AZ

Bakıda yeni tikililərdə təhlükə: Yanğınlar niyə təkrarlanır? – AQC sədrindən aidiyyəti qurumlara çağırış

Bu həftə Bakıda çoxmərtəbəli yaşayış binasında artıq ikinci dəfə yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyi yanğına müdaxilə edərkən texniki maneələrlə üzləşir ki, bu da yeni tikililərdə sakinlərin həyatı üçün ciddi təhlükə yaradır. Çoxmərtəbəli binalarda yanğınların söndürülməsi niyə bu qədər çətindir? Tez-tez təkrarlanan yanğınların səbəbləri nədir – keyfiyyətsiz quraşdırma, köhnəlmiş infrastruktur, yoxsa nəzarətsizlik? Ümumiyyətlə, binalar tikilərkən aralıq məsafəsi nə qədər olmalıdır?
Moderator.az-a danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı-ekspert Vüqar Oruc bildirib ki, tikinti şirkətləri təqdim etdikləri layihələrə uyğun işləmirlər. Layihədə göstərilən bir çox müddəalar arxa plana atılır. Onun sözlərinə görə, tikinti şirkətləri daha çox qazanc əldə etmək məqsədilə əlavə tikililər inşa edir və binanın həyətində əlavə sahələr yaradırlar:
 
“Binaların tikintisi zamanı fövqəladə hallar zamanı hansı tədbirlərin görüləcəyi əvvəlcədən nəzərə alınmır. Yanğınsöndürən maşınların hərəkəti, su ilə təchiz olunması üçün lazım olan şərait yaradılmır. Hər bir binanın həyətində yanğın zamanı istifadə ediləcək su mənbələri və yanğınsöndürmə vasitələri olmalıdır. Təəssüf ki, bu bütün binalarda nəzərə alınmır və bu, ciddi problemlər yaradır”.
 
Vüqar Oruc bildirib ki, tikililər arasındakı məsafənin normativlərə uyğun olmaması ciddi problemlər yaradır:
 
“Tikinti və Şəhərsalma Məcəlləsinə görə, yaşayış binaları arasında məsafə 30 metr olmalıdır. Yaşayış binaları ilə qeyri-yaşayış obyektləri (poliklinikalar, klinikalar, ictimai iaşə obyektləri) arasında məsafə isə 50 metr nəzərdə tutulur. Təəssüf ki, bir çox hallarda yaşayış binalarının mərtəbələrində klinikalar və digər qeyri-yaşayış sahələri yerləşdirilir ki, bu da yanğın riskini artırır. Bu məsələlərə mütləq nəzarət edilməli, müntəzəm monitorinqlər aparılmalıdır.
Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi bu məsələlərə səlahiyyətləri çərçivəsində diqqət yetirməlidir. Çünki tikinti yalnız inşaat zamanı təhlükəsizlik qaydalarına əməl olunması və materialların keyfiyyət standartlarına uyğun seçilməsi ilə bitmir. Tikinti başa çatdıqdan sonra da binaların, xüsusilə qeyri-yaşayış sahələrinin necə istifadə olunmasına nəzarət vacibdir.
Bəzən sakinlərin istirahəti və asayişi pozulur, həyətdə avtomobillərin hərəkəti məhdudlaşır. Bu isə narazılıq yaradır və mütləq nəzarət altına alınmalıdır. Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi son baş verən hadisələri nəzərə alaraq ciddi tədbirlər görməlidirlər.
İlk növbədə tez alışan inşaat materiallarından istifadəyə qadağa qoyulmalı, binalar arası məsafə normativlər əsasında monitorinq edilməlidir. Hər bir binanın həyətində təhlükəsizlik qaydalarına uyğun şərait, fövqəladə vəziyyətlər üçün meydança və su mənbələri olmalıdır. Yalnız bu tələblər ödənildikdən sonra binalara təhvil-təslim aktı imzalanmalıdır.
Çox vaxt sahibkar düşünür ki, bina satıldıqdan və yaşayış başladıqdan sonra məsuliyyət bitir. Amma əslində belə olmamalıdır. Təəssüf ki, bir çox hallarda binanı tikən şirkətlər sonradan da həmin binaları idarə etməyə davam edirlər. Onlar sadəcə hüquqi formalarını dəyişərək MMC-lərə çevrilir və idarəedici şirkət kimi fəaliyyət göstərirlər. Halbuki, tikinti şirkətləri ilə idarəedici qurumların ayrı olması daha çox məsuliyyət yaradar, onların fəaliyyətinə nəzarət və yoxlama imkanlarını genişləndirər”.
 
Qiymətləndiricilər Cəmiyyətinin sədri vurğulayıb ki, Azərbaycanda, xüsusilə də Bakıda binaları həm tikən, həm idarə edən, həm də satışını həyata keçirən qurumların eyni olması daxili nəzarət mexanizmlərini zəiflədir və keyfiyyətə ciddi təsir göstərir:
 
“Belə şəraitdə daxili nəzarət qaydaları təmin olunmur. Bu işi Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturları və Fövqəladə Hallar Nazirliyi üzərinə götürməlidir ki, faciəli hadisələrin qarşısı alınsın. Tanıdığım elə binalar var ki, onların həyətində yanğınsöndürən maşınların hərəkəti tamamilə mümkünsüzdür. Çox böyük narahatlıqla düşünürəm ki, orada hər hansı bir təhlükə yaransa, sakinlər necə davranacaqlar? Bu riskin qarşısını almaq üçün tədbirlər görülməlidir. Ən vacib addımlardan biri – layihədə nəzərdə tutulmayan əlavə tikililərin sökülməsidir. Mən ölkənin müvafiq qurumlarını monitorinqlərə dəvət edirəm. Çünki bu, yalnız yanğın təhlükəsi ilə bağlı məsələ deyil. Gələcəkdə hər hansı fövqəladə hadisə, o cümlədən zəlzələ baş verə bilər. Hazırda belə fəlakətlərin baş vermə ehtimalının artdığı barədə proqnozlar var. O halda vəziyyət necə olacaq? Bu suallar hər birimizi ciddi şəkildə düşündürməlidir”.
 
Mehin Mehmanqızı
 
Seçilən
43
1
moderator.az

2Mənbələr