İsrail ABŞ-ın UEFA-ya göstərdiyi təzyiq sayəsində beynəlxalq turnirlərdən kənarlaşdırılmaqdan yayına bilib.
Publika.az xəbər verir ki, bu barədə "Israel Hayom" məlumat yayıb.
Daha əvvəl bildirilmişdi ki, sentyabrın 24-də UEFA İsrail komandalarının qurumun bayrağı altında keçirilən turnirlərdən çıxarılmasını müzakirə edəcək. Lakin mənbənin iddiasına görə, İsrail Futbol Assosiasiyasının xeyrinə çoxsaylı israilli və beynəlxalq diplomatlar, futbol federasiyalarının rəhbərləri və idman rəsmiləri işə başlayıb. Onların kimliyi illərlə açıqlanmayacaq. Bu səylər nəticəsində hazırda İsrailin kənarlaşdırılması məsələsi UEFA-nın gündəliyindən çıxarılıb.
Prosesdə amerikalı rəsmilər də iştirak edərək UEFA rəhbərlərini status-kvonu pozmamağa çağırıblar.
Eyni zamanda, BMT-nin İnsan Haqları Komitəsinin kiçik məsləhətçiləri İsrailin uzaqlaşdırılmasını və UEFA ilə FİFA turnirlərində iştirakına qadağa qoyulmasını tələb ediblər. Bununla belə, bu qurumun futbolla rəsmi bağlılığı yoxdur, üzvlər BMT və ya işlədikləri komitə adından çıxış edə bilməzlər.