AZ

Hindistan yenidən Su-57 döyüş təyyarələrini almaq istəyir

Hindistan yenidən Rusiya istehsalı olan Su-57 döyüş təyyarələrini almaq istəyir.

“Poliqon” ThePrint” nəşrinə istinadən xəbər verir ki, 2018-ci ildə Hindistan Su-57-nin zəif “stealth” və “super cruise” imkanlarına görə proqramdan imtina etmişdi, indi isə həmin təyyarəni almaq niyyətindədir.

Məlumata görə, Hindistan Rusiyadan ən azı iki eskadrilya Su-57 almağı və onları Hindistanda MiQ-lər və Su-30MKI kimi istehsal etməyi nəzərdən keçirir. Əgər Hindistanda istehsal yolu seçilərsə, iki eskadrilya hazır vəziyyətdə idxal ediləcək, daha 3-5 eskadrilya isə HAL-ın (“Hindustan Aeronautics Limited”) “Nashik” müəssisəsində istehsal olunacaq.

Müvafiq mənbədən nəşrə bildirilib ki, “Sukhoi” bürosu artıq HAL ilə işləmə təcrübəsinə malikdir və Su-57 bunu daha da asanlaşdıracaq.

Əlavə edilib ki, bu planlar ilkin mərhələdədir və Hindistan Hərbi Hava Qüvvələrinin davam etdirdiyi MRFA proqramından ayrıdır. MRFA çərçivəsində isə Fransanın “Dassault Aviation” şirkətinin istehsal etdiyi “Rafale” təyyarəsi tövsiyə olunub.

Mənbənin etirafına görə, Su-57 klassik mənada 5-ci nəsil qırıcı deyil, amma “Sindoor” əməliyyatından sonra Hindistanın missiya tələblərinə cavab verir.

“Dost ölkələrdən yalnız ABŞ və Rusiya 5-ci nəsil qırıcıya malikdir. ABŞ, daha yetkin və əsl “stealth” xüsusiyyətinə sahib F-35-i Hindistanda istehsal yolu ilə təklif etməyəcək. Ruslar isə bunu təklif edir”, – deyə mənbə tərəfindən qeyd olunub.

Hindistan 2018-ci ildə FGFA proqramından çıxanda, bu, həm strateji, həm də praktiki səbəblərlə bağlı idi. O dövrdə xərclərin artması əsas problem idi. Hindistan layihənin ilkin dizayn mərhələsinə təxminən 295 milyon ABŞ dolları sərmayə qoymuşdu. Layihənin davamı və 127 ədəd təyyarə üçün təxminən 35 milyard ABŞ dolları lazım idi və hər bir təyyarənin qiyməti 150-200 milyon dollara qədər artırdı.

Ən böyük narahatlıq isə performans idi. Su-57-nin AL-41F1 mühərrikləri əsl “super cruise” imkanına malik deyildi. Həmçinin uzun müddətdir vəd edilən “İzdeliye 30” mühərriki də hazır deyildi.

Onun “stealth” qabiliyyəti yalnız ön 60 dərəcəlik sektoru əhatə edirdi və bu, Su-30MKI kimi 4-cü nəsil platformalarla müqayisədə əhəmiyyətli üstünlük vermirdi.

Bundan başqa, texnologiya transferi məhdud idi. Rusiya kritik texnologiyaları paylaşmaq istəmirdi ki, bu da Hindistanın özünə uyğun 5-ci nəsil qırıcı hazırlamaq məqsədi ilə ziddiyyət təşkil edirdi. Digər bir problem Rusiyanın təyyarəyə məhdud öhdəliklə yanaşması idi.

2023-cü ilə qədər Rusiya təxminən 20 ədəd civarında Su-57-yə (prototiplər daxil olmaqla) sahib idi, ixracda isə ciddi uğur qazanılmamışdı. Rusiya-Ukrayna müharibəsində (2022-2025) bu təyyarənin məhdud istifadəsi onun etibarlılığı ilə bağlı şübhələr doğurdu.

Münaqişə Hindistanın əvvəlki qərarını daha da doğruladı, çünki Rusiya Hava-Kosmik Qüvvələri hava üstünlüyü əldə etməkdə çətinlik çəkdi və Su-57-nin əməliyyat məhdudiyyətləri ortaya çıxdı.

Hindistanın Su-57-yə qayıdışındakı ironiya isə 2025-ci ildə keçirilən “Sindoor” əməliyyatı fonunda baş verir. Bu əməliyyat Hindistan HHQ-nin uzunmənzilli zərbə imkanlarındakı boşluqları üzə çıxardı.

Hesab olunur ki, Pakistanın dərinliyinin olmaması səbəbilə onu uzunmənzilli konvensional sistemlərlə əhatə etmək mümkündür.

Amma bölgədə gərginliyin artması, xüsusən də Çinin J-31 “stealth” təyyarəsini Pakistana təklif etməsi fonunda, Hindistan Su-57-yə üz tutur (beşinci nəsil xüsusiyyətlərinə görə yox, dərhal əməliyyat ehtiyaclarını qarşılamaq üçün).

Su-57-nin xeyrinə işləyən əsas faktor isə onun daha ağır silahları və uzunmənzilli raketləri daşımaq imkanlarıdır. Ən dəyərli silah R-37M raketidir. Onun uçuş məsafəsi 300 km-dən çoxdur və bu, Hindistana görüş məsafəsindən kənar döyüşlərdə misilsiz imkanlar yaradır.

Qeyd edək ki, Hindistan HHQ hazırda həmin raketi Su-30MKI-də də inteqrasiya etməyi planlaşdırır. Bu gün Hindistanın Su-30MKI qırıcıları uzunmənzilli “BrahMos” raketi ilə “hava artilleriyası” rolunu oynayır.

Su-57-nin digər mühüm silahı isə “Kinjal” hipersəs sürətli ballistik raketidir ki, bu da Hindistana yüksək əhəmiyyətli hədəflərə sürətli və dəqiq zərbə vurmaq imkanı verir.

Beləliklə, Su-57 qırıcısı Hindistanın “Rafale” və Su-30MKI donanmasını tamamlayacaq və “stealth” qırıcılarla rəqabət aparmaq əvəzinə daha çox uzunmənzilli zərbə missiyalarına fokuslanacaq.

Mənbə vurğulayıb ki, Su-57-nin alınması yalnız “müvəqqəti həll” xarakteri daşıyır və uzunmüddətli çıxış yolu deyil.

“Hindistan öz hava üstünlüyünü təmin etmək üçün AMCA layihəsini sürətləndirməlidir. Yalnız investisiyanın artırılması və proseslərin sadələşdirilməsi ilə AMCA 2035-ci ildən əvvəl istifadəyə verilə bilər. Hindistan həm də 6-cı nəsil layihələrdə beynəlxalq əməkdaşlıqlara baxmalıdır. Qlobal tərəfdaşlarla əməkdaşlıq Hindistana texnoloji boşluqları keçməyə və müvəqqəti həllərdən asılılığı azaltmağa kömək edə bilər”, – deyə mənbə bildirib.

Seçilən
9
poliqon.az

1Mənbələr