AZ

Etiraz dalğası böyüyür: Yaxın Şərqdə tarixi dönüş

Yaxın Şərqdə baş verən geosiyasi proseslər artıq təkcə regional maraqlarla məhdudlaşmır, qlobal güc balansını da dəyişməyə başlayır. ABŞ və İsrailin bölgəni tam nəzarət altına almaq planı əvvəlki illərdə daha rahat irəliləsə də, indi həm beynəlxalq aləmdə, həm də daxili siyasi mühitdə ciddi müqavimətlə qarşılaşır. Ənənəvi olaraq İsraili dəstəkləyən Avropa Birliyi ölkələrinin mövqelərində yaranan dəyişikliklər, Fələstinin müstəqil dövlət kimi tanınması prosesinin sürətlənməsi və İsrailin amansız hərbi əməliyyatlarının dünya miqyasında kəskin etirazla qarşılanması göstərir ki, “Yaxın Şərqin yenidən dizaynı” planı əvvəlki ssenari üzrə davam edə bilmir.

Siyasi analitik Elçin Xalidbəyli Editor.az-a açıqlamasında bildirib ki, Yaxın Şərqin yenidən dizayn olunması prosesi demək olar ki, pozulmaq üzrədir:

 

“ABŞ və İsrailin regionu tam nəzarət altına almaq niyyətləri artıq ciddi müqavimətlə üzləşir. Prosesin başlanğıcında ABŞ-la yanaşı İsraili dəstəkləyən Avropa Birliyi dövlətləri də mövqelərini dəyişməkdədirlər. Son vaxtlar Fələstinə dəstək prosesinin ön plana keçməsi bunu aydın göstərir. Xüsusilə Böyük Britaniya, Fransa və Almaniya bu məsələdə avanqard rol oynayır.

Fələstinin dövlət müstəqilliyinin tanınması istiqamətində addımlar intensivləşib. BMT Baş Assambleyasında artıq 10 dövlət Fələstini rəsmən tanıyıb. İspaniya İsraillə hərbi ticarət sazişlərini ləğv edib, Avropa Birliyi isə İsrailə qarşı sanksiyaların tətbiq olunacağı barədə siqnallar verir. Bu da sübut edir ki, Yaxın Şərqin yenidən dizaynı prosesinin istiqaməti İsrailin əleyhinə çevrilir.

Burada əsas məqam ABŞ-ın mövqeyidir. Vaşinqton hələlik İsrailin yanında dayanır, ancaq ABŞ daxilində də narazılıqlar artır. Konqresdə İsrailin tənqid olunması ilə bağlı bəyanatlar səslənir. Bu isə o deməkdir ki, ABŞ cəmiyyətində və siyasi elitasında İsrailə dəstək getdikcə zəifləyir. Buna görə də İsrailin davranışlarına etiraz dalğası indi daha aktual xarakter daşıyır.”

Politoloqun sözlərinə görə, Fransa və Almaniya bir müddət öncə daha sərt mövqe nümayiş etdirsələr də, ABŞ təzyiqləri səbəbindən müəyyən geri addım atmalı oldular:

“Lakin buna baxmayaraq, Avropada İsraillə bağlı mövqelər artıq dəyişib və bu, yaxın gələcəkdə İsrailə qarşı təzyiqlərin daha da güclənməsinə səbəb ola bilər. Böyük ehtimalla Yaxın Şərqin yenidən dizayn olunması prosesi iflasa uğrayacaq və qlobal miqyasda ‘iki dövlət’ prinsipi əsasında Fələstin məsələsinin həlli reallığa çevriləcək. Fələstinin müstəqil dövlət kimi tanınması şansı getdikcə artır.

İsrailin buna reaksiyası isə hələ ki, dəyişməyib – ölkə amansız və qəddar hərbi əməliyyatları davam etdirməkdə qərarlıdır. Bu isə qlobal miqyasda İsrailə qarşı etiraz dalğasının daha da genişlənməsinə səbəb ola bilər”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
25
editor.az

1Mənbələr