AZ

“Bunun üçün evini satanlar var” - Xalq artistindən səs-küylü açıqlama

Müğənnilərin toy asılılığı Azərbaycan şou-biznesində illərdir müzakirə mövzusudur. Əksər ifaçılar səhnədən çox toy məclislərinə üstünlük verir. Bu isə həm sənətin inkişafına, həm də tamaşaçıların musiqi zövqünə mənfi təsir göstərir. Ekspertlər bildirirlər ki, əsas səbəb konsert və albomların gəlir gətirməməsidir.

Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Xalq artisti Bilal Əliyev qeyd edib ki, Azərbaycanda hələ də bəzi məsələlər öz yerini tapmayıb:

“Qonşu ölkələrlə müqayisədə bizdə verilişə və ya buraxılan albomlara görə sənətçiyə qonorar verilmir. Çox istəyərdim ki, bizdə də belə olsun. Belə olsa, ifaçı da səhnəyə çıxmağı toylara getməkdən üstün tutar. Yeni ifalar və albomlar üzərində işləyərlər. Hazırkı vəziyyət insanların bütün maraqlarını öldürür”. Sezar pizza

Xalq artisti bildirib ki, hazırda bütün müğənnilərin əsas qazanc yeri toy məclisləridir:

“Ondan əlavə, sənətçilərin demək olar ki, gəlir yerləri yoxdur. Konsertlərin bilet qiymətləri münasib deyil. Orada əldə edilən gəlir demək olar ki, ifaçının xərclərinin yarısını belə qarşılamır. Konsert verən sənətçi yer haqqından tutmuş musiqiçilərin gəlirlərinə qədər hesablamaları aparmalıdır. Ümumi baxanda, biletin pulu bunların heç birinə çatmır. Ona görə də bütün bu halları nəzərə alan sənətçi toyları konsertlərdən üstün tutur. Buna görə də səhnədə olan insanı heç bir halda qınamaq olmaz. Hər kəs çörəyinin dalınca qaçır”.

Bilal Əliyevin sözlərinə görə, konsert verən müğənnilər çox vaxt ciddi maliyyə çətinlikləri ilə üzləşirlər:

“Konsert verən müğənni də ümumi olaraq baxanda görür ki, ölkədə orta maaş səviyyəsi 700-800 manatdır. Bütün bu hallar nəzərə alındıqda bileti baha qiymətə satmaq olmur. Elə bir məbləğ təyin olunur ki, sənətçi də bu konsertdən ziyanla çıxır. Elə ifaçı da var ki, özünü sənətinə qurban verir. Konsert üçün evini, maşınını satır, amma bunu qətiyyən qəbul etmirəm. Səhnə üçün varını əldən vermək düzgün addım deyil. Mən özüm heç vaxt evimi satıb, konsert vermərəm. İnsan birinci evinin içini düşünməlidir. Qalan hər şey ikinci planda qalmalıdır”.

Xalq artisti əlavə edib ki, toy ifaçılarının da əsas məqsədi pul qazanmaqdır:

“Toya gedən ifaçının da başlıca məqsədi pul qazanmaqdır. Təbii ki, Azərbaycanda toya getmədən də səhnədə öz sözünü deyən ifaçılar var. Bunlara misal olaraq, Zeynəb Xanlarova və Rəşid Behbudovun adını çəkə bilərəm. Yenə də maddiyatın konsert və albom üçün əsas faktor olduğunu bildirmək istəyirəm”.

Aydan Hacı 


Telegram kanalımız
Seçilən
0
yenisabah.az

1Mənbələr