“Böyük Ermənistan” xülyası ilə yaşayan erməni millətçi-şovinistləri təxminən 200 il ərzində öz havadarlarının köməyi ilə Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırım siyasəti aparıblar. Məhz bu antibəşəri siyasətin nəticəsində azərbaycanlılar zaman-zaman öz tarixi torpaqlarından qovulub, qaçqına, didərginə, məcburi köçkünə çevrilib, kütləvi qırğınlara məruz qalıb.
1988-ci ildən başlayaraq Dağlıq Qarabağ ətrafında baş verənlər, erməni ideoloqlarının “dənizdən dənizə böyük Ermənistan” adlı sərsəm bir ideyanı reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib. Xalqımıza qarşı ermənilərin törətdikləri kütləvi cinayətlərin bir həlqəsi olan, tarixdə analoquna çox az rast gəlinən, antibəşəri mahiyyəti, faciənin miqyası, qəddarlığı və amansızlığı ilə xüsusi olaraq seçilən Xocalı soyqırımı tarixin utanc səhifələrindən birini təşkil edir.
Müharibəni təhrik edən əsas amillərdən biri beynəlxalq təşkilatların ikili standartlar siyasəti oldu. Münaqişəsinin nizamlanması üçün 1992-ci ilin 24 mart tarixində təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk qrupu fəaliyyətinin 29 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Belə ki, Azərbaycana qarşı hərbi təcavüzün nəticələrinin aradan qaldırılması və BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin həyata keçirilməsi üzrə 30 ilə yaxın davam edən danışıqlar prosesi Ermənistanın destruktiv mövqeyinə görə nəticə verməmişdir.
Ermənistan 30 il ərzində işğalçı siyasətini davam etdirərək ərazilərimizdə təxribatlar törədir, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açır, onların rahat yaşamasına imkan vermirdi. 2016-cı ilin Aprel ayında Lələtəpə və 2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını nümayiş etdirdi. Lakin Ermənistan bu döyüşlərdən də nəticə çıxarmadı. Rəsmi İrəvan Azərbaycana qarşı diversiyaları davam etdirir, erməni siyasətçiləri xalqımıza qarşı aşağılayacı və təxribatçı bəyanatlar verirdilər.
Təcavüzkar Ermənistanın silahlı qüvvələri 2020-ci il sentyabrın 27-də səhər saatlarında cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutdu. Ermənistan ordusu tərəfindən Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının bir sıra kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki Azərbaycan əhalisi arasında həlak olan və yaralananlar oldu, mülki infrastruktur obyektlərinə ciddi ziyan dəydi. İşğalçı Ermənistanın bu növbəti təxribatının qarşısını almaq, mülki əhalini qorumaq üçün Azərbaycan Ordusu cəbhə boyunca əks-hücum əməliyyatına başladı. Silahlı Qüvvələrimiz apardığı döyüşlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan qoşunlarının minlərlə canlı qüvvəsi, yüzlərlə hərbi obyektləri və döyüş texnikaları məhv edildi. İşğal edilmiş rayonlarımız Azərbaycan əsgərinin qəhrəmanlığı, rəşadəti və şücaəti ilə bir-bir düşmən tapdağından təmizləndi.
Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində qırx dörd günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon-noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verildi. 2022-ci avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bununla da üçtərəfli Bəyanata uyğun olaraq Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi yekunlaşdı;
Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə Bəyanat imzaladılar. Bu qırx dörd günlük müharibə Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalına son qoydu. Vətən müharibəsində 2908 Azərbaycan hərbçisi şəhid oldu, mindən çox əsgər yaralandı, 6 nəfər itkin düşdü.
Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Biz şəhidlərin qisasını döyüş meydanında aldıq. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik.
Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilir. Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır. Bu məqsədlə bütün aidiyyəti dövlət qurumlarının potensialı səfərbər olunub. Yeni medal və ordenlərin təsis edilməsi İkinci Qarabağ müharibəsindəki tarixi Qələbənin əbədiləşdirilməsi və iştirakçılara ayrılan ali diqqətin təcəssümüdür. Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması tapşırılmışdı. Sərəncamdan dərhal sonra Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin layihələri hazırlandı və tikinti işlərinə başlanıldı.
Paytaxtın 8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi 10 hektara yaxındır. Parkın girişində 44 günlük Vətən müharibəsinin rəmzi kimi hündürlüyü 44 metr, eni 22 metr, sütunlarının sayı 44 olan Zəfər tağı inşa edilib. Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi yaradılıb. Yaddaş bağçasının ətrafında istirahət guşələri salınıb. Parkın sonunda Azadlıq Bayrağı Meydanı inşa olunub.
Qırx dörd günlük müharibə dövründə əlini, qolunu itirmiş qazilərimiz üçün ən müasir protezlər sifariş edilmişdir. Əsas məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün yaradılmış “YAŞAT” Fondu tərəfindən indiyədək 18 mindən yuxarı hərbiçi öhdəliyə götürülmüşdür, 93 milyona yaxın vəsait müvafiq istiqamətlər üzrə xərclənmişdir.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Anım Günü ilə əlaqədar xalqa müraciətində bildirilir: “Əziz həmvətənlər, Anım Günündə bütün şəhidlərimizin xatirəsi qarşısında, Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin ruhu qarşısında bir daha baş əyir, onlara Allahdan rəhmət diləyirəm. Onların yaxınlarına, qohumlarına deyirəm ki, mən demişdim, onların qanı yerdə qalmayacaq və qalmadı. Biz onların qanını aldıq! Mən demişdim ki, biz onların qisasını döyüş meydanında alacağıq, belə də oldu. Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib”.
Zahid Rza, “İki sahil”