AZ

Filippinin keçmiş prezidenti insanlığa qarşı cinayətlərdə ittiham olunur  

Beynəlxalq Cinayət Məhkəməsi prokurorları Filippinin keçmiş prezidenti Rodriqo Duterteni  insanlığa qarşı üç cinayətdə ittiham edib. İddia olunur ki, hökumətin elan etdiyi "narkotiklərə qarşı müharibə" zamanı törədilən ən azı 76 qətldə onun əli ola bilər.

AFP agentliyinin məlumatına görə, ciddi redaktə edilmiş 4 iyul tarixli  ittiham aktı bazar ertəsi açıqlanıb. Filippinin sabiq lideri mart ayından Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin istintaq təcridxanasındə saxlanılır. 

İlk hesabat  Dutertenin Davao şəhərinin meri olduğu 2013-2016-cı illər arasında törədilmiş 19 qətldə şərik olduğu iddiaya aiddir.

İkinci hesabat Dutertenin prezidentliyi dövründə - 2016 və 2017-ci illərdə yüksək profilli hədəflər adlandırılan 14 qətllə əlaqəlidir.

Üçüncü ittiham aktı şübhəli narkotik istifadəçiləri və narkotik alverçilərinə qarşı əməliyyatlar zamanı törədilmiş 43 qətllə bağlıdır. BCM-nin məlumatına görə, bu qətllər 2016-2018-ci illər arasında Filippində baş verib.

BCM prokurorları bildiriblər ki, "ittiham aktının əhatə etdiyi dövr ərzində zərərçəkmişliyin faktiki miqyası əhəmiyyətli dərəcədə daha böyük olub və bunu hücumların geniş xarakter alması sübut edir".

Hüquq müdafiəçilərinin fikrincə, minlərlə insan Dutertenin narkotiklərə qarşı elan etdiyi müharibədə, o cümlədən məhkəmədənkənar qətllər nəticəsində ölmüş ola bilər.

Sabiq prezidentin özü ölkəni küçə cinayətindən təmizləmək üçün narkotik alverçilərinə qarşı mübarizə apardığını bəyan edib.

Xatırladaq ki, bu il martın 7-də Dutertenin həbsinə dair orderdə 43 iddia edilən qətllə bağlı insanlığa qarşı cinayətlərdə bir ittiham yer almışdı.

Mart ayında Beynəlxalq Cinayət Məhkəməsinin orderi əsasında Manila hava limanında həbs edilən Duterte son üç ildə Haaqa məhkəməsinə gətirilən ilk nüfuzlu siyasətçi olub.

Bundan əvvəl keçmiş prezidentin vəkili Nikolas Kaufman müvəkkilinin səhhətində yaranmış problemlərə görə mühakimə edilmək üçün yararsız olduğunu bildirib və BCM-ni məhkəməni qeyri-müəyyən müddətə təxirə salmağa çağırıb.

May ayında keçmiş prezident həbsdə olmasına baxmayaraq, yenidən Davao şəhərinin meri vəzifəsinə  seçilib. 2022-ci ildən bələdiyyə sədri vəzifəsində çalışan oğlu Sebastyan atasının yerinə xidmətini davam etdirir. 

Dutertenin tərəfdarları iddia edirlər ki, BCM-dən nüfuzlu Duterte ailəsi ilə açıq şəkildə münaqişə edən hazırkı prezident Ferdinand Markos tərəfindən siyasi alət kimi istifadə olunur. Ölkə rəsmiləri bunu təkzib edib.

Rizvan CƏFƏROV,

“Azərbaycan”

Seçilən
2
azerbaijan-news.az

1Mənbələr