AZ

Moldova rusiyalı müşahidəçiləri seçkiyə buraxmadı – Kreml etiraz edir

Rusiya öz müşahidəçilərinin Moldovoda keçiriləcək seçkilərə buraxılmamasına qəzəblənib. Sanki rəsmi Kişinyov rusiyalı müşahidəçilər olmadan seçki keçirə bilməz və ölkədə aranı qarışdırmaq üçün əlindən gələni edən Rusiyanın nümayəndələrini qəbul etməyə borcludur…

Moldovanın Moskvadakı səfiri Lilian Darii Kişinyovun bu ölkədə keçirilən parlament seçkiləri üçün Rusiya Federasiyasından olan müşahidəçiləri akkreditasiya etməkdən imtina etməsindən sonra Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Rusiya XİN-in bəyanatında deyilir: “Sentyabrın 24-də Moldovanın Rusiya Federasiyasındakı səfiri Lilian Darii Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Moldova diplomatik missiyasının rəhbərinə Moldova hakimiyyətinin Rusiya nümayəndələrinin ATƏT-in monitorinq missiyasının bir hissəsi kimi qısamüddətli müşahidəçi kimi akkreditasiyasından əsassız imtina etməsi ilə bağlı sərt etiraz edilib”.

Qeyd edək ki, bundan öncə Moldova Mərkəzi Seçki Komissiyası (MSK) sentyabrın 28-də respublikada keçiriləcək parlament seçkilərində Rusiya Vətəndaş Palatasının (VP) üzvlərinə beynəlxalq müşahidəçi kimi akkreditasiyadan imtina edib.

Sentyabrın 23-də Rusiya nümayəndələrinə müşahidəçilərin akkreditasiyasından imtina edildiyi barədə məlumat verilib. Bundan əvvəl isə Moldova Prezidenti Maya Sandu Rusiyanı seçkilərə müdaxilədə və səslərin satın alınmasında ittiham edib.

“AzPolitika.info”

Seçilən
6
1
7times.az

2Mənbələr