ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şöhrət ARİF
Şöhrət Arif 1981-ci ildə Özbəkistan Respublikasının Fərqanə vilayətində anadan olub. Özbəkistan Milli Universitetinin Jurnalistika fakültəsində, Özbəkistan Respublikası Prezidenti yanında Dövlət və İctimai Quruculuq Akademiyasında təhsil alıb. Jurnalist, ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis, Beynəlxalq Münasibətlər ixtisası üzrə magistrdir. "Mən əsl insan yox, yar idim" (2020), "Axşamın səsi" (2022) kitabları işıq üzü görüb. Özbəkistan Yazıçılar Birliyinin və TÜRKSOY Yazıçılar Birliyinin üzvüdür. 15-ci Beynəlxalq Türk Şeir Festivalının (oktyabr 2022, Türkiyə, Bursa-Konya), 16-cı Beynəlxalq Türk Şeir Festivalının (noyabr 2024, Özbəkistan, Daşkənd) iştirakçısı olub. Əsərləri türk, Azərbaycan, ingilis, qırğız, qazax, tatar və rus dillərinə tərcümə edilib. Özbəkistanda Biznesin İnkişafı Bankı sədrinin müşaviri vəzifəsində çalışır. Özbəkistan Respublikasının "Şöhrət" medalı və "Dostluk" ordeni ilə təltif edilib.
Mənzərə
Yarpaqlar pıçıldar - sualları çox,
Yarpaqlar xışıldar - dili kəsilib,
Ağaclar canlanma anını duyub.
Namaz qılmaq üçün köynəyin sərib...
Kiminsə gəlişin gözləyər kətil,
Sanki nəyindirsə gələn fürsəti.
Tanrı bəndəsini bunca sevməsə -
Vida varlığını yandırar qəti...
Göyə sovrulacaq yenə bir imkan
Səssiz sarsıntıda titrəyər aləm.
Nalə arasında hönkürə bilib,
Dərdləşib bazara getməkdə adəm.
lll
Əllərindən tutub gətirdi tale,
Yenə günah ilə olduq üzbəüz.
Bu mənim istəyim deyildi axı,
Hökmsüz bahara yetərmi payız?
Ağladın lap Həvva nənə sayağı,
Ah çəkdim, elə bil lap Adəm ata.
Dodağın yavaşca nəsə söylədi...
Bizə rəhmi gəldi günahın hətta!
lll
Yaxşı ki, sən varsan, yaxşı ki,
Gözlərin - behiştin qapısı.
Dünyada bir səni tanıdım,
Mənə yad hamısı, hamısı.
Yaxşı ki, sən varsan, yaxşı ki,
Sənsiz həyat quyunun dibi.
Sən mənim sonuncu istəyim,
Sən mənə Tanrının məktubu.
Yaxşı ki, sən varsan, yaxşı ki,
Doğulandan sənə zaram mən.
Gözümüz baxışsa, Yer titrər,
Varam mən, varam mən, varam mən.
Yaxşı ki, sən varsan, yaxşı ki,
Dünyanın gözünə baxdım dik.
Qarşımda dikəlib durubdu,
Ən böyük məqamdır aşiqlik.
Yaxşı ki, sən varsan, yaxşı ki,
Hər şeyə öyrəşdim - nə danış, nə din.
Hicranın şirindir ömrümdən,
Vüsaldan gözəldir qəmlərin.
Yaxşı ki, sən varsan, yaxşı ki,
Damarımda axmaqda azadlıq!
Deməli, Tanrıya yaxınam,
Deməli, məndədir Adamlıq...
lll
Adını söyləyər dəniz küləyi,
Dalğalarında sükunətin var.
Axtarmalı olub özümü,
Səni tapmalıyam təkrar.
Vaxt - səni tapmağa imkan,
Tale - ani məqama sahib.
Sənə yetmək olmur varlıqda,
Tapmaq mümkün, özün itirib.
Axtarmalı olub özümü,
Səni tapmalıyam təkrar.
Adını söyləyər dəniz küləyi,
Dalğalarında sükunətin var.
lll
Anladım - bahara dönə bilmirik,
Payızda doğuldum, demək payızam.
Ən sonuncu yarpaq tökülənədək,
Getdiyin yollardan gözümü yığmam.
Sən də baharları axtarıb gəzmə,
Behiştdən qovulan ey naçar gülüm!
Başqa fəsillərin varlığı röya,
Dünyada yalnız tək payız var, gülüm...
lll
Dəvə karvanıtək ötməkdə ömür,
Zınqırov çalmaqda ləhləyən səbrim.
Özümdən uzağa getdiyim yana,
Sənə yaxınlaşıb gəlirəm, qəbrim!
Bulanıb getməkdə könlüm daha çox
Həsrətlər gözümə yuva qurantək,
Ətrafa qığılcım səpələyirəm,
Kimsə mənə daim baxıb durantək...
Yaxşı uşaq idim uşaqlığımda,
Buluda qoşulub yolu unutdum.
Hələ də sən buna inanmayırsan,
Hər gün səni görəm - balatək umdum.
Uzaqdan ömürün şamı görünər,
Xəyal isə hələ qərarsız, veyil.
Durub gedək desəm hamı tərəfə,
Sinəmdə nə isə çırpınır qəfil.
Ağlamağım gəlir, alqışlasalar,
Duyuram özümü quru həşəmtək.
Kübar çevrələrdə yaşayıb gəzdim,
Yanıb ərimişəm əslində şamtək...
Zınqırov çalmaqda ləhləyən səbrim,
Küçəndən keçirəm, dur, yoluma çıx.
Dünyanı çiyninə atıb, sakitcə,
Keçib getmədədir bir dəli aşiq...
lll
Məntək yorulmuşa oxşayır payız,
Qumru quşu kimi çox heyfislənər.
Bizi bahar çağı yanlış salan qız,
Saralan bağımız gəlib görsənər!
Xəzanlar - aşiqlər məzarlığına,
Ümidini gömüb, dönər durnalar.
Göydə ürəyimin şəklini çəkib,
Tək sənin adını çəkər durnalar...
Bizi bu məkanda heç kim tanımaz,
Həyat - sevmədiyim bir yuxu olmuş.
Bilirəm, nəvaxtdan durmusan razı,
Saçını yelkəntək yayıb fəramuş.
İnanıb gözlədim kimi, nəyisə,
Səmaya göz dikib qalxdım qovaqtək.
Xəzana da dönüb gedə bilmədim,
Sanki sənə hələ gərəyəm, gərək...
Yarpaqtək əmanət, tərpənir ürək,
Tüstüsünü yayar yenə sərt payız.
Dünyanı bir gözəl rəngə salardım,
Payız səndən əvvəl gəldi, çox əfsus...
lll
Sən gəldin... dünyanın rəngi dəyişdi,
Bütün məlakələr razıdır taxtdan.
Özgələr bəxt gəzib yarını gözlər,
Səni gözləyirdim yorulub bəxtdən.
Sən gəldin... can kimi dil açdı bu can.
Dağılıb getmişdim, tam bütövləndim.
Sayanda yanıldım, milyonuncu yol,
Yenə qalmaq üçün tərəddüdləndim.
Möhkəm dikəldiniz... həmən anladım
Sağollaşmaq gərək yenidən bu dəm.
(Sənə salam ilə gəlmək alınmır,
Sağollaşmaq üçün yaxın gəlirəm...)
Bu nə qismət oldu, bu necə yazı,
Bir gözüm gülüşdə, biri kədərdə.
Heç kimə bənzərsiz mən səni sevdim,
Getməklə qalmağın həndəvərində...
Özbəkcədən Şahməmməd Dağlaroğlu çevirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.