Bu gün Azərbaycan gənci yalnız oxumaqla və peşə sahibi olmaqla kifayətlənmir, həm də ictimai-sosial həyatda fəal iştirak edir, yeni təşəbbüslər irəli sürür, layihələr həyata keçirir. Onların arasında öz liderlik bacarığı, fəallığı və təşəbbüskarlığı ilə seçilən gənclərdən biri də Şəbnəm İbrahimlidir. Şəbnəm qısa müddət ərzində minlərlə gənci bir araya gətirən “Miqrasiya Könüllüsü” İctimai Birliyinə rəhbərlik edərək həm yaşıdlarına, həm də ondan böyük gənclərə nümunə olmağı bacarıb. O, yalnız bir təşkilatın sədri deyil, həm də insanlara açıq münasibəti və daim inkişafı hədəfləyən düşüncə tərzi ilə diqqət çəkir. Şəbnəm İbrahimlinin Metbuat.az-a müsahibəsini təqdim edirik:
- Xoş gəlmisən Şəbnəm, gəlin, sizi yaxından tanıyaq. Kimdir Şənnəm İbrahimli? Əvvəla, dəvətiniz üçün təşəkkür edirəm. Mənim üçün burada olmaq xoşdur. Mən, Şəbnəm İbrahimli – azərbaycanlı bir gəncəm. 20 yaşım var, əslən Qarabağlıyam, vətənpərvər ruhda böyümüşəm. Həmişə düşünürəm ki, insan daim inkişaf etməlidir və cəmiyyət də inkişafla ayaqlaşmalıdır. Eyni yerdə dayanmağı sevmirəm, fərqli sahələri sınamağı xoşlayıram, amma hər sınadığım sahədə özümü tapmağa çalışıram. Məncə, özümü belə izah edə bilərəm. - Şəbnəm, səndə yaşıdlarından daha fərqli bir aktivlik müşahidə edirəm. Belə gənc yaşda seçim etmək çətin deyil ki? Düzünü desəm, bu elə bir sahədir ki, insan özü qərar verməlidir: başlayım, ya yox. Mənim üçün bu yol orta məktəbdən başladı. 9-cu sinifdə buraxılış imtahanından sonra düşündüm ki, həyatım sadəcə evlə məktəb arasında gedib-gəlməkdən ibarətdir. Bu mənim istədiyim həyat deyildi. Abituriyentlərin çox oxuması vacibdir, amma yalnız dərslə məşğul olmaq ürəkaçan deyildi. Təsadüfən qarşıma bir qrup çıxdı, müxtəlif layihələr təşkil edirdilər. Çoxuna yaşım çatmırdı, çünki tələbə olmaq tələb olunurdu. Amma bəzi təlimlər yaşdan asılı deyildi və üstəlik pandemiya dövründə onlayn formatda keçirilirdi. Mən də gizli şəkildə qeydiyyatdan keçirdim – bəzən qohumumun adından istifadə edirdim ki, sadəcə qatılım. Həmin onlayn layihələrdə çox maraqlı şeylər öyrəndim və anladım ki, həyat yalnız dərsə getməkdən ibarət deyil. – Miqrasiya sahəsinə gəlişin necə oldu? Bu da maraqlı bir proses idi. Universitetin birinci kursuna qəbul olmuşdum. Dostlarla dərsdən sonra hər gün eyni qaydada söhbət edib evə dönmək çox sıxıcı gəlirdi. Dedim ki, gəlin nəsə maraqlı bir şey edək. Əvvəl işləməyi düşündük, amma sonra mən təklif etdim ki, gəlin layihələrə qoşulaq. Dostlarım da inkişaf yönümlü idilər, hərəsi bir sahədə maraqları vardı. Beləcə, birlikdə qeydiyyatdan keçib fəaliyyətə başladıq.
Mənim üçün maraqlı bir təcrübə idi. İlk dəfə Miqrasiya Könüllüləri İctimai Birliyinə müraciət etdim, müsahibəyə getdim, amma qəbul edilmədim. Bu, mənim aldığım ilk rədd cavabı idi. O vaxt proqram bizdə “könüllü-təcrübəçi əməkdaş” adı ilə keçirilirdi. Mən evə qayıdanda bir az məyus oldum, çünki dostlarımın bəziləri seçilmişdilər. Düşündüm: “Necə ola bilər ki, məni seçməyiblər? Mənim nəyim çatmır?” Əməkdaşlarla əlaqə saxladım, amma təbii ki, məxfilik səbəbindən konkret nəyə görə seçilmədiyimi demədilər. Sadəcə bildirdilər ki, rəqabət çox yüksəkdir. Əslində o vaxt “könüllü olmaq istəmirəm” demişdim, amma indi başa düşürəm ki, həmin anda qəbul edilməyi çox istəyirdim. Üç ay vaxt itirdim, çünki düşündüm ki, təcrübə proqramı bitsin, yenidən qeydiyyatdan keçim. Halbuki o müddətdə başqa könüllülüklərə yazıla bilərdim, təcrübə toplaya bilərdim. Gənclik və təcrübəsizlik idi, o vaxt bu qərarı vermədim. Sonra üç ay keçəndən sonra özümü analiz etdim: “Dostum seçilib, bəs mən nə etməliyəm ki, növbəti dəfə qəbul olum?” Çatışmayan cəhətlərimi müəyyənləşdirməyə çalışdım. Açığı, dəqiq səbəbi o vaxt bilmirdim, amma təxminlərim vardı. Məsələn, çox sürətli danışırdım, fikrimi tam ifadə edə bilmirdim. Vaxtı düzgün idarə edə bilmirdim. Müsahibədə mənə bir “keys” verilmişdi. Mən İctimai Əlaqələr şöbəsini seçmişdim, amma heç bir araşdırma aparmadan ora getmişdim. Diplomatiya ilə bağlı suallar verilmədi, amma sahə ilə bağlı suallara da hazır deyildim. İxtisasım beynəlxalq münasibətlər idi, lakin seçimimə uyğun cavablar verə bilmədim. Bu da mənim çatışmazlıqlarımdan biri idi.
– Sən dedin ki, ilk dəfə qəbul olunmadın. Bəs sonra necə oldu ki, qəbul olundun? Bu təcrübə proqramı əsasən diplomatiya ilə bağlı idi. Mən isə ilk müsahibədə buna hazır deyildim və təbii olaraq kəsildim. O üç ay ərzində oturub ciddi hazırlaşmağa başladım. Beynəlxalq kurslar götürdüm, araşdırdım: “PR nədir? Mən niyə PR seçirəm? Nə olmaq istəyirəm?”. Çünki sadəcə bir telefonu əlinə götürməklə insan PR mütəxəssisi olmur. Mən konkret olaraq bu sahədə nə edə bilərəm, necə fayda verə bilərəm, bunları düşündüm. O müddətdə 100% olmasa da, ən azı 60–70% irəlilədim. Sonra yenidən müsahibəyə qatıldım və qəbul olundum. Düşünürəm ki, birinci dəfə rədd cavabı almağım əslində mənim üçün üstünlük oldu. Çünki əgər o vaxt qəbul olunsaydım, bəlkə də dərhal çıxıb gedəcəkdim, davamlı olmayacaqdım. Amma həmin rədd cavabı məni motivasiya etdi, daha ciddi hazırlaşdım və nəticədə bu yol mənim üçün çox düşərli oldu. Həmin vaxt bizim dost qrupundan 4–5 nəfərdən 2-si seçilmişdi. Onlardan biri hazırda xaricdə təhsil alır, çox uğurludur. Digəri işləməyə keçdi, könüllülük fəaliyyətini dayandırdı. Digəri isə hələ də bu proseslərlə məşğuldur. Hamımıza müəyyən faydası oldu. Amma mən deyərdim ki, bu yol mənim üçün daha çox fürsət yaratdı. Çünki mən bunu sadəcə bir könüllü proqramı kimi yox, daha ciddi, davamlı bir yol kimi qəbul etdim. – Bu könüllülük sənə hansı bacarıqları qazandırdı? Mən heç vaxt gizlətmirəm: ən böyük qazancım protokola uyğun davranmağı və rəsmi üslubda işləməyi öyrənməyim oldu. Bizim könüllülərin hamısı gənclər idi, amma biz bir tərəfdən də xidmət əməkdaşları ilə – dövlət qurumunda çalışan peşəkarlarla – işləyirdik. Bu da bizə həm məsuliyyət, həm də rəsmi mühitdə davranış qaydalarını öyrədirdi. Biz orada həm ictimai əlaqələr şöbəsində, həm də daha yuxarı dairələrlə işləmək şansı əldə edirdik. Əməkdaşlarla ünsiyyətdən tutmuş, yüksək vəzifəli şəxslərlə görüşlərə qədər çox şey öyrəndim. Məsələn, əvvəllər heç bilmirdim ki, yüksək vəzifəli bir şəxs otağa daxil olanda necə davranmaq lazımdır. Bu, kitabdan oxumaqla və ya televizora baxmaqla öyrəniləcək şey deyil. Praktikada yaşamalısan. Mən də könüllülük sayəsində bunu öyrəndim. Sadəcə “şablon davranış” deyil, real vəziyyətdə necə reaksiya vermək, necə ünsiyyət qurmaq, necə özünü uyğunlaşdırmaq bacarığını qazandım. Elə layihələrdə iştirak şansım oldu ki, televizorda görəcəyim insanlarla həmsöhbət oldum. Bu, mənim üçün böyük məktəb idi. Orada öyrəndim ki, yaxşı lider olmaq üçün yalnız bilik kifayət deyil – adaptasiya, ünsiyyət, davranış mədəniyyəti də lazımdır. Layihə müzakirələrində öz fikrini necə daha doğru ifadə etmək, necə əsaslandırmaq, necə düzgün qərar vermək olar – bunların hamısını təcrübədə gördüm. Əvvəllər mənim çatışmazlıqlarımdan biri vaxt idarəetmə idi. İlk müsahibədə də bunun çətinliyini yaşamışdım. Amma sonrakı dövrdə tədbirlərə hazırlıq prosesində bizə xidmət əməkdaşları addım-addım izah edirdilər: nəyi necə etməliyik, necə planlaşdırmalıyıq. Bunun sayəsində vaxtı daha səmərəli idarə etməyi öyrəndim. Biz orada öyrəndik ki, bir dəqiqənin belə böyük hökmü var. Bir dəqiqə gec qalxmaqla bir dəqiqə tez qalxmaq arasında böyük fərq var. Eləcə də qonağı bir dəqiqə tez qarşılamaq, ya da bir sualı bir dəqiqə sonra vermək – bunların hamısı nəticəyə təsir edir. Mən bunu məhz Miqrasiya Könüllülüyündə gördüm. Bəzən düşünürəm, əgər başqa bir könüllü proqramını seçsəydim, bu qədər öyrənə bilərdimmi? Əmin deyiləm. Çünki bizim olduğumuz sistemdə Dövlət Miqrasiya Xidmətinin əməkdaşlarının bizə ötürdüyü ciddilik çox böyük rol oynadı. Vaxtında gəlmək, qaydalara əməl etmək – bunlar sadəcə tələb deyildi, həm də peşəkar həyat üçün böyük dərs idi.
– Mən özüm də könüllüyü əvvəl bu cür təsəvvür etmirdim. İndi siz danışdıqca düşünürəm ki, könüllülük o qədər böyük istirahət, həm də böyük bir məktəbdir ki, bunu yaşayan anlayır… Bəli, mən könüllülüyü sevməyənləri qınamıram. Çünki ya bizdən əvvəlki nəslin nümayəndələridir, ya da könüllülüyü düzgün dərk etməyiblər. Amma könüllülük bizim nəslin formalaşdırdığı çox dəyərli bir təcrübədir. Məncə, bizim nəsil artıq oturuşmuş, duruşu, davranışı formalaşmış yeni bir gənclik nümunəsi yaradır. Bəzən elə layihələr olur ki, uzun müddət ayaq üstə qalmalı olursan, yorulursan, çətinlik çəkirsən. Amma bütün bunların sonunda qazandıqların o qədər dəyərlidir ki, çətinliklər unudulur. Çünki könüllü olmaq insana elə fürsətlər açır ki, adi bir layihədə Prezidentin gənclərə verdiyi tərif belə, bir könüllü üçün əvəzsiz motivasiya olur.Bəzən elə olur ki, sənə deyilən bir sözü tam anlamırsan, ya da nəyisə düzgün yerinə yetirə bilmirsən. Səni danlamırlar, amma özün hiss edirsən ki, nəsə səhv etmisən. Bu da əslində həyat dərsidir – məsuliyyəti anlamaq, səhvini dərk etmək və düzəltmək. Maraqlısı odur ki, bu gün kiminsə həyat yoluna baxsaq, görərik ki, yüksək vəzifələrdə işləyən insanların çoxu bir vaxtlar könüllü olublar. Kim isə universiteti qırmızı diplomla bitirib, 90 ortalama ilə məzun olub, amma heç bir təcrübəsi yoxdur. Digəri isə könüllülük proqramlarında iştirak edib, müxtəlif layihələrdə çalışıb, beynəlxalq təlimlər görüb. İşəgötürən qarşısında iki gənc dayanırsa, təbii ki, təcrübəsi olan gənc daha üstün görünür. Üstəlik, bu gün könüllülərin beynəlxalq arenaya çıxmaq imkanı da var. Müxtəlif təşkilatlar, bəzən Təhsil Nazirliyi belə bütün xərcləri qarşılayaraq gənclərin xarici ölkələri təmsil etməsinə şərait yaradır. Gənc üçün bundan gözəl nə ola bilər? Sən həm ölkəni təmsil edirsən, həm də böyük bir həyat təcrübəsi qazanırsan. Könüllülük əvəzolunmaz bir dəyərdir. Bəzən layihələrin təqdimatlarında “könüllülük bir dəyərdir” deyirlər və kimlərsə bunu sadəcə şablon ifadə kimi qəbul edir. Amma əslində bu, həqiqətdir. Bir dəfə könüllü olan insan anlayır ki, bu, sadəcə iş deyil – böyük bir məktəbdir. Könüllülük paylaşmağı öyrədir, vaxt idarəsini öyrədir. Bəzən elə olur ki, dostunun əvəzində daha çox iş görürsən ki, o istirahət etsin. Bəzən yeməyini bölüşürsən ki, “qoy o da yesin”. Bunların hamısı insana paylaşma mədəniyyətini, empatiyanı aşılayır. Hətta uğurlu bir tədbirdən sonra könüllü komanda ilə sadəcə bir yerdə oturub çay içməyin verdiyi zövq bambaşqadır. Bu sadə bir çay, bəzən insana maraqsız bir işdə işləyib maaş almağın verdiyi hissdən daha böyük motivasiya gətirir. Mən bunu öz təcrübəmdən deyə bilərəm. Çünki müxtəlif layihələrdə könüllülərlə birgə işləmişəm və müşahidə etmişəm. Əlbəttə, hamını eyni səviyyədə göstərmək olmaz. Amma ümumən könüllülük gənclərin peşəkar inkişafı üçün çox böyük imkan yaradır. İçərisində elə gənclər var ki, eyni təşkilatdan olsa da, digərlərindən qat-qat çox özünü inkişaf etdirir və fürsətləri dəyərləndirir. Amma eləsi də olur ki, sadəcə orada olmağın mənasını anlamır.
– Gənc bir xanım olaraq peşəkar mühitdə çalışmaq, prinsiplərin nələrdir? Mənim əsas prinsipim budur: heç bir addım yalnız şəxsi maraqlarım üçün deyil. Hər şey ölkəmiz üçündür. Mənim atdığım bütün addımlar sırf Azərbaycanın daha yaxşı təmsil olunması üçündür. Bunun fərqi yoxdur – bu kiçik bir tədbirdə olur, ya böyük bir arenada. Əsas odur ki, harada olur-olsun, mən ölkəmi layiqincə təmsil edim. Amma özümə görə müəyyən prioritetlərim də var. Mən istəyirəm ki, öz sahəmin ən yaxşısı olum – ən çox bilinən, amma ən az tanınan. İstəyirəm ki, hamı bilsin mən bu sahədə varam, bu işdə ən yaxşıyam. Amma insanlar mənim şəxsi həyatım haqqında çox da dərin məlumata sahib olmasınlar. Mənim üçün əsas odur ki, insanlar əvvəlcə mənim haqqımda işimlə bağlı nəsə bilsinlər. Bəzən işlədiyim könüllülərdən eşidirəm ki, “çox yaxşı idarəçidir”, “çox mehribandır” – bu sözləri eşitmək mənə çox xoş olur. İlk baxışda bəzən kənardan eqoist və ya özündənrazı görünə bilərəm, amma yaxından tanıyanda insanlar tamam başqa fikir formalaşdırırlar. Mənim üçün ən vacibi budur ki, haqqımda deyilən müsbət fikirlər insanlarda real qarşılığını tapsın. Əslində mən bunu sevirəm: insanlar mənim haqqımda pozitiv düşüncələr formalaşdırırlar, mənimlə tanış olanda da həmin təsdiqi görürlər. Bu, mənə həm motivasiya verir, həm də məsuliyyət yükləyir. Çünki insan topladığı rəylə bir növ öz yolunu qurur. Kimisi pul, para toplayır, mən isə faydalı insanlar toplamağı üstün tuturam. Gənclərlə, həm yaşıdlarımla, həm də məndən böyük və ya kiçiklərlə söhbət etməyi çox sevirəm. Mən istəyirəm ki, insanlar sadəcə bir şəklimi görəndə desinlər: “Hə, bu o qızdır, bu sahədə çox yaxşıdır.” Hələ yaxından tanımasalar da, haqqımda müsbət fikir formalaşsın. Sonradan tanış olduqda isə desinlər ki, deyilənlər həqiqət imiş, hətta ondan da yaxşıdır. Bu, mənim üçün ən böyük uğurdur. – Səncə, şəxsi brend insan üçün nə dərəcədə vacibdir? Məncə, bu çox önəmlidir. İnsan özü bir auradır, bir brenddir. Mən həmişə istəmişəm ki, kimsə mənimlə bir dəfə işləyib desin: “Onunla işləmək çox yaxşı idi.” Mən orada olmasam belə, qoy adım özü-özünü qorusun. İllər keçsə də, başqa ölkəyə köçsəm də, məni tanıyanlar hörmətlə xatırlasınlar. Əsas məsələ də budur – harada olursansa ol, həm Azərbaycanda, həm də xaricdə öz adını, imicini qoruya bilmək. – Karyeranda indiyədək çətin qərarlar olubmu? Açığı, hələ ki, elə ciddi, məni çox sıxışdıracaq bir qərar qarşısında qalmamışam. Mənim atdığım addımlar ortalama bir gəncin atdığı addımlardır. Çox riskli seçimlər etməmişəm. Amma düşünürəm ki, planlı addım atmaq çətinliklərin qarşısını almağa kömək edir. Çalışıram ki, hər şeyi riskə qoyacaq vəziyyətlərdən uzaq olum. Şükürlər olsun ki, indiyədək elə bir hal olmayıb, inşallah da olmaz. Ona görə indiki vəziyyəti düzgün dəyərləndirmək lazımdır. – Liderlik bacarıqlarınız açıq şəkildə görünür. Gənc yaşda həmyaşıdlarınıza, hətta sizdən böyüklərə rəhbərlik edirsiniz, böyük layihələr həyata keçirirsiniz. Ümumiyyətlə, insanlara rəhbərlik etmək, layihələri idarə etmək sizin üçün nə dərəcədə çətindir? Təbii ki, bir komandaya rəhbərlik edirəm və bu, bəzən çətin ola bilir. Çünki eyni yaşda olduğun insanlara tapşırıq verirsən. Kimsə düşünə bilər: “Niyə məni məhz Şəbnəm idarə etməlidir?” Bu, normaldır. Amma liderlik elə bir bacarıqdır ki, əgər sən tapşırıqları düzgün bölüşdürürsənsə və ədalətli davranırsansa, insanlar qəbul edirlər. Maraqlısı odur ki, mənim çox yaxın komanda üzvlərimdən başqa heç kim yaşımı bilmir. Əlbəttə, təşkilata rəsmi məlumat verəndə qeyd edirəm, amma heç vaxt xüsusi vurğulamıram. Çünki düşünürəm ki, professional mühitdə yaş əsas olmamalıdır. Təəssüf ki, bəzən insanlar “o məndən balacadır” deyə, işə daha laqeyd yanaşa bilirlər. Amma bu, yolverilməzdir. Mən isə çalışıram yaş mövzusunu qabartmayım. Qoy işlərim danışsın. Əgər kimsə mənim yaşımı bilsə də, artıq yaratdığım ab-hava, təşkilatda formalaşdırdığım sistem buna imkan vermir ki, kimsə üsyana qalxsın və ya etiraz etsin. Ola bilər, bəzi insanlar hər şeylə razılaşmır, amma ümumən gördüyüm qəbul olunur. Əsas da budur – rəhbərin dediyi işin nəticəyə yönəlməsi və komanda tərəfindən qəbul olunması. – Komanda idarəçiliyində hansı prinsiplərə əməl edirsən? Təşkilatın məndən əvvəl üç rəhbəri olub, mən isə dördüncü rəhbərəm. Bu rəhbərlik dövründə elə bir sistem, elə bir struktur formalaşıb ki, üsyana səbəb olacaq narazılıqlar böyüməmişdən həll olunur. Əgər kimsə narazıdırsa, onu dərhal deyir və problem yerindəcə həll edilir. Bu da bizə xidmət əməkdaşlarının öyrətdiyi əsas dərslərdən biridir: problem varsa, onu saxlamadan, böyütmədən elə anında həll etmək lazımdır. Bizdə belə qayda var ki, əgər özümüz həll edə bilmiriksə, əməkdaşlardan kömək istəyirik. Onlar da canla-başla dəstək olurlar. Mən də bunu örnək götürürəm – mənə bir problem deyiləndə onu qabartmaq, böyütmək əvəzinə, dərhal həll etməyə çalışıram. Təbii ki, gəncəm və bəzən mənim də yanlış fikirlərim ola bilər. Amma əsas məsələ odur ki, komandanın nəbzini tuta biləsən və reputasiyanı qoruya biləsən. Çünki biz bəzən komanda ilə oturub çay içirik, söhbət edirik, gülürük. Amma bir saat sonra artıq işdə “rəhbər–komanda” münasibəti bərpa olunmalıdır. Mənim üçün bu sərhədi qorumaq çox vacibdir. Məsələn, əgər işdə artıq həddindən artıq səmimiyyət görsəm, onu dayandırıram. Çünki düşünürəm ki, “bir dəfə heç nə olmaz” prinsipi işdə keçərli deyil. Mən heç vaxt güzəşt etməmişəm və bunu əminliklə deyə bilərəm. Komandam da bunu təsdiqləyər. Çünki mən elə öyrənmişəm – xidmət əməkdaşlarından gördüyüm budur: bir işi görürsənsə, ən yaxşı şəkildə etməlisən. Güzəşt isə o demək deyil ki, səhvini ört-basdır edəsən. Güzəşt o deməkdir ki, sənə səhvini göstərsinlər və öyrətsinlər ki, növbəti dəfə daha yaxşı bacarasan. Mən də bu yanaşmanı rəhbər tuturam. – Sənin üçün “güzəşt” anlayışı nədən ibarətdir? Biz xidmət əməkdaşlarından çox şey öyrənmişik. Onlarla eyni tədbirdə olurduq, görürdük, eşidirdik və nəticə çıxarırdıq. Mənim üçün güzəşt o demək deyil ki, kimsə işini yaxşı görə bilmir, amma üstündən xətt çəkilib “eybi yox” deyilsin. Xeyr. Güzəşt o deməkdir ki, sənə öyrətsinlər, izah etsinlər. Məsələn, layihədə bir koordinator yaxınlaşıb deyir: “mən bu işi bacarmıram, amma öyrənmək istəyirəm.” O halda ona vaxt verilir, izah olunur, dəstək göstərilir. Amma artıq layihəyə bir gün qalmışsa və kifayət qədər vaxt yoxdursa, burada güzəşt etmək olmaz. Çünki məsuliyyət var. Mən heç vaxt yaxşı iş görməyən birini dərhal komandadan uzaqlaşdırmamışam. Əvvəlcə idarə heyəti ilə danışmışam, əsaslı faktları ortaya qoymuşam. Yalnız razılıq əsasında qərar verilmişdir. Bəzən demişik ki, bu proqram sənin üçün deyil, növbəti layihəyə daha yaxşı hazırlaşa bilərsən. Amma heç vaxt kiməsə “nəyinsə xətrinə” güzəşt etməmişəm. – Komanda idarəsində qərar verərkən hisslər rol oynayırmı? Mən daha çox ağılla idarə etməyə çalışıram. Çünki hisslərlə idarə etmək professional mühitdə düzgün deyil. Əlbəttə, biz hamımız insanıq və içimizdə hisslər keçiririk. Amma iş, karyera və ciddi mühitdə ağılla qərar vermək vacibdir. Düzünü desəm, əvvəllər bu mənim üçün belə deyildi. İlk aylarda, hətta departament rəhbəri olduğum vaxtlarda daha çox hisslərimlə hərəkət edirdim. Amma gördüm ki, bu, nəticə vermir. Özüm-özümü çox qınayırdım: “yox, belə etmək lazım deyildi, düz eləmədin”. Həmişə özümə qarşı tələbkar olmuşam. Mən özümü başqaları ilə müqayisə edib dəyərimi aşağı salmıram, amma səhvlərimi görüb etiraf edirəm. Özümü qınayıram ki, niyə düz etmədim. Bu da mənim inkişafım üçün vacib dərs olub.
– Sənin üçün vicdan və qərar vermək məsələsi necədir? Bəzən heç kim sənə demir ki, “bunu belə elə”, amma içində bilirsən ki, sən bunu başqa cür etməliydin. O an düzgün qərar versəydin, indi vicdanın daha rahat olardı. Mən əvvəllər ağıl ilə deyil, daha çox hisslərlə hərəkət edən insan olmuşam. Amma sədrliyə qədər olan hazırlıq prosesində əməkdaşların dəstəyi ilə tədricən öyrəndim ki, ağıl və məntiq ilə hərəkət etmək vacibdir. Çünki hisslərinə uydun, öz nəfsinə qalib gələ bilmədin və səhv bir addım atdınsa, bu, sabah hansısa prosesin gedişatına təsir edə bilər və sən onun əziyyətini uzun müddət çəkəcəksən. Amma ağıl ilə qərar verib düzünü etsən, bəlkə səni cəmi beş dəqiqə narahat edəcək, amma sonra rahat nəfəs alacaqsan. Mən bir yerdə yaxşı bir fikir oxumuşdum: insan bir zarafata 10 dəfə gülə bilmir, amma eyni bir pis hadisəyə 10 dəfə ağlaya bilir. Çünki hər dəfə onu özünə yenidən yükləyir. Ona görə də mənim prinsipim odur ki, bəzən çətin də olsa, qərarı ver, amma qoy o qərar sənə, vicdanına, ölkənə və özünə verdiyin sözə uyğun olsun. Qoy beş dəqiqə incidici olsun, amma ömür boyu rahatlıq versin. Bu, mənim üçün çətin bir dərs olub, amma öyrənmişəm. – Səncə, bu yanaşman gələcəkdə dəyişə bilərmi? Məncə, yalnız o halda dəyişə bilər ki, mən hər şeyi buraxıb tamam başqa sahəyə keçim. Məsələn, gənclər sektorunu, könüllülüyü və ya gələcəkdə işləmək istədiyim qurumları tamamilə tərk edim. Musiqi ilə də məşğul olmuşam, ola bilsin ki, bir gün tamamilə başqa bir sahəyə yönəlim. Amma hazırkı mühitdə, bu işlərin içindəykən, düşünürəm ki, mənim emosional addımlar atmaq imkanım yoxdur. Bu vəziyyətdə məntiq və ağıl mənim üçün əsasdır. – Bəs xoşbəxtlik sənin üçün nədir? Məncə, xoşbəxtlik hər kəs üçün fərqlidir. Bəziləri üçün o, sadə həyatdır. Mən də görmüşəm ki, illərlə ciddi rejimdə, ağır yüklərlə çalışan insanlar bir gün hər şeydən əl çəkib çox sadə, amma xoşbəxt bir həyat seçiblər – kimisi musiqiçi, kimisi rəssam, kimisi fotoqraf olub. Bu da onların arzularıdır. Mən isə balaca yaşlarımdan çox asta-asta inkişaf etmişəm. Həqiqətən, xoşbəxtlik mənim üçün dəyişkən deyil, sabitdir: mənə verilən layihəni, tədbiri problemsiz yerinə yetirmək xoşbəxtlikdir. Bir musiqiçi üçün konsertdə səhvsiz ifa etmək necədirsə, mənim üçün də işimi tam və düzgün görmək odur. Bu ciddi rejim – səhərdən axşama qədər planlamaq, iclaslarda oturmaq, layihələr üzərində işləmək, ölkəm üçün ən yaxşısını etmək haqda düşünmək – məhz budur məni xoşbəxt edən. Yoruluram, bəli, həm fiziki, həm də mənəvi yorğunluq olur. Bəzən deyirəm: “Ay Allah, bu nə qədər çətin imiş.” Amma sonra özümə sual verirəm: “Mən xoşbəxtəmmi?” və cavab həmişə “bəli” olur. Çünki əslində xoşbəxt olduğum yer elə buradır. Mən bunu bir dəfə sınamışam – sədr olmamışdan əvvəl düşündüm ki, könüllülüyü buraxım, normal universitet tələbəsi olum, sonra da başqa sahəyə yönəlim. Amma gördüm ki, bu mənlik deyil. Standart, ortalama bir həyat – sabit maaş, ailə, rahatlıq – mənim istədiyim deyil. Mənim istəyim budur: məsuliyyətli, çətin, amma mənə həqiqi zövq verən iş rejimində olmaq. Valideynlərim də bəzən soruşurlar: “Bunu öz istəyinlə edirsən, yoxsa məcburiyyət var?” Mənim cavabım isə həmişə eynidir: bunu tam istəklə edirəm. Çünki mənim ailəm heç vaxt mənə təzyiq etməyib. Heç vaxt “bunu oxu, bunu geyin, buraya get, filan ixtisası seç” deməyiblər. Sadəcə məsləhət veriblər, amma qərarı həmişə mən vermişəm. Mən də bəzən onların düşündüyünün əksini seçmişəm, amma nəticədə onlar da məmnun qalıblar. Ona görə də bu rejimdə xoşbəxtəm – çünki bunu özüm istəyərək edirəm. Bir gün əgər artıq sevməsəm, o zaman buraxaram. Amma indi mənim üçün ən böyük xoşbəxtlik həm gənc olaraq ölkəmə xidmət etmək, həm də övlad olaraq valideynlərimi qürurlandırmaqdır. Mənim ən birinci məqsədim də budur. – Şəbnəm, bu günkü şəxsiyyətinizi, liderlik yolunu və ictimai fəallığınızı formalaşdıran ən böyük dəstək nə olub? Hansı amillər inkişafınızda həlledici rol oynayıb? Mən çox da varlı bir ailədə böyüməmişəm. İstədiyim şeylər olub, amma hər şeyi asanlıqla yox, çətinlikləri görərək əldə etmişəm. Bu da mənə göstərib ki, əziyyətlə qazandığın şey sənin üçün daha dəyərlidir. Valideynlərimlə münasibətim də çox yaxşıdır. Həmişə mənə dəstək olublar. Mən özüm şəxsi həyatım barədə çox danışan biri deyiləm. Elə adamlar var ki, bilmir neçə uşaqıq, anam, atam hansı işlə məşğuldur. Amma çox şükür, çox mehriban bir ailəm var və mənim ən böyük şansım məhz ailəmdir. Həmişə deyirəm ki, mənim üçün ən böyük universitet, ən böyük məktəb elə ailəmdir. Ona görə də fəxr ediləsi bir övlad olmaq mənim üçün çox vacibdir. Ən azından valideynlərim bir mühitdə mənim adım çəkiləndə sıxılmasınlar, əksinə, fəxr etsinlər. Mənim üçün önəmli olan budur. Başqa gənclər üçün birinci məqsəd şəxsi xoşbəxtlik ola bilər, onları qınamıram. Amma mənim üçün ən böyük xoşbəxtlik valideynlərimin məndən razı qalmasıdır.
– Valideynlərinizin gözləntiləri nə olub?Onlar həmişə məni dövlət qulluqçusu kimi görmək istəyiblər. Bəli, bu bir qədər şablon görünə bilər, amma həmişə arzulayıblar ki, mən dövlətə xidmət edən biri olum. Bu, müxtəlif formalarda ola bilər: səfir də ola bilər, nazir də, millət vəkili də, yaxud sadəcə bir dövlət orqanında işləyən bir əməkdaş. Amma əsas istəkləri həmişə bu olub. Mən də uşaqlıqdan bu arzularla böyümüşəm və inkişaf yolumu seçərkən onların istəklərini nəzərə almışam. Mən də uşaqlıqdan bu ruhda böyümüşəm. Çünki biz əslən Laçındanıq. Laçın işğal altında olduğu dövrdə anam və atam hər il oradakı vəziyyətlə bağlı xarici saytlardan şəkillər tapıb çərçivəyə salıb evimizdə asırdılar. Sonra işğaldan azad olunandan sonra həmin yerləri görmək imkanımız oldu. Biz kiçik yaşlardan bu ruhla böyüdük – yəni “hara gedirsən get, laçınlı olduğunu, azərbaycanlı olduğunu unutma.” Atam da, anam da universitet məzunudurlar. Elmi dərəcələri olmasa da, bizi həmişə milli kimlik ruhunda böyüdüblər. Çünki təhsil almaq vacibdir, amma təhsil almasan da milli kimlik hər bir azərbaycanlının qanında olmalıdır. Mənim valideynlərim bizə ən çox bunu aşılayıblar. Mən heç vaxt qəddar və ya paxıl olmamışam. Həmişə düşünmüşəm ki, insan doğru, düzgün, xeyirxah olmalıdır. Amma bəzən nəyisə qurban vermək də lazımdır. Mən özümü qurban verməmişəm – çünki əgər bu gün xoşbəxt olmasaydım, o zaman özümü qurban vermiş sayılardım. Mən isə istədiyim sahədəyəm və xoşbəxtəm. Valideynlərim heç vaxt məni hansısa konkret sahəyə məcbur etməyiblər. Məsələn, “həkim ol” deməyiblər. Çünki əgər mən həkim olsaydım, yaxşı həkim ola bilməzdim – çünki bu mənim istədiyim sahə deyil. İnsan həyatını da təhlükəyə atmaq olmaz. Ona görə də insan öz istəklərini nəzərə almalıdır. Çox vaxt biz görürük ki, gənclər öz arzularına yox, valideynlərinin istəklərinə uyğun seçim edirlər. Məsələn, hüquq fakültəsinə 600-dən yuxarı bal toplayan biri əslində müəllim olmaq istəyir. Və ya tibb işçisi yox, sosial işçi olmaq istəyir. Amma valideynin arzusu başqa olduğuna görə, öz yolundan imtina edir. Bu isə çox çətin vəziyyətdir. Eyni hal könüllülükdə də var. Bəzən elə olur ki, könüllü olmaq istəyən gənc özü həvəslə gəlir, amma eləsi də olur ki, valideyn məcburən gətirir. Soruşursan: “Öz istəyinlə gəlmisən?” – “Bəli” deyir, amma əslində bu onun seçimi deyil. Bu cür gənclər mühitə adaptasiya ola bilmir. Amma əgər gənc özü istəyərək gəlirsə, o zaman könüllülük mühitini sevir və özünü inkişaf etdirir. Mən dəfələrlə şahid olmuşam ki, əvvəlcə tərəddüd edən gənclər sonradan deyirlər: “Çox yaxşı ki, gəlmişəm.” Hətta əvvəl qorxanlar belə sonradan “özüm istədim, özüm gəldim” deyirlər. Bu çox önəmlidir, çünki insan özü cəhd etməsə, heç vaxt doğru mühitdə olub-olmadığını anlaya bilmir. Amma bəzən də olur ki, gənc əslində istəmir, sadəcə valideyninin və ya ətrafının təkidi ilə gəlir. Bu halda o, mühitə tam uyğunlaşa bilmir. Məncə, insanın istədiyini tapmağı yaşla bağlı deyil – düşüncə və təcrübə ilə bağlıdır. Eləsi var ki, məktəbli ikən nə istədiyini dəqiq bilir, eləsi də var ki, 40 yaşına qədər axtarır. Ona görə də heç kəsi “niyə könüllü olmusan?” deyə mühakimə etmək olmaz. Biz bilmirik ki, o hansı mühitdən gəlib, hansı çətinlikləri yaşayıb. – Miqrasiya Könüllüləri təşkilatının digər təşkilatlardan fərqi nədir?
Ən əsası şəffaflıqdır. Bunu rəhbər olduğuma görə yox, real təcrübəmə əsasən deyirəm. 20 ildən sonra da soruşsalar, yenə deyəcəm: bu təşkilatda hər şey şəffafdır. Mən ora daxil olduğum ilk günlə indiki vəziyyətimi müqayisə edəndə özüm heyrətlənirəm – necə dəyişmişəm, necə inkişaf etmişəm. Ən böyük sübut elə mənim özüməm. Bu təşkilat mənə araşdırmağı öyrədib. Çünki əməkdaşlarımız heç vaxt sualı terminlərlə cavablandırmırdılar. Əksinə, elə cavab verirdilər ki, məni özümdən-özümə araşdırmağa məcbur edirdilər. Ən çox sevdiyim budur – insanı axtarmağa, öyrənməyə sövq etmək. Bu təşkilatın ikinci böyük üstünlüyü də odur ki, burada heç kim fərdi maraq üçün çalışmır. Hər şey komanda və dövlət naminədir. Burada öyrədilən əsas prinsip odur ki, “Azərbaycan gəncliyi özünü ən yaxşı səviyyədə inkişaf etdirməlidir”. Heç kimin paxıllığını çəkmək, kiməsə qarşı qısqanclıq göstərmək doğru deyil. Əksinə, əgər kimsə səndən kömək istəyirsə, kömək etməlisən. Hər kəsin təhsili, təcrübəsi fərqlidir. Amma kimin hansı yollardan keçdiyini, hansı çətinliklərlə bura gəldiyini biz bilmirik. Ola bilər, valideyni icazə vermirdi, ola bilər dərs saatını uyğunlaşdırıb gəlirdi, bəlkə də işdən çıxıb gəlib. Ona görə də təşkilat bizə öyrədib ki, insanlara hər şeydən əvvəl insan kimi yanaşmaq lazımdır. Daha sonra isə onu ən azı özün qədər inkişaf etdirmək və heç vaxt paxıllıq etməmək. – Şəbnəm, bu günə qədər inkişafınızda əsas rol oynayan nə olub?
ən çox vaxt düşünürəm ki, insanın yolunda qismət və tale rol oynayır. Amma eyni zamanda, insanın seçdiyi xətt, istiqamət də var. Mənim yolumun formalaşmasında əsas səbəb məhz Miqrasiya Könüllüləri təşkilatında qazandığım təcrübə olub. Əlbəttə, müxtəlif ictimai birliklər haqqında danışmaq olar, amma mənim öz inkişafımı açıq şəkildə ifadə edə bilməyimin yeganə səbəbi bizim qurumda aşılanan şəffaflıq və düzgün istiqamətləndirmədir. Bizim ofis balaca olsa da – cəmi iki otaq – o mühitin verdiyi istiliyi heç yerdə tapa bilməmişəm. Bəzən layihələrimiz axşam saat altıda qurtarırdı, əməkdaşlar işlərini bitirib gedirdilər. Amma biz könüllülər qalırdıq. Hətta olurdu ki, layihə yazmaq üçün gecə doqquza qədər ofisdə otururduq. Orada həm dərslərimizi hazırlamışıq, həm qrant layihələri yazmışıq, həm də yeni ideyalar üzərində işləyib səhərə qədər qalmışıq. Bu mühit bizə sadəcə bir iş yeri yox, bir məktəb kimi təsir edib. Mənim üçün könüllülük heç vaxt sadəcə PR məsələsi olmayıb. Nə qədər böyük reklam edilsə də – elanlar metrolarda vurulsa da, xəbərlərdə yayımlansa da – könüllü olmaq qəlbdən gəlməlidir. Əgər sən könlünlə qəbul etmirsənsə, heç bir reklam səni oraya cəlb edə bilməz.Mən bunu da xüsusi qeyd etmək istəyirəm: bizim təşkilat həmişə ciddi işlərlə məşğul olan, ciddi bir mühit təsiri bağışlayıb. Digər könüllü təşkilatlarda bəzən əyləncə xarakterli tədbirlər, partilər olur. Bizdə isə əsas məqsəd həmişə iş, inkişaf və xidmət olub. Bu da bizim təşkilatın fərqini göstərir.
– Könüllülük mühitində dəyər anlayışı necə formalaşıb? Ən çox qiymətləndirdiyim cəhət ondan ibarətdir ki, bizim təşkilatda həm ciddi bir dəst-xətt var, həm də səmimiyyət. Məsələn, təşkilatın 6 illiyi münasibətilə biz birlikdə tort kəsmişdik, əməkdaşlar da dəvət olunmuşdu. Elə vaxt olub ki, uğurlu fəaliyyətimizə görə əməkdaşlar bizə xüsusi tort göndəriblər. Hansı qurumda əməkdaşlar könüllülərinə bu qədər dəyər verir? Mən bunu bir könüllü kimi səmimiyyətlə deyə bilərəm. Rəhbərlik də bizə həmişə diqqət göstərib. Xüsusilə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynovun könüllülərlə mütəmadi görüşməsi, layihələrlə maraqlanması və şəraitimizlə bağlı qayğısı bizim üçün ən böyük motivasiyadır. Dövlət qurumunun rəhbərinin könüllülərə bu qədər diqqət ayırması böyük dəyərdir. Biz görürük ki, yüksək vəzifəli şəxslər belə vaxt ayırırsa, deməli, biz də məsuliyyətli olmalı, işimizi vicdanla görməliyik. Hər dəfə uğur qazandıqda əməkdaşların bizi təbrik etməsi böyük stimul verir. Elə bu səbəbdən mən harada olsam, hansı qurumda çalışsam, buradakı dəst-xətti özümlə aparacam. – Bəs istirahət və şəxsi həyatınızla iş sistemini necə balanslaşdırırsınız? Mənim əsas istirahətim musiqidir. Uşaqlıqdan musiqi ilə məşğul olmuşam, musiqi məktəbini bitirmişəm, atam da ilk müəllimim olub. Həmçinin rəqslə də məşğul olmuşam. Boş vaxt tapanda musiqiyə qayıdıram, bəzən də uzun yürüşlər edirəm. Ən böyük istirahətim isə Laçına getməkdir. Evimiz orada bərpa olunur və hər fürsətdə gedib həm təbiətlə baş-başa qalıram, həm də mənəvi rahatlıq tapıram. – Kənardan çox ciddi görürsünüz. Bu, dostlarınızla münasibətdə həyatınızda necə rol oynayır? Mənim üçün dost ən böyük hədiyyədir. Yaxın iki dostum var, onlardan biri məndən yaşca böyükdür, amma hər çətin vəziyyətdə məsləhət aldığım insandır. Elə olur ki, ailəmlə bölüşməmiş, əvvəlcə onunla bölüşürəm. Mənim bu gün könüllü olmağımda da dostlarımın böyük rolu olub. Onların söhbətləri, tövsiyələri məni bu yola gətirib. – Şəbnəm, bilirsiniz ki, cəmiyyətimizdə hələ də qızların təhsildən kənarda qalması və erkən nikah halları müşahidə olunur. Bu, həm sosial, həm də şəxsi inkişaf baxımından böyük problem yaradır. Bu məsələyə münasibətiniz necədir? Təəssüf ki, bu problem hələ də mövcuddur. Amma mən deyərdim ki, ilk növbədə qanunları oxumaq və bilmək lazımdır. Qanunvericilikdə bununla bağlı kifayət qədər məhdudiyyətlər var və hüquq-mühafizə orqanları da tədbirlər görür. Biz xanımlarla bağlı ayrıca layihələr də keçirmişik. Təlimlərdə iştirak edən qızların dediyi ən böyük söz bu olub: “kaş daha çox adam bu təlimlərdə iştirak edəydi”. Mənim tövsiyəm budur ki, qızlar araşdırsınlar, maariflənməyə çalışsınlar. Ən əsası isə özlərini müdafiə etməyi bacarsınlar. Çünki insanın özünə verdiyi özgüvəni heç kim yarada bilməz. Necə düşünürsünüz, gənclərin inkişafı üçün əsas yol nədən keçir? Hansı dəyərlər, hansı fürsətlər onların daha yaxşı formalaşmasına kömək edə bilər? Mənim yaşıma görə böyük məsləhətlər vermək hələ tezdir. Amma bir sözüm var: gənclər maraqlansınlar, axtarsınlar. İmkanlar hədsiz çoxdur – həm onlayn, həm də canlı layihələr. Dövlət gənclərə böyük şanslar yaradıb. Könüllülük artıq bütün nazirliklərdə var, beynəlxalq layihələrə də yol açılıb. Mən özümü ən şanslı nəslin nümayəndəsi hesab edirəm. Çünki bizim dövrdə dövlət başçısının gənclər siyasəti həqiqətən böyük imkanlar yaradıb. Bəzən gənclər deyirlər ki, imkan yoxdur. Mən buna qətiyyən inanmıram. Əgər bir insan həqiqətən istəsə, onun üçün yol var. Sadəcə axtarmaq lazımdır. Mənim tövsiyəm budur ki, heç kim özünü məhdudlaşdırmasın. İstər Bakıda, istərsə də regionlarda imkanlar var – gənclər evləri, düşərgələr, qrant layihələri, beynəlxalq proqramlar. Əsas odur ki, insan maraqlansın. Könüllülük mühiti çox keyfiyyətlidir. Əslində insanın inkişafı yalnız valideynlərlə məhdudlaşmır. Valideynin övladı görməyə vaxtı az olur, xüsusilə xüsusi məktəblərdə oxuyan uşaqlarda bu, daha da çətinləşir. Əslində gəncin özünü tərbiyə etməsi, mühit seçməsi çox önəmlidir. Mənim həyatımda da valideynin rolu böyük olub, amma könüllülük mənim özümü formalaşdırmağıma daha çox təsir etdi. Çünki orada gənclər özləri seçdikləri mühitdə böyüyürlər, özlərini inkişaf etdirirlər. Mənim fikrimcə, biz ən şanslı nəslin nümayəndəsiyik. Çünki ölkə rəhbərliyi gənclərə xüsusi diqqət ayırır. Prezident İlham Əliyevin gənclər siyasəti doğrudan da hərtərəfli imkanlar açır. İstər könüllülük proqramları, istər beynəlxalq layihələr, istərsə də müxtəlif təlimlər – hamısı gənclərin inkişafına hesablanıb. Bu gün Azərbaycanda elə bir dövlət qurumu yoxdur ki, könüllü proqramı olmasın. O qədər imkanlar var ki, seçim etmək mümkündür. Məsələn, yay düşərgələri, Gənclər və İdman Nazirliyinin layihələri və hətta regionlarda keçirilən proqramlar. Mən inanıram ki, gənclər sadəcə bir az maraqlansalar, qarşılarına çıxan imkanlar onların həyatını dəyişə bilər.
– Regionlarda yaşayan gənclərin imkanları barədə nə düşünürsünüz? Onların inkişafı, könüllülükdə iştirakı və cəmiyyətə inteqrasiyası üçün hansı çətinliklər və üstünlüklər var? Bu mövzuda onlara hansı tövsiyələri verərdiniz? Doğrudur, paytaxtda imkanlar daha çoxdur, amma regionlarda da vəziyyət əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşıb. Gənclər evləri, səyyar layihələr, təlimlər – hamısı mövcuddur. Sadəcə gənclərin özlərinin maraqlanması lazımdır. Mənim tövsiyəm odur ki, region gəncləri gənclər evlərinə getsinlər, oradakı mühitdən yararlansınlar. Orada qurulan əlaqələr, təlimlər və görüşlər onların həyatına çox şey qata bilər. Mənim dost çevrəmin böyük hissəsi könüllülükdən formalaşıb. Ən yaxın dostlarım məni bura yönləndiriblər. Mən də onların dəstəyi ilə bu yola başlamışam. İndi düşünəndə görürəm ki, insan üçün ən böyük sərvətlərdən biri yaxşı dostdur. Həqiqi dost insanı böyüdür, ona yeni yollar açır. MKİB bizə bunu da öyrədib – kiçik uğura görə də minnətdar olmağı. Mənim üçün xoşbəxtlik sadəcə maddi qazanc deyil. Könüllülük çətin olsa da, çox şey qazandırır. Gəncləri kiçik şeylərə sevinməyə öyrətmək çox vacibdir. Çünki insanın xoşbəxtliyi də məhz o sadə şeylərdən keçir. – Çox sağ ol, Şəbnəm. Fikirlərini səmimi şəkildə bölüşdüyün üçün təşəkkür edirəm. Müsahibə boyu dediklərin gənclər üçün həm motivasiya, həm də yol göstərici ola bilər. Uğurlarının davamlı olmasını arzulayıram. Mən də sizə təşəkkür edirəm. Belə bir müsahibədə iştirak etmək, fikirlərimi bölüşmək mənim üçün çox xoş oldu. Əslində, insan danışdıqca özü də bir daha dərk edir ki, gördüyü işlərin dəyəri var. Əgər mənim bu sözlərim hansısa bir gəncin düşüncəsinə təsir edəcək, ona yol göstərə biləcəksə, bu, mənim üçün ən böyük uğurdur. Çünki həmişə düşünürəm ki, insanın ən böyük qazancı özü ilə yanaşı başqasına da faydalı ola bilməsidir. Mən bütün gənclərə arzu edirəm ki, heç vaxt imkanlarını kiçik görməsinlər, çətinliklərdən çəkinməsinlər və daim öz üzərlərində işləsinlər. Çünki əslində inkişafın, uğurun və xoşbəxtliyin açarı insanın öz əlindədir. Mənim də yolum könüllülükdən başlayıb və həyatımda çox qapılar açıb. İnanıram ki, bu fürsətlərdən hər kəs yararlana bilər. Bir daha dəvət üçün təşəkkür edirəm. Mənim üçün xoş xatirə oldu və inanıram ki, bu söhbət gənclərə də motivasiya verəcək. Gülbəniz Hüseynli / Metbuat.az