AZ

Texnologiya futbolu öldürür?

futbolpress-az saytına istinadən ain.az xəbər verir.

Futbol yarandığı gündən insan oyunu olub. Meydanda oyunçu səhv edir, hakim yanlış fit verir, azarkeşlər isə bu səhvləri həm qəzəblə, həm də maraqla müzakirə edirlər. Ən böyük qalmaqallar belə oyunun cazibəsini artırıb, çünki futbol həm də emosiyaların teatrıdır. Lakin XXI əsrin yeni reallığı bu romantikanı dəyişdi. Futbolun “ədalət keşiyi” kimi təqdim edilən VAR sistemi tribunaların coşqusuna, meydanın axarına və oyunun psixologiyasına müdaxilə etdi. İndi gündəmdə əsas sual budur: VAR futbolu həqiqətən xilas edir, yoxsa oyunun ruhunu öldürür?

VAR-ın tərəfdarları texnologiyanı futbolun xilası kimi təqdim edir. Çünki bir penalti epizodu milyonlarla avronun taleyini dəyişə bilir. Çempionlar Liqasında, dünya çempionatlarında və ya aparıcı liqalarda səhv hakim qərarı həm klub rəhbərliklərini, həm də sponsorları dəli edə bilər. VAR isə ən azı səhv ehtimalını minimuma endirir.

Statistik göstəricilər də bunu sübut edir: texnologiyanın tətbiqindən sonra ofsayd, penalti və qırmızı vərəqə qərarlarının düzgünlüyü ciddi şəkildə artıb. Ənənəvi sistemdə oyun taleyi tamamilə hakimin nəzərinə bağlı idisə, indi texnologiya müdaxilə edir. Bu isə futbolun iqtisadi və hüquqi baxımdan “daha risksiz” olmasına imkan verir.

Amma futbol sadəcə dəqiqlik deyil. Futbol həm də məhz səhvlərin yaratdığı dramatik anlarla yadda qalır. Azarkeş stadionda emosiyanı yaşamaq üçün toplaşır. Bir qol vurulur – tribunalar partlayır, sevinc göz yaşları axır, qucaqlaşmalar olur. Amma hakim qulağındakı mikrofonu göstərərək oyunu dayandırır. Bir neçə dəqiqəlik səssizlikdən sonra qolun ləğv edildiyi elan olunur. O həyəcanlı an da, sevinc də, emosiyanın partlayışı da sönür.

Azarkeş üçün bu, psixoloji zərbədir. Çünki futbolun ruhu spontanlıqda gizlidir. VAR isə spontanlığı öldürür, oyunu laboratoriya dəqiqliyi ilə idarə olunan prosesə çevirir. Bu səbəbdən də bir çox azarkeş “futbolu kompüter oyununa çevirmək olmaz” arqumentini irəli sürür.

VAR-ın ən çox tənqid edilən digər məqamı isə oyunun ritmini pozmasıdır. Futbolun gözəlliyi fasiləsiz axında, hücumun sürətində, ardıcıl hücumların yaratdığı təzyiqdədir. Lakin texnologiyanın müdaxiləsi bu axarı kəsir. Oyunda dinamika yoxa çıxır, futbolçuların emosional yükü dəyişir, stadiondakı ab-hava soyuyur.

Xüsusilə də ofsayd epizodlarında millimetr fərqini ölçmək üçün çəkilən xətlər tamaşaçıya qəribə gəlir. Qol ya var, ya da yoxdur – amma millimetrin hesablanması oyunun fəlsəfəsini sarsıdır. Bu cür epizodlar çox vaxt tribunaların “haqqsızlıq hissini” daha da gücləndirir.

Futbolun tarixi məhz böyük səhvlərlə yazılıb. Maradonanın “Tanrının əli” qolunu xatırlamayan yoxdur. Bəzən bir səhv hakim qərarı illərlə müzakirə olunaraq futbola rəng qatır. Bu səhvlər oyunçuları daha da motivasiya edir, azarkeşlər arasında isə mübahisələr oyunun cazibəsini artırır.

VAR isə bütün bu “romantikanı” təmizləyir. Artıq futbolun təbii dramı azalır, oyunun insan faktoru fonunda yaranan bənzərsizliyi itir. Bu, sanki tarixi romanlardan bütün konfliktləri silmək kimidir – quru, amma “steril” bir mətn qalır.

Texnologiyanı tamamilə rədd etmək real görünmür. VAR artıq FİFA və UEFA tərəfindən sistemin ayrılmaz hissəsi kimi qəbul olunub. Lakin əsas məsələ onun tətbiq formasıdır. Bəzi mütəxəssislər VAR-ın təkcə “aşkar səhvlərə” müdaxilə edilməsini təklif edirlər. Digərləri isə azarkeşlər üçün stadion ekranlarında qərarların səbəblərinin izah edilməsini vacib hesab edirlər. Bu, həm şəffaflığı artırar, həm də tribunaların etirazını azaldar.

Gələcəkdə süni intellektin daha sürətli qərar verməsi, texnologiyanın oyunun ritmini minimum dərəcədə pozması gündəmə gələcək. Əks halda VAR futbolu daha dəqiq, amma daha soyuq oyuna çevirəcək.

VAR həm xilas, həm də zərbədir. Bir tərəfdən texnologiya ədaləti qoruyur, digər tərəfdən oyunun emosiyasını öldürür. Burada əsas məsələ futbolun necə qəbul edilməsidir: biz səliqəli, səhvsiz, steril futbol istəyirik, yoxsa səhvləri ilə də bənzərsiz olan, insan faktorunun yaratdığı dramatik oyunu?

Cavab hələ də açıqdır. Amma bir şey də var ki, VAR-ın gələcəyi, əslində, futbolun gələcəyini də müəyyənləşdirəcək.

Şahlar Ruhi

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
futbolpress.az

1Mənbələr