AZ

İKİ GENERALLA ÜZ-ÜZƏ: DOSTOYEVSKİ, KONSTANTİNOPOL VƏ... ÇARQRAD - İbrahim Nəbioğlu yazır

Bu

İbrahim Nəbioğlu

(Xüsusi olaraq "Press-fakt" üçün)

Bir neçə il əvvəl Türkiyə kanallarından birində dörd saatlıq açıq oturumda Ukrayna məsələsini müzakirə edirdik. Studiyadakı qonaqlardan ikisi – iki türk generalı zaman-zaman rusların humanizmindən, ukraynalıların millətçi çıxışlarından danışır, ara sıra da “rus ədəbiyyatına baxın, bu ədəbiyyatı yaradanlar qəddar xalq ola bilməzlər” deyə yanlış fikirlər səsləndirirdilər.

Telefonum səssizdə idi, gələn mesajları görürdüm.

Bakıdan bir mesaj gəldi.

Yazan Fərrux Şıxlinski (Elçin Şıxlının qardaşı) idi.

“Sən necə dözürsən generalların bu çıxışlarına?”, – oxudum.

Fərruxa nə cavab yazdığımı dəqiq xatırlamıram, ancaq yadımdadır ki, çox sərt bir şəkildə iki nüfuzlu hərb adamının bütün tezislərini alt-üst etdim.

Studiyadan bütün Türkiyəyə səsləndim: nə üçün Dostoyevskinin kitablarında qanlı cinayətlər, qəsb, zülüm, ümumiyyətlə "horror" elementləri bu qədər çoxdur? Nə üçün bir nəfər belə müsbət qəhrəmanı yoxdur, ya canidən yazır, ya da psixdən?

Sualıma özüm də cavab verdim, dedim ki, indi yenə “psixoloji dərinlik”, “insanın ən qaranlıq tərəflərinə işıq salmaq üçün bir laboratoriya”, “yazıçının əsas maraq obyekti insanın daxili dünyası” kimi çeynənmiş şeylərdən bəhs edəcəksiniz.

Belə davam etdim:

“Dostoyevski Rusiyasının sosial-ictimai gerçəklikləri, XIX əsrin ortalarındakı yoxsulluq, ədalətsizlik, məmur özbaşınalığı, mənəvi boşluqla boğuşan xalqı…O, bu reallıqları “cinayət” hekayələri vasitəsilə açırdı, göstərirdi ki, cinayət yalnız fərdin günahı deyil, həm də cəmiyyətin xəstəliklərinin nəticəsidir”.

Bir az pauza verib belə yekunlaşdırmağa çalışdım fikrimi:

“Dostoyevski üçün cinayət sadəcə qanlı hadisə deyil, günah, əzab, təmizlənmə zəncirinin başlanğıcıdır. Yəni “horror” Dostoyevskidə dini-mənəvi katarsisin qapısıdır”.

Və üzümü kameralara çevirib dayandım, səsim titrəyirdi… və belə bitridim sözlərimi:

“Elə bilməyin ki, rus xalqı dini-mənəvi katarsisdən keçib təmizlənib. Bu, hələ əsrlər boyu davam edəcək”…

Və ən nəhayət dedim ki, bəsdir onun romanlarını oxudunuz, indi də gedin “Yazıçının Gündəliyi” kitabına başlayın…

Aşağıdakı qeydlərim də əziz Fərruxun məni bu “dümsükləməsi” ilə ortaya çıxdı.

İlk yazımdan fərqli olaraq onu bir qədər genişlətdim ki, növbəti kitabıma salım…

DOSTOYEVSKİ və KONSTANTİNOPOL

Konstantinopol bizim olmalıdır, fəth edilməlidir ruslar tərəfindən,

türklərdən alınıb əbədi bizim olmalıdır… - Dostoyevski

 

Bakıda yaşayan bir dostumla – Fərrux Şıxlinski ilə yazışırıq.

Ukrayna savaşına çatanda söz gəlib Dostoyevskiyə çıxır.

Yuxarıdakı sözlərini xatırlayırıq.

Məşhur rus televizyoçusu Nevzorov bir Youtube paylaşımında Dostoyevskini “Rus pravoslav faşizminin baş ideoloqu” adlandırır…

 

Gecə Lvovdakı bir arkadaşımla – Boqdanla danışıram telefonda.

Boqdana zarafatla Allahverdi deyirəm - Boq+Dan

Narahatdır Boqdan.

Ailəsini Polşaya göndərib, özü isə savaşa hazırlaşır getməyə…

XIX əsrin ikinci yarısında Rusiya siyasətində “Şərq məsələsi” ən mühüm mövzulardan biri idi. Burada əsas məsələ Osmanlı İmperiyasının zəifləməsi fonunda onun mirasına kimin sahib çıxacağı idi. Konstantinopol - həm strateji, həm də dini baxımdan - Rusiya üçün “pravoslavlığın müqəddəs paytaxtı” kimi görünürdü. Dostoyevski də bu mövzunu ilk dəfə 1877-də gündəmə gətirirdi.

“Yazıçının Gündəliyi” (Дневник Писателя) əsərində dəfələrlə Konstantinopol mövzusu qaldıran Dostoyevski yazırdı ki, Rusiya yalnız öz daxili gücünü deyil, həm də pravoslavlıq uğrunda mübarizə missiyasını yerinə yetirməlidir və bu mübarizənin son məqsədlərindən biri Konstantinopolun azad olunmasıdır…

Əsəri ilk dəfə aspirant vaxtı oxumuşdum.

Dünən axşam yenə yadıma düşdü.

İnsan nə qədər psixi sarsıntı keçirməlidir ki, belə sərsəm xəyallara dalsın, deyə düşündüm.

Ruslar İstanbula “Çarqrad” (Царьград) deyirlər, yəni “Şəhərlər Çarı” – Sən bir sevginin, arzunun, istəyin, inadın gücünə bax. Nə qədər çox istəməlisən ki, şəhərə “Şəhərlər Çarı” deyəsən.

Dostoyevski üçün Konstantinopol sadəcə şəhər deyil. Onun sevgi və arzusu “Üçüncü Roma” ideyası ilə bağlıdır. Rus ideoloqlarına görə, Bizans İmperiyası süqut etdikdən sonra onun dini və siyasi mirasını Moskva götürmüşdü. Yəni Bizansdan sonra Moskva artıq “Pravoslav dünyasının yeni mərkəzi” hesab olunurdu. Başqa sözlə, Konstantinopol Bizansın paytaxtı idi və pravoslavlığın əsas ocağı sayılırdı. Bizansın çöküşündən sonra rus düşünürləri inanırdılar ki, həmin müqəddəs missiya Moskvanın üzərinə düşür. Ona görə də Moskvaya “Üçüncü Roma” deyirdilər. Dostoyevski də bu ideyanı mənəvi və mistik hədəf kimi qəbul edirdi.

Dostoyevski türk-müsəlman dünyasına söyləndiyi kimi romantik münasibət göstərmirdi, əksinə, o, Osmanlını Rusiya üçün təhlükə, Konstantinopolu isə ələ keçirilməli müqəddəs hədəf kimi təsvir edirdi. Amma bu baxış təkcə siyasi deyildi, rus yazıçının yaradıcılığındakı milli-mənəvi qatlarla da bağlı idi, Konstantinopolun alınmasını rus xalqının “tarixi missiyası” hesab edirdi.

Yazıçının romanlarında Konstantinopol - İstanbul mövzusu geniş işlənməsə də publisistik yazılarında bu, açıq şəkildə öz əksini tapır. “Yazıçının gündəliyi” əsərində Balkan müharibələri, slav xalqlarının taleyi və Konstantinopol məsələsi onun üçün “ümumrus idealı”na çevrilir. Bu mövzu Dostoyevskinin əsərlərində rus messianizminin, pravoslavlıq ideyalarının və imperiya təfəkkürünün bir növ mərkəz nöqtəsinə çevrilmişdi…

Dostoyevskidən fərqli olaraq Tolstoy tam fərqli mövqedə idi. Onun üçün Konstantinopol məsələsi müharibə üçün bəhanədən başqa bir şey deyildi. Tolstoy Rusiyanın Osmanlıya qarşı müharibələrini tənqid edir, dövlətlərin “müqəddəs missiya” adı altında qan tökməsini mənasız görür, insan həyatını və mənəvi dəyərləri siyasi iddialardan üstün tuturdu. Tolstoya görə Konstantinopol uğrunda müharibə nə rusların, nə də insanlığın xeyrinə idi; o, bunu hakimiyyətlərin iştahına və ambisiyalarına bağlayırdı.

Rus ədəbiyyatının iki önəmli ismi arasındakı fərq çox bariz deyilmi?

Dostoyevski Konstantinopolun alınmasını Rusiyanın tarixi missiyası hesab edərkən, Tolstoy pravoslavların bu xülayasını siyasi oyun, savaş üçün bəhanə sayırdı.

Dostoyevski milli-mistik yanaşması ilə Rusiyanın “dünyanın xilaskarı” obrazını müdafiə edərkən Tolstoy humanist mövqe tutaraq müharibəyə qarşı çıxır, Konstantinopolu sadəcə rus imperiya siyasətinin bir oyuncağı kimi görürdü.

İki böyük yazıcının dünyagörüşü necə də fərqlidir:

Dostoyevski qatı, mistik millətçi, pravoslav missiyasının təbliğatçısı;

Tolstoy isə pasifist humanist, hərbi-siyasi ambisiyaların tənqidçisi…

***

Rusların Konstantinopolu ələ keçirmə xülyası ilk dəfə rus tarixçisi Nikolay Danilevskinin 1867-ci ildə yazdığı “Rusiya və Avropa” əsərində dilə gətirilib. Qərbin fərdiyyətçi, aqressiv və kafir olduğunu deyən Danilevski pravoslav-xristian-slavyan “ümmətinin” Avrasiyanı qurmaqla dünyanı xilas edəcəyini yazırdı. Zənnimcə, Dostoyevski də elə məhz onun təsiri altına düşüb.

Danilevski kimi tarixçilər və rus radikal dinçi-faşist ideologiyasını qəbul edənlər rus xalqını Pravoslav aləminin qılıncı sayırlar. Bu ideologiyanın ən qatı tərəfdarı putinçi Çarqrad (Царьград) qrupudur. Qrupa aid “Tsargrad TV” (Царьград ТВ) kanalı bu radikal cərəyanın əsas təbliğatçısı və ruporudur. 2015-ci ildə rusiyalı iş adamı K. Malofeyev tərəfindən təsis edilmiş kanal ultrasağçı, millətçi, mühafizəkar və monarxist mövqelərdən çıxış edir. Kanal Rus Pravoslav Kilsəsi ilə sıx əməkdaşlıq içindədir.

 

İstanbulun ruslar tərəfindən ələ keçirilməsi bu gün utopiya kimi görünsə də, bu, balaca məsələ deyil. Türk Dünyası rusların bu sərsəmləmələrinə qarşı peydərpey cavab verməli, Rusiyanın bütün slavyanları bir dövlət ətrafında toplayıb paytaxtını Çarqrad elan etməsini kəskin şəkildə tənqid etməli, Avrasiya dövləti qurma ehtirasının rus ideoloqların qanına işləməsinə rəğmən “beşiyindəcə boğmalıdır”.

 

Bu fikirlərə günümüzdə avrasiyaçı, qatı putinçi Aleksandr Duqinin məqalə və kitablarında və bir vaxtlar Putinin yaxın silahdaşı olan Vladislav Surkovun yazılarında da rast gəlinir. Təəssüf ki, türk oxucu bunlardan bixəbərdir. Zərərli ideolji toxumları olan rusların “III Roma” hədəflərini Türkiyə ictimaiyyətinə çatdırmaq olduqca vacibdir. Zaman-zaman müxtəlif tv kanallarında bu məsələ haqqında xeyli danışmış, çətin olsa da “buzu” yerindən tərpətmişəm. Raskolnikovlar, Karamazovlar və digər “idiotları” əfkari-ümumiyyənin zehnindən birdəfəlik silmək asan iş deyil.

Ancaq Türkiyədən də əvvəl bu həqiqətləri biz özümüz bilməliyik.

Əks təqdirdə sapı özümüzdən olan Tolstoyevskilərin şəksiz biət etmələrinin təhlükəli fəsadları başımıza yeni müsibətlər açacaq...

Seçilən
14
1
hurriyyet.az

2Mənbələr