NOCOMMENT.az xəbər verir ki, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən “Unikal”ın sorğusuna cavab olaraq bildirilib ki, vətəndaş Qurbanova Zərxanım İlqar qızına “General Hospital” (SEYMUR-M MMC) tərəfindən sağlamlıq haqqında “Tibbi arayış”ın verilməsi ilə bağlı iddialar nəzərə alınaraq, 15-16 sentyabr 2025-ci il tarixlərində sözügedən özəl tibb müəssisəsində plandankənar (növbədənkənar) yoxlama aparılıb.
Yoxlama nəticəsində aşağıdakı ciddi nöqsanlar aşkar edilib:
– Sağlamlıq haqqında verilmiş “Tibbi arayış”da (F086) möhürdə adı olan həkimlər müəssisənin rəsmi işçi siyahısında olmayıb, mütləq vacib ilkin tibbi müayinələr aparılmayıb;
– İlkin və dövri tibbi müayinələr üzrə həkim komissiyaları yaradılmayıb;
– “Tibbi arayış” qeyri-səlahiyyətli şəxslər tərəfindən imzalanıb;
– Məsul şəxslərdən bəzilərinin sertifikasiyası yoxdur;
– “Tibbi arayışların qeydiyyat kitabı” (F034) aparılmır.
Bununla yanaşı müəssisədə digər ciddi çatışmazlıqlar da müəyyən olunub:
– Bir sıra sahələrdə sanitar-epidemioloji tələblərə riayət edilmir, lisenziyadan kənar fəaliyyət (rentgenoloji, cərrahi stomatoloji) aparılır;
– Sterilizasiya prosesləri tələblərə uyğun deyil, istifadə edilən tibbi avadanlıqlar yararsız vəziyyətdədir;
– Laboratoriya müayinələri müvafiq ixtisaslı mütəxəssis olmadan həyata keçirilir;
– Avadanlıqların uyğunluğunu təsdiq edən sənədlərin müddəti bitmişdir;
– Ionlaşdırıcı şüa mənbələri üzrə FHN-nin icazəsi və pasport sənədləri mövcud deyil;
Rəsmi işçi siyahısında olmayan şəxslərin praktik tibbi fəaliyyətlə məşğul olduqları aşkar edilib.
Aşkar edilən faktlarla bağlı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri üzrə inzibati protokol tərtib olunaraq məsələ icraata yönləndirilib.
Əlavə olaraq qeyd edirik ki, bu müəssisədə aparılan əvvəlki yoxlamalar zamanı da oxşar nöqsanlar müəyyən olunub, lakin onların aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülməyib. Mövcud vəziyyət nəzərə alınaraq “General Hospital”ın fəaliyyəti ilə bağlı qanunvericiliyə uyğun daha ciddi tədbirlərin görülməsi üçün məsələ aidiyyəti üzrə göndərilib.