Sentyabrın 24-də Qafqaz Müsəlmanları İdarəsi (QMİ) və Azərbaycandakı dini konfessiyaların birgə təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Dövlət Himninin səsləndirilməsi və Quran tilavəti ilə başlayıb.
Çıxış edən QMİ sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Azərbaycan xalqı 30 illik işğala Vətən müharibəsi ilə son qoyaraq tarixi ədaləti bərpa edib: “27 Sentyabr - Anım Günü milli dirçəlişimizin, dövlətçilik qüdrətimizin və Vətənə sevgimizin zirvəsidir. Azərbaycan xalqı həmin gün öz tarixinin ən böyük imtahanına daxil oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazi bütövlüyümüzü təmin etdi”.
Şeyxülislam çıxışında Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsini ehtiramla yad edib, qazilərə şəfa diləyib. O vurğulayıb ki, müharibə günlərində din xadimləri əsgərlərin, onların ailələrinin yanında olub, müxtəlif dinlərin nümayəndələri birlikdə şəhidlərin dəfn mərasimlərində iştirak ediblər.
Allahşükür Paşazadə qeyd edib ki, dövlətimizin başçısı İlham Əliyevin müdrik siyasi kursu nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib, ölkəmiz qlobal miqyasda nüfuzunu daha da artırıb. “Vaşinqton Zirvəsində imzalanmış saziş Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olmasına zəmin yaradıb. 907-ci düzəlişin ABŞ Prezidenti Donald Tramp tərəfindən ləğv olunması isə Azərbaycan dövlətinə göstərilən yüksək etimadın bariz nümunəsidir”, - deyə QMİ sədri vurğulayıb.
Çıxışında Azərbaycanın multikultural ənənələrinin və dini irsin qorunmasına toxunan şeyxülislam bildirib ki, Şuşada yeni məscidin inşası, məbədlərin bərpası, həmçinin müxtəlif dinlərə aid ibadətgahların qorunması ölkəmizin tolerantlıq nümunəsi kimi dünya miqyasında yüksək dəyərləndirilir.
Tədbirdə, həmçinin Azərbaycandakı dini konfessiyaların birgə Bəyanatı qəbul olunub. Bəyanatda Prezident İlham Əliyevin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi, Qarabağ Zəfərinin 5-ci ildönümü ərəfəsində xalqımıza yaşatdığı qürur və sevinc xüsusi qeyd olunub. Bildirilib ki, Vaşinqton Zirvəsi bölgədə sülhün, sabitliyin və mehriban qonşuluq münasibətlərinin bərpası üçün dönüş nöqtəsi olub.
Sənəddə Azərbaycanın dövlət başçısının qlobal siyasi-diplomatik müstəvidə tarixi ədalətin bərpasına nail olduğu vurğulanaraq, Prezident İlham Əliyevin müdrik liderliyi və sülh diplomatiyası yüksək qiymətləndirilib.
Tədbir çərçivəsində “Qiblə Əhlinə Çağırış” adlı nəşr də iştirakçılara təqdim olunub.