AZ

Qəzaların əsas səbəbi qaydaların bilinməməsidir MÜNASİBƏT BİLDİRİLDİ

ain.az, Sia Az saytına istinadən bildirir.

"Skuterlərlə və ya qanunla müəyyən edilmiş kiçik elektrikli nəqliyyat vasitələri ilə baş verən qəzaların əsas səbəbi bu vasitələri idarə edən gənc vətəndaşlarımızın yol hərəkəti qaydalarını kifayət qədər bilməməsidir. Onlar, həmçinin, bu nəqliyyat vasitələrinin düzgün istifadəsi ilə bağlı qaydaları da yetərincə dərk etmirlər". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, bəzi avtomobil sürücüləri də yollarda belə nəqliyyat vasitələrini sıxışdırmağa çalışırlar ki, bu da doğru deyil: "Əgər həmin vasitələr avtomobil yolunun sağ zolağından hərəkət edirsə, sürücülər onlara keçid üçün şərait yaratmalıdırlar. Əslində, bu nəqliyyat vasitələri əsasən təşkil olunmuş velosiped yolları ilə hərəkət edir. Lakin bəzi hallarda avtomobil yollarına çıxmalı olurlar və bu zaman bilməlidirlər ki, yalnız sağ zolaqla hərəkət etmək mümkündür.

Əvvəllər elektrikli skuterlər heç də populyar deyildi. Lakin indi yavaş-yavaş xüsusi zolaqlar yaradılır və insanlar, xüsusilə də gənclər bu vasitələrə maraq göstərməyə başlayırlar. Təəssüf ki, biz bu dəyişikliklərin sürətini tam izləyə bilmirik. Məhz buna görə də son dövrlərdə qəzaların sayı artaraq pik həddə çatıb. Bununla belə, düşünürəm ki, müəyyən müddətdən sonra qəza halları azalacaq, çünki yol hərəkətinin iştirakçıları skuter və digər elektrikli nəqliyyat vasitələrinə qarşı daha ehtiyatlı davranmağı öyrənəcəklər.

Skuter istifadəçiləri elementar qaydalara riayət etməlidirlər. Onlar avtomobil yolunun yalnız sağ zolağında hərəkət etməli, sol və ya orta zolağa çıxmamalıdırlar. Skuterin ön və arxa hissəsində yerləşən işıqlar qanunla müəyyən edilmiş qaydada daim işlək vəziyyətdə saxlanılmalıdır. Skuterdən yalnız bir nəfər istifadə edə bilər, çünki iki nəfərlə hərəkət etmək və ayaqların düzgün yerləşdirilməməsi ciddi təhlükə yaradır.

Qəzaların qarşısını almaq məqsədilə ötən ildən etibarən qanunvericilikdə dəyişikliklər edilib. Bu dəyişikliklər həm yol hərəkəti qaydalarında, həm də İnzibati Xətalar Məcəlləsində öz əksini tapıb. Skuter və digər elektrikli nəqliyyat vasitələrini idarə edən vətəndaşlar bu qanunları yaxşı bilməli və dərk etməlidirlər. Çünki bu vasitələr sadəcə əyləncə deyil, ciddi nəqliyyat vasitələridir və onların idarə olunması qanunun müəyyən etdiyi tələblərə tabedir. Bu istiqamətdə tədbirlər qanun çərçivəsində həyata keçirilir. Yay aylarında Dövlət Yol Polisi Bakıda, eləcə də Sumqayıtda maarifləndirici aksiyalar keçirərək vətəndaşları bu sahədə məlumatlandırıb".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
sia.az

2Mənbələr