AZ

EBRD: 2026-cı ildə Azərbaycanda iqtisadi artım 2,5 % təşkil edəcək

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycan iqtisadiyyatının 2025-ci ildə 2 %, 2026-cı ildə isə 2,5 % artacağını proqnozlaşdırır.

“İki sahil” xəbər verir ki, bu proqnoz bankın sentyabr ayına olan "Regional iqtisadi perspektivlər" icmalında yer alıb.

Azərbaycanda 2025-ci il üçün ÜDM-in artım göstəricisi may proqnozu ilə müqayisədə 1 faiz bəndi aşağı salınıb, 2026-cı il üçün proqnoz isə dəyişməz qalıb.

"Azərbaycanda iqtisadi artım 2024-cü ildəki 4,1 %-dən 2025-ci ilin birinci yarısında illik 1,5 %-ə qədər yavaşlayıb, belə ki, karbohidrogen hasilatı sektorunda azalma 3,1 % təşkil edib, qeyri-neft sektorunda isə fəallıq tikinti, ticarət və turizmin hesabına 3,8 % artıb", - icmalda qeyd olunur.

EBRD vurğulayır ki, 2025-ci ildə real ÜDM-in 2 %, 2026-cı ildə isə 2,5 % artacağı proqnozlaşdırılır, bu da qeyri-neft sektorundakı fəallıq və onun neft sektorundakı daha zəif göstəriciləri kompensasiya etməsi ilə əlaqədardır. "Enerji qiymətlərindəki dəyişkənlik, qlobal ticarətdəki qeyri-müəyyənlik və regional geosiyasət iqtisadi artımda yavaşlama riskləri yaradır. ÜDM-in artım potensialı Aİ ilə enerji sahəsində əməkdaşlıq, Orta Dəhlizin genişləndirilməsi, Ermənistanla sülh gündəliyi ilə bağlıdır ki, bu da yeni ticarət marşrutlarının açılmasına səbəb ola və investorların etimadını artıra bilər", - hesabatda qeyd olunur.

Şərqi Avropa və Qafqazda artım 2023-cü ildəki 4,7 %-dən 2024-cü ildə 3,9 %-ə və 2025-ci ilin birinci yarısında 2 %-ə qədər yavaşlayıb, belə ki, vasitəçi ticarətdən və Qafqaz iqtisadiyyatına işçi qüvvəsi və kapital axınından irəli gələn təkan zəifləyib. Regionda orta illik artımın 2025-ci ildə 3 %, 2026-cı ildə isə 4,4 %-ə qədər sürətlənəcəyi gözlənilir.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi 2025-ci il üçün ÜDM artımını 3 %, 2026-cı ildə isə 2,9 % səviyyəsində proqnozlaşdırır. 2025-ci ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatı 1 % artıb.

Beynəlxalq reytinq agentliklərinin proqnozları fərqlənir: "S&P Global" 2025-2026-cı illərdə ildə 2 %, "Fitch Ratings" 2025-ci ildə 3,5 %, 2026-cı ildə 2,5 %, "Moody's" ildə 2,5 % səviyyəsində artım gözləyir.

Beynəlxalq Valyuta Fondu 2025-2026-cı illərdə Azərbaycanda iqtisadi artımı müvafiq olaraq 3,5 % və 2,5 %, Asiya İnkişaf Bankı 3,4 % və 3,3 %, Dünya Bankı isə 2025-ci ildə 2,6 %, 2026-cı ildə 2,4 % səviyyəsində proqnozlaşdırır.

Seçilən
23
2
ikisahil.az

3Mənbələr