AZ

Ağdamdan yayılan görüntülər narahatlıq yaratdı VİDEO

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Son günlər işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti işləri ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər və irəli sürülən iddialar cəmiyyətdə narahatlıq doğurur. Bir neçə gün öncə Ağdam rayonunun Xıdırlı kəndindən yayımlanan videolarda dağılmış hasarlar, çökmüş asfalt örtükləri, su basmış həyətlər və evlərə su damması əks olunurdu. Ardınca rayonun Sarıcalı kəndindən də oxşar xarakterli şikayətlər ictimailəşdi.

Bu hallar sözügedən evləri inşa edən podratçı şirkətlərlə bağlı nəzarət mexanizmlərinin yetərli olub-olmaması sualını aktuallaşdırır. Bəs, baş verən inşaat problemləri fonunda aidiyyəti şirkətlərlə bağlı rəsmi araşdırma başlatmaq zərurəti varmı?

Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı belə videoların, kollektiv müraciətlərin daha əvvəl də olduğunu bildirib.

Onun fikrincə, xüsusilə son illərdə işğaldan azad olunmuş ərazilərdə salınan yeni yaşayış massivləri ilə bağlı müxtəlif rayonlardan videolar paylaşılır:

“Lakin bu kimi məsələlərə qiymət verərkən diqqətli olmaq lazımdır. Əlimizdə konkret faktlar olmalıdır. Düzdür, video əslində faktdır, amma hazırda həmin ərazidə deyilik, sözügedən evi görmürük. Videoda, məsələn, bir nəfər evin içərisinə bir vedrə qoyub və ora damcı su axır.

Ramil Osmanlı

Ancaq biz bilmirik ki, bu su həqiqətən tavandan axır, yoxsa başqa məsələdir. Faktlara əsaslanmadan hər hansı yekun fikir bildirmək düzgün yanaşma sayılmamalıdır”.

Araşdırma məsələsinə gəlincə, Ramil Osmanlı tikinti prosesinin nəzarətsiz həyata keçirildiyi məsələsinin inandırıcı olmadığını qeyd edib:

“Əgər hansısa çatışmazlıq varsa, bu cür müraciət hallar artarsa, təbii ki, hökumət tərəfindən müvafiq komissiya yaradılacaq və məsələ araşdırılacaq. Eyni zamanda, ola bilər ki, podrat müqaviləsi əsasında orada iş görən bəzi şirkətlər müəyyən texniki qüsurlara yol veriblər. Bu qüsurlar kütləvi xarakter daşımırsa və aradan qaldırılması mümkündürsə, düşünürəm ki, məsələnin bu qədər geniş və emosional müzakirəsi də hazırda məqsədəuyğun deyil. Lakin doğrudan da belə hallar varsa və bunlar sübuta yetirilərsə, bu məsuliyyətsizliyi ciddi şəkildə qınayıram və hesab edirəm ki, faktlar araşdırılmalı, məsələyə hüquqi qiymət verilməlidir”.

View this post on Instagram

A post shared by XəbərSiz (@xebersiz.az)

Zaira Akifqızı

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
1
globalinfo.az

2Mənbələr