Türk estradasının tanınmış ifaçısı Erol Evgin, “Perperişan” adlı mahnısında “ədəbsiz ifadələr” işlətməkdə günahlandırılaraq barəsində istintaq başlanmış müğənni Mabel Matizə sosial şəbəkədə paylaşım edərək dəstək olub.
News365.az xəbər verir ki, Evgin qeyd edib:
“56 ildir ölkəmin hər bölgəsində səhnəyə çıxmışam. İnsanların eyni mahnılarla kədərlənib, eyni nəğmələrlə coşduğunu görmüşəm. Mahnılar və nəğmələr ortaq hisslərimizin ifadəsidir. Türkülərin nə ayıbı var, nə də günahı… Onlar həyatın çətinliklərinə məlhəmdir, ruh dərmanıdır.”
Sənətçi həmçinin mahnıların, nəğmələrin və festivalların qadağan edilməməsinin vacibliyini vurğulayıb.
Hadisənin mahiyyəti
Ailə və Sosial Xidmətlər Nazirliyi “Perperişan” mahnısının məzmununun ailə institutuna zərər verə biləcəyini, uşaqların və gənclərin psixoloji inkişafına mənfi təsir göstərəcəyini əsas gətirərək Ankara Növbətçi Sulh Cəza Hakimliyinə müraciət edib. Mahnıya YouTube, Spotify və Apple Music platformalarında giriş məhdudlaşdırılıb.
Daxili İşlər Nazirliyinin də şikayətindən sonra İstanbul Baş Prokurorluğu tərəfindən Mabel Matiz barəsində “ədəbsizlik” maddəsi ilə istintaq başlanıb. Müğənni dünən Çağlayan məhkəməsinə gətirilərək bir saat ifadə verib, ittihamları qəbul etmədiyini, mahnının sözlərində belə bir niyyət olmadığını bildirib. Ona qarşı ölkədən çıxışa qadağa kimi məhkəmə nəzarəti tədbiri tətbiq olunub.