AZ

Rəşad Sadıqov üçün məhsuldar “divar” - Onu nə gözləyir?

6-cı turun açılış oyunu Qubanada baş tutacaq.

Cari mövsümün hələ ki, adından söz etdirən iki komandası “İmişli” nominal meydan sahibi qismində “Zirə”ni qəbul edəcək.

Niyə adından söz etdirən?

Rafael Utziq və Salifu Suma kimi aparıcı simalarını itirən, avrokuboklarda ilk cəhddən evə qayıdan “Zirə”nin bu cür startı gözlənilirmirdi.

“Qartallar” 5 turdan sonra məğlubiyyət acısı dadmayan yeganə komandadır. Rəqib qapılarından ən çox top keçirən (11) komanda statusu da zirəliləri məxsusdur. Əsas rəqibləri “Qarabağ”la “Araz-Naxçıvan”a uduzmayan kollektiv 11 xalla hamını qabaqlayaraq turnir cədvəlinə liderlik edir.

“İmişli”yə gəlincə, Premyer Liqanın ab-havasını indi-indi hiss etməsinə baxmayaraq, hər kəs bu komandadan danışır. “Sumqayıt”a texniki məğlubiyyəti nəzərə almasaq, Jorj Kaştilyanın rəhbərlik etdiyi komanda 3 oyunu qalib başa vurub, 1 dəfə heç-heçə edib və yalnız ilk turda vaxta əlavə olunmuş sonuncu dəqiqədə buraxdığı qolla “Turan Tovuz”a uduzub.

Bölgə təmsilçisi 5 matçda qapısında 1 top görüb. Bəli, məhz 1 top. Etibarlılıq göstəricisində hələ ki, elitadakı bütün rəqiblərini qabaqlayır.

Göründüyü kimi, turnir cədvəlinin lideri çempionatın sürpriz komandasına qarşı mübarizə aparacaq. Başqa cür desək, məhsuldarlığı ilə öyünən kollektiv dəmir müdafiə xətti ilə seçilə\n rəqibinə qarşı oynayacaq.

Qarşıdalşma Quba Olimpiya İdman Kompleksinin futbol meydanında keçiriləcək. İki həftə əvvəl “İmişli”nin “Sumqayıt”la görüşü zamanı qazonun durumu ürək ağrıdırdı. Yağışlı havaların müşahidə olunduğu zamanda otun bir az da ağırlaşacağı və komandaların oyununa təsir edəcəyi sirr deyil.

Belə olması təbii ki, imişlilərə sərf edir. “Zirə” yaradıcı futbol oynamaq həvəsindədir ki, o cür qazonda taktiki-texniki bacarıq arxa plana keçir. Şans kimin üzünə gülür? Təbii ki, meydana uduzmamağa çıxan tərəfin.

“Zirə”nin əvvəlki 5 oyunda üz-üzə gəldiyi rəqiblərdən yalnız birinin baş məşqçisi əcnəbi olub - “Qəbələ”ni çalışdıran Kaxaber Tsxadadze. Rəşad Sadıqov gürcüstanlı həmkarı üzərində 2:1-lik səfər qələbəsinə sevinib.

Bu, Sadıqov üçün legioner həmkarı ilə ikinci, Kaştilya ilə birinci duel olacaq. “İmişli”yə öz sistemini aşılayaraq bərk komanda quran portəgizin emosional və uduzmağı qəbul etməyən azərbaycanlı ilə duelinin hansı sonluqla bitəcəyini 90 dəqiqənin sonu göstərəcək.

Sentyabrın 26-da baş tutacaq oyunun start fiti saat 15:30-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
16
sportinfo.az

1Mənbələr