Müasir dövrdə sosial şəbəkələrdə anonim profillərin sayı sürətlə artır. İnsanlar çox vaxt bu profillərin arxasında gizlənərək təhqir, böhtan və ya digər xoşagəlməz ifadələr yazırlar. Belə hallarda ən çox müzakirə olunan məsələ isə budur: anonim hesabların əsl sahibləri texnologiya vasitəsilə necə tapılır, hansı rəqəmsal izlərdən istifadə olunur və bu işlə hansı qurumlar məşğul olur?
Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən informasiya təhlükəsizliyi üzrə mütəxəssis Asif Rzayev bir sıra məqamlara aydınlıq gətirib:
“Sosial mediada saxta profillərin yaradılması və onlardan müxtəlif məqsədlərlə istifadə edilməsi son illərdə geniş yayılıb. Bu kimi hallar əsasən istifadəçiləri aldatmaq, dələduzluq törətmək, şəxsi məlumatları ələ keçirmək və ya başqa şəxslərin adından ictimai rəyə təsir göstərmək üçün həyata keçirilir. pizza sifarişi
İstifadəçilər bu cür saxta profillərlə qarşılaşdıqda, sosial şəbəkə platformalarının özündə şikayət etməklə həmin hesabların silinməsinə və ya birdəfəlik bloklanmasına nail ola bilərlər. Bu hallar təcrübədə çox olub və belə şikayətlər nəticəsində bir çox saxta hesablar bağlanıb.
Əgər saxta hesab hansısa qanunsuz əməllər (məsələn, təhqir, təhdid, şantaj, dələduzluq və s.) törədibsə, bu zaman yalnız sosial platformalara deyil, eyni zamanda müvafiq hüquq-mühafizə orqanlarına da müraciət olunmalıdır. Belə hallarda dövlət qurumları həmin şəxsin kimliyini müəyyən etmək və məsuliyyətə cəlb etmək üçün zəruri araşdırmalar apara bilirlər”.
Ekspert bildirib ki, silinmiş profilləri də tapmaq mümkündür:
“Bəzi hallarda saxta profili idarə edən şəxs qanunsuz hərəkətini törətdikdən sonra profili silə bilər. Lakin bu, həmin şəxsin tapılmasını tam mümkünsüz etmir. Hər bir sosial media platformasında istifadəçi qeydiyyatı zamanı müəyyən texniki məlumatlar — məsələn, IP ünvanı, istifadə olunan cihaz, qeydiyyat zamanı göstərilən e-mail və ya telefon nömrəsi kimi məlumatlar sistemdə qeydə alınır.
Bu məlumatlar hüquq-mühafizə orqanlarının sorğusu əsasında sosial media şirkətlərindən tələb oluna və istintaq çərçivəsində istifadə oluna bilər. Hətta profil silinsə belə, bu texniki izlər vasitəsilə istifadəçinin müəyyən edilməsi mümkündür. Bu, hər nə qədər çətin və texniki baxımdan mürəkkəb bir proses olsa da, tamamilə mümkünsüz deyil”.
Müsahibimiz vurğulayıb ki, saxta profillər bəzən sadəcə trolluq və dezinformasiya yaymaq məqsədilə açılsa da, əksər hallarda daha ciddi və təhlükəli niyyətlərlə, xüsusən də dələduzluq məqsədilə yaradılır:
“Məsələn, “Telegram”, “Instagram” və digər platformalarda saxta profillər və ya nömrələr vasitəsilə istifadəçilərə linklər göndərilir. Bu linklərə klikləyən şəxslərdən bank kartı məlumatları, şəxsi və hətta biometrik məlumatlar oğurlana bilər.
Bu cür dələduzluq sxemləri ilə rastlaşmamaq üçün istifadəçilər olduqca diqqətli olmalı, tanımadıqları şəxslərdən və ya profillərdən gələn şübhəli keçidlərə daxil olmamalı, məlumatlarını paylaşmamalı və sosial media hesablarını iki faktorlu autentifikasiya ilə qorumağa üstünlük verməlidirlər”.
Aytac Əliyeva
Telegram kanalımız