AZ

Məşhur filmin qəhrəmanı: Rasim Balayevlə intim səhnəyə çəkilən AKTRİSA+FOTOLAR

ain.az bildirir, Modern.az portalına istinadən.

Elə filmlər var ki, izlədikdən sonra uzun müddət yaddaşlardan silinmir. Bu filmləri xatirələrdə yaşadan təbii ki, cəlbedici süjet xətti və aktyor oyunudur.

Modern.az saytı tamaşaçıların maraqla izlədiyi və yaddaşlarda iz salan filmlərlə bağlı rubrikanı davam etdirir.“Məşhur filmin unudulmaz qəhrəmanı” adlı rubrikamızda maraqlı filmlərdən yadda qalmış qəhrəmanların kim olduğu barədə qısa məlumat verir, onların keçmiş və indiki görüntüsünü şəkillərlə təqdim edirik.

1989‑cu ildə çəkilən “Lətifə” filmi ekranlara çıxanda təkcə Azərbaycanda deyil, bütün SSRİ-də böyük səs-küy yaratmışdı. O vaxtadək hələ Sovet kinosunda bu cür kəskin siyasi satira mesajları ilə zəngin film ekranlaşdırılmamşdı. "Lətifə" ekranlara çıxandan sonra SSRİ-nin bəzi bölgələrində nümayişi qadağan edildi. Ssenari müəllifi Rövşən Ağayev, quruluşçu rejissorları Nizami Musayev və Yefim Abramov olan filmdə təsvir olunan hadisələr real həyatdan götürülüb. Ekran əsərində üç süjet xətti var və onlar vahid bir məcrada birləşir. İlk süjetdə hadisələr partiya komitəsi katibinin kabinetində, ikincisində onun qəbul otağında, üçüncüsündə isə liftdə cərəyan edir.

XX əsrin 80‑ci illərinin sonunu göstərən film Sovet sistemi daxilindəki çatışmazlıqları, idarəçilikdəki boşluqları, məmurların fəaliyyətsizliyini, ədalətsizliyi nümayiş etdirir.

Filmin ideyası və quruluşu Azərbaycan kinosu üçün müəyyən qədər yenilik idi, çünki bu tərzdə siyasi satira, qrotesk yanaşma o vaxt nadir hadisə idi.

Filmdəki hadisələr Sovet dönəminin son illərinə, “yenidənqurma” dövrünə təsadüf edir. Bu dövrdə Sovet sistemində tənqidlər artmaqda idi və cəmiyyət hakimiyyətin şəffaflığı, səmərəliliyi, ədaləti haqqında daha çox düşünməyə başlamışdı. “Lətifə” bu tendensiya daxilində bir növ güzgü rolunu oynayır.

Filmdəki obrazlar, hadisələr yalnız konkret məmurların və ya idarəetmənin tənqidi deyil, daha çox sistemin ümumi vəziyyətini, insan münasibətlərini, bürokratiyanı göstərir.O vaxtadək Sovet dövründə belə açıq‑aydın tənqidi motivlər çox vaxt senzura tərəfindən məhdudlaşdırılırdı. “Lətifə” bu mənada müəyyən dərəcədə sərhədləri aşmışdı.Ekran əsərində baş rollarda Rasim Balayev, Yaşar Nuri, Ceyhun Mirzəyev, Muxtar Maniyev, Xuraman Hacıyeva, Əjdər Həmidov kimi məşhur azərbaycanlı aktyorlar çəkilib.“Lətifə”yə baxan tamaşaçılar yəqin ki, katibə Alya rolunu da yadda saxlayıblar. Bu rolun ifaçısı Moskvadan dəvət olunmuşdu. Söhbət rusiyalı aktrisa Yelena Kostinadan gedir.Bəs onu "Lətifə" filminə necə dəvət etmişdilər, Yelena Kostina indi haralardadır?Deyilənə görə, Yelena Kostinanın çəkildiyi katibə rolunu oynamaq əvvəlcə Xalq artisti Həmidə Ömərovaya təklif olunub. Ancaq ssenari ilə tanış olan azərbaycanlı aktrisa Alyanı oynamaqdan imtina edib. Bu da ondan irəli gəlirmiş ki, ssenariyə əsasən, katibə rolunun ifaçısı bəzi kadrlarda açıq-saçıqlıq nümayiş etdirməliymiş. Həmidə xanım da bunu qəbul etməyərək, filmə çəkilməyib.

Həmidə Ömərova kimi yerli aktrisaların bu roldan imtina etməsi filmdə gecikmə doğura bilərdi. Bu səbəbdən də rejissorlar üçün çəkilişlərdə tələb olunan açıq-saçıq kadrlara daha asan razılaşa biləcək bir aktrisa ilə işi davam etdirmək vacib idi. Onlar təcili olaraq rusiyalı aktrisalardan birinə müraciət etməyi qərara alıblar.80‑lərin sonlarında SSRİ məkanında belə məzmun (açıq‑saçıq və ya intim elementlər) hələ cəmiyyət və dövlət nəzarəti tərəfindən diqqətlə izlənilirdi. Rolu qəbul edən aktrisanın bu məhdudiyyətləri nəzərə almağa hazır olması vacib idi.Filmin yaradıcı heyətinin rəhbərliyi aktrisa Yelena Kostinanın üzərində dayanır. Onun katibə rolunda çəkilmək üçün razılaşacağına əmin idilər. Doğrudan da Yelena Kostina yaxşı qonorar müqabilində Alya roluna çəkilməyə razılıq verir və təyin olunan vaxtda Bakıya gəlir.Amma çəkilşə saatlar qalanda Yelena Kostinanın şıltaqlığı tutur və o bildirir ki, rola uyğun bəzi açıq-saçıq məqamlar onun üçün də problem yarada bilər. Söhbət katibə ilə katib Rəhimovun (Rasim Balayev) birgə çəkildiyi intim səhnədən gedir. Əvvəlcə həmin səhnəyə etiraz edən Yelena xanım sonra obrazın tələblərinə uyğun davranmağa razılaşır. Onu isə buna filmin rejissorlarından biri Yefim Abramov məcbur edir.Rejissorun özü həmin anları belə xatırlayır:“Alya rolunun ifaçısı moskvalı aktrisa Yelena Kostina bizə bir balaca çətinlik yaşatdı. Ssenariyə görə, o, epizodların birində soyunmalı idi. Amma Yelena deyirdi ki, kökəlmişəm, ona görə də paltarsız çəkilə bilmərəm. Yelena tərslik edirdi, bizim də hövsələmiz daralmışdı. Gördüm ki, aktisa yola gəlmir, onda filmin çəkiliş qrupunun üzvlərini çağırıb hamının eşidəcəyi səslə dedim ki, Alya rolu üçün başqa aktrisa tapmalıyıq, Kostinaya da təcili bilet alıb Moskvaya yola salmalı olacağıq. Bunu eşidəndən sonra Lena obrazın tələb etdiyi hərəkətlərin hamısını yerinə yetirməyə razılaşdı və Alya rolu üçün lazım olan kadrları çəkdik”.Yelena Kostina 1982-ci ildə ilk dəfə “Yuxularda və reallıqda uçuşlar” filmində çəkildikdən sonra həm gözəlliyi, həm də aktrisalıq oyunu ilə sovet tamaşaçılarını, xüsusilə də kişiləri ovsunlamışdı. Hətta məşhur musiqiçi, şair və aktyor Vladimir Vısotskinin oğlu Nikita da ona vurulmuşdu.

Y.Kostina 31 iyul 1964-cü ildə Moskvada mühəndis ailəsində anadan olub. Onun ailəsinin incəsənətə yaxınlığı vardı.Yelena uşaq yaşlarında musiqi məktəbində oxuyub. Onun ağlında kino və ya teatr aktrisası olmaqla bağlı fikir yox idi. Hələ məktəbli ikən gələcəkdə bioloq olmağl arzulayırdı. Sonralar ali məktəbə ​​qəbul imtahanlarına hazırlaşarkən o, Moskva Zooparkında heyvanlara qulluq etməyi də öyrənir.1986-cı ildə Yelena musiqi məktəbini bitirəndə "Kiçik Vera" filminin ulduzu Natalya Neqoda ilə mahnı yarışmasına qatılıb. Və "Sinfin birinci gözəli" adı uğrunda mübarizə apararaq qalib gəlib.Bir gün ona anasının rəfiqəsi, aktrisa Lyudmila İvanova zəng vurub deyir ki, rejissor Roman Balayan yeni filmdə rol almaq üçün gənc aktrisa axtarır. 100-dən çox namizədə baxılıb, lakin heç biri rola uyğun gəlməyib. Lyudmila İvanova rejissora Yelena Kostinaya da baxmağı təklif edir. Beləcə, 17 yaşlı onuncu sinif şagirdi bəyənilir. Tezliklə baş rolun ifaçısı Oleq Yankovskinin də razılığı ilə Yelena "Yuxularda və reallıqda uçuşlar" filminə çəkilir.Çəkilişlər düz bir il davam edir. Bir səhnə Kostinanın obrazının çılpaq heykəlinin yaradılmasını tələb edirdi. Gənc aktrisa soyunmaqdan qəti şəkildə imtina etdiyi üçün dar koftada poza verməli olur.

1983-cü ildə ekranlara çıxan film Kostinanın ən uğurlu rolu oldu. Filmin nümayişindən sonra Yelena ulduza çevrildi və aktrisalıq karyerasını davam etdirməyə qərar verdi.Bu məqsədlə o, Moskva İncəsənət Teatr Məktəbində Oleq Yefremovun kursuna daxil oldu və 1986-cı ildə oranı bitirdi.Sonralar Yelenanı bir çox filmlərdə müxtəlif rollara çəkdilər. Azərbaycanda ekranlaşdırılan “Lətifə” filmindəki Alya rolu da onlardan biri idi.Elena Kostinanın şəxsi həyatı da dramla dolu olub. Gənc aktrisa 1982-ci ildə “Yuxularda və reallıqda uçuşlar” filminin çəkilişləri zamanı Oleq Yankovski ilə isti münasibətə başlayıb. Onda Yelena 18 yaşında, Yankovski isə 40 yaşının əvvəllərində, şöhrətinin zirvəsində idi. Aktrisa onunla ərköyünlük edən və ona xüsusi qayğı ilə yanaşan həmkarına aşiq olduğunu etiraf edib.

Kostina həmin dövrü belə xatırlayır:"Bütün yaradıcı heyət arxamca sakitcə gülürdü: "Görəsən, bunun sonu necə olacaq? Qız özü Yankovskiyə müqavimət göstərə biləcəkmi?" Oleq Yankovskinin cazibəsinə qarşı durmaq mümkün deyildi".Lakin onların münasibəti uzun müddət davam etməyib və ayrılıblar. Amma 10  ildən sonra yenidən bir araya gələn cütlüyün hissləri bir daha alovlanıb."Gənclik sevgim birdən-birə yenidən alovlandı" - Yelena deyib. Amma bu dəfə də onların gizli romantikası tez başa çatıb.Aktrisa iki dəfə rəsmi nikahda olub. Onun birinci əri, hüquq məsləhətçisi Andrey 1990-cı illərdə vəfat edib. Yelenanın sözlərinə görə, işgüzar görüşlərin birində Andrey rəqibinin gətirdiyi qumbaranı əlinə götürüb və baş verən partlayış onun həyatına son qoyub.

Ərinin ölümü ilə gənc yaşda dul qalan Kostina ikinci dəfə 2000-ci illərin əvvələrində bir avtomobil ustası ilə tanış olaraq, nikaha girib. 2008-ci ildə onların Pavel adlı oğlu dünyaya gəlib. Lakin bu evlilik də uzun sürməyib. 12 illik birgə həyatdan sonra Yelena Kostina ərindən boşanıb.61 yaşlı Yelena Kostina hazırda Moskva şəhərində yaşayır. 2022-ci ildən sonra o, filmlərdə də çəkilmir. Yelena Georgiyevna hazırda Moskvadakı "Eksprompt" Uşaq Musiqili Teatrında işləyir, burada tamaşalarda çıxış edir, həmçinin uşaq və yeniyetmələrə aktyorluq sənətini öyrədir.

Ə.Qafarlı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
9
1
modern.az

2Mənbələr