AZ

Dünya növbəti təlatümlə üz üzə BMT əslində buna görə toplanıb

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

 

Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 80-ci sessiyası beynəlxalq münasibətlər sistemində yeni güc balanslarının formalaşmaqda olduğunu bir daha ortaya qoydu. Sessiyanın açılışından etibarən müşahidə olunan gərginlik, çıxışların siyasi mesajlarla zənginliyi və bəzi hallarda senzura elementlərinin tətbiqi, bu toplantının sadəcə formal diplomatik tədbir olmadığını sübut etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı zamanı fikirlərin efirdə yarımçıq kəsilməsi, artıq bu platformada belə böyük güclər arasında informasiya savaşı getdiyini göstərir.

Digər tərəfdən, Ukrayna-Rusiya münaqişəsinin hələ də beynəlxalq gündəmin əsas mövzusu olaraq qalması və Ukrayna nümayəndə heyətinin sərt mövqeyi sessiyanın gərgin keçəcəyini göstərir.

Globalinfo.az-a danışan siyasi şərhçi Əli Zülfüqaroğlu deyib ki, BMT-nin toplantısı nəticə baxımından ənənəvi sessiyalardan fərqlənməyəcək:

“Çünki dövlətlərarası münasibətlər sistemini tənzimləyən beynəlxalq təşkilatlar tədricən funksionallığını itirirlər. Bura insan hüquqlarından tutmuş qida sektoruna qədər bütün istiqamətlərdə fəaliyyət göstərən beynəlxalq təşkilatlar da daxildir. Bəllidir ki, beynəlxalq təşkilatlar qlobal maliyyə təsisatlarının törəmə quruluşlarıdır. Hazırda qlobal hərbi, siyasi, iqtisadi böhranın təməl səbəbləri də milli dövlətlərlə qlobal maliyyə təsisatlarının – qlobal imperializmin yeni dünya düzənində dünya hakimiyyəti uğrunda savaşıdır.

İkinci Dünya müharibəsindən sonra qurulan və 1971-ci ildən “petrodollar” adlanan sistemin çöküş prosesinə qədəm qoyması mövcud dövlətlərarası münasibətlər sisteminin dağılmasına və onu tənzimləyən beynəlxalq təşkilatların çöküşünə gətirib çıxarır. Tədricən beynəlxalq təşkilatlar funksionallığını tamamilə itirəcək, yeni qurumlar, o cümlədən hərbi bloklar yaranacaq. Ona görə də müharibələr, dövlətlərin ərazi bütövlüyünün pozulması halları adi hadisəyə çevrilib. Fikir verirsinizsə, müxtəlif Qərb ölkələrində, məsələn, Fransada avtoritarizm artıq təəccüb doğurmur. Bu da onu göstərir ki, heç bir beynəlxalq təşkilat dünyada mövcud problemlərin həlli ilə bağlı təsirli mexanizmlərə sahib deyil və yaxın perspektivdə də olmayacaq”.

Ə.Zülfüqaroğlu qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT-də islahatların aparılması ilə bağlı hər fürsətdə çağırış etməsi günün tələbidir:

“Amma göründüyü kimi, xüsusilə BMT Təhlükəsizlik Şurasınını daimi üzvləri bunda maraqlı deyillər. Əgər dünyada silah satışının təqribən 80 faizi BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə aiddirsə, o zaman bu cür qurumlar konfliktləri həll etməkdə nə qədər maraqlı olacaq? Təbii ki, olmayacaq. Ona görə də BMT Təhlükəsizlik Şurasının daimi üzvləri hansısa qərarların qəbulunu veto hüququ ilə bloklamaq səlahiyyətinə malik olmamalıdır. BMT-də bütün üzv dövlətlərin səsi əsas olacağı halda, dünyada problemlərin həlli və ədalətli düzənin qurulması ilə bağlı müəyyən nəticələr əldə edilə bilər. Bunun üçün BMT-də köklü islahatlar aparılmalıdır.

Əli Zülfüqaroğlu

Düşünürəm ki, hazırkı məqamda bu çox çətin görünür. Belə olacağı halda isə yeni dönəmdə yeni tələblər meydana çıxacaq. Bu da özünü dövlətlərdən üstün görən, dövlətləri mütəmadi olaraq borclandıraraq boyunduruq altına salan, müxtəlif Qərb dövlətlərində, məsələn, Makron və Baydenin timsalında marionetləri hakimiyyətə gətirməklə, həmin dövlətlərdən silahlı güc kimi istifadə edərək, öz maraqlarının təmin olunmasını həyata keçirən qlobal imperializmin tam çöküşü ilə mümkündür. Ona görə də qlobal maliyyə təsisatlarının deyil, milli dövlətlərin formalaşdırdığı yeni və effektiv beynəlxalq təşkilatların qurulma perspektivinin yaranma ehtimalı getdikcə artır.

Yəni görünən odur ki, milli dövlətlərlə qlobal imperializmin savaşı dünyada böhran və qarşıdumaların daha da dərinləşməsinə gətirib çıxaracaq və dünya növbəti təlatümə sürüklənəcək. Bu isə dövlətlərarası münasibətlər, eyni zamanda qlobal maliyyə sistemində ciddi dəyişikliyi, eyni zamanda yeni beynəlxalq təşkilatlar və hərbi blokların yaranmasını qaçılmaz edir”.

Turan Rzayev

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
8
globalinfo.az

1Mənbələr