olunur. "Prioritet" kateqoriyasını seçdiyiniz halda ən yaxın avtomobilin təyin olunması mümkündür".
Mənzər Novruzlu
Musavat.com