AZ

Qusar bağlarının bar mövsümü

Çöllərdə qalmasın ellərin bərəkəti

Zirvələri yay-qış qar örpəkli uca Şahdağın ətəklərində, barlı-bərəkətli torpaqlarda yerləşir Qusar rayonu. Azərbaycanımızın şimal guşəsidir bura. Gözəl təbiəti, bol suyu, ən başlıcası, yurda, torpağa, vətənə qəlbən bağlı olan insanları var. Qusar sakinləri dostluğa, qardaşlığa sədaqətli olmaları ilə də ad qazanıblar.

Bu günlərdə yolum məmləkətimizin bu gözəl guşəsinə düşmüşdü. Hara getdim, hara nəzər yetirdim, hər yerdə səliqə-sahman, gül-çiçək görüb sevindim. Əli iş tutanların çoxu iş başında idilər, bağlarda, təsərrüfatlarda çalışırdılar. Yaşlılar, ahılların bir çoxu isə park və xiyabanlarda söhbət edərək istirahət edirdilər.

Rayon mərkəzində bir neçə şəhər sakini ilə həmsöhbət oldum. Onlar ürəkdolusu ölkəmizdəki əmin-amanlıqdan, inkişaf və tərəqqidən söz açdılar, dövlətimizin başçısı cənab İlham Əliyevin müdrik daxili və xarici siyasətindən məmnun qaldıqlarını söylədilər. Ölkə iqtidarının Qusar rayonuna göstərdiyi daimi diqqət və qayğıdan dərin razılıqlarını bildirdilər.

Burada öyrəndim ki, son illər Qusarda bütün sahələrdə, xüsusilə aqrar sektorda inkişaf daha da sürətlənib. Bu günlərdə isə torpaq pay mülkiyyətçiləri, fermerlər ilboyu yetişdikləri məhsulları sahələrdən toplayırlar, eyni zamanda onların anbarda saxlanması, tədarükü və satışı ilə məşğuldurlar. Hazırda rayonun meyvə bağlarında meyvə dəriminin qızğın çağıdır. Mövsümün əvvəlindən bu sahədə əldə olunan nəticələr sevindiricidir.

Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Rauf Minhacovu 3 ildir ki, tanıyıram. Səmimi, işgüzar insandır. DAİM-in sədri əminliklə bildirdi ki, qusarlı meyvəçilər bu il əvvəlki illərə nisbətən bağlardan daha çox məhsul toplayacaqlar. İndi əsas vəzifə məhsulu bağlardan tez və itkisiz yığıb təhvil verməkdir.

Rauf müəllim vurğuladı ki, rayonda mövcud olan əlverişli iqlim şəraiti, məhsuldar torpaq ehtiyatları və kənd təsərrüfatında çalışan təcrübəli işçi qüvvəsi yüksəkkeyfiyyətli meyvə, tərəvəz və heyvandarlıq məhsullarının istehsalına şərait yaradır. Təbii ki, şəxsi təşəbbüskarlıq, səriştə və bacarıq da yaxşı mənada öz sözünü deyir.

DAİM sədri sonra bunları qeyd etdi:

– Dövlət tərəfindən son illərdə göstərilən hərtərəfli dəstək, o cümlədən subsidiyalar, güzəştli kreditlər və texniki təminatın gücləndirilməsi bu istiqamətdə intensiv inkişafın əsasını qoyub. Aqrar sahədə nəticələr ilbəil yaxşılaşır. Məhsul artdıqca, əkin-biçin adamlarının gəlirləri də artır, dolanışıqları daha da yaxşılaşır.

Bir sıra rəqəm və göstəriciləri dəftərçəmə qeyd etdim. Bəlli oldu ki, hazırda rayonda 14 min 611 hektar meyvə bağı və 3 min 793 hektar tərəvəz sahəsi mövcuddur. İlin əvvəlindən aqrar sektorda bütün sahələr üzrə yaxşı nəticələr əldə edilib. Belə ki, 8 ay ərzində rayonda 29 min 828.3 ton kartof və tərəvəz, 28 min 350 ton isə meyvə tədarük olunub. Meyvə dərimi və tədarükünün noyabrın sonuna qədər yekunlaşacağı gözlənilir.

Ədalət naminə demək lazımdır ki, Qusar rayonu qonşu Quba kimi, öz sulu, ətirli meyvələri ilə məşhurdur. İndi rayonda 14 min 610 hektar meyvə bağı mövcuddur və bunun 4 min 787 hektarı alma bağlarıdır.

Bağlarda müasir texnologiyalar və innovativ metodlar geniş tətbiq edilir. Əsas məqsəd xarici bazarlara çıxarıla biləcək rəqabətədavamlı məhsul istehsal etməkdir. Qusarlılar bu məqsədlərinə doğru addım-addım uğurla irəliləyirlər. Rayonda yaxın və uzaq ölkələrə ixrac olunan məhsulun həcmi artır.

2024-cü ildə Qusar rayonunda, ümumilikdə, 72 min 479 ton meyvə istehsal olunub ki, bunun 50 min 800 tonu alma məhsuludur. Bu göstərici əvvəlki illərlə müqayisədə daha yüksəkdir və məhsuldarlığın artdığını əyani şəkildə nümayiş etdirir. Cari il sentyabr ayının əvvəlinə qədər rayonda artıq təxminən 30 min ton meyvə yığılıb və bu rəqəmin 16 min tonu almadır.

R.Minhacovun sözlərinə görə, yerli meyvə istehsalının artması ölkədə xarici məhsula olan tələbatı azaldır və fermerlərin iqtisadi vəziyyətinin yaxşılaşmasına müsbət təsir göstərir. Bu da kənd təsərrüfatı sektorunun güclənməsinə və rayonun sosial-iqtisadi inkişafına böyük töhfə verir.

Hər uğurun arxasında gərgin, düşünülmüş planlar, əməli işlər durur. Aqrar sektor elə bir sahədir ki, orada gərək hər iş vaxtında, məqamında görülsün. Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov şəxsən bütün bu işlərə diqqətlə nəzarət edir, tez-tez əkin və meyvə sahələrini gəzir, fermer və sahibkarlarla görüşür, üzə çıxan çətinlik və problemlərin operativ həllinə çalışır və buna çox vaxt nail olur.

Bu günlərdə Qusar rayonunda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən fermer və sahibkarların mövcud problemlərinin və təkliflərinin öyrənilməsi məqsədilə görüş təşkil olunub. Görüş Kənd Təsərrüfatı Nazirliyi nümayəndələrinin iştirakı ilə Qusar DAİM-in yanında fəaliyyət göstərən Fermer Şurasının üzvləri və yerli fermerlərlə birgə keçirilib.

Toplantıda fermerlərin üzləşdiyi çətinliklər yerindəcə araşdırılıb, aqrar sektorda sahibkarlıq fəaliyyətinin səmərəliliyinin artırılması üçün dəstək mexanizmləri müzakirə edilib. Uzun illər tanıdığım bir fermer dedi ki, o, şəxsən həmin görüşdən razı qalıb. Rayon rəhbərliyi, həqiqətən, hər bir problemin mümkün qədər aradan qaldırılması üçün əməli işlər görür.

Yeri gəlmişkən, kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu günlərdə Qusar rayonuna səfər edərək aqrar sektorda görülən işlərlə yaxından tanış olub. Nazir bir çox aktual məsələlərlə yanaşı, rayonda içməli su layihəsinin icrası ilə maraqlanıb, rayonun Avaran kəndində "İSFA" MMC tərəfindən icra olunan içməli su layihəsinə baxış keçirib.

Layihə kəndin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunmasına yönəlib. M.Məmmədov su təchizatının kənd təsərrüfatı sahəsində mühüm rol oynadığını vurğulayaraq, bu cür infrastruktur layihələrinin regionlarda sosial rifahın və kənd təsərrüfatının inkişafına töhfə verdiyini qeyd edib.

Qusar yay-qış qonaqlı-qaralı rayondur. Yerli və əcnəbi turistlər bura böyük həvəslə gəlirlər. Rayonda kifayət qədər müasir turizm obyektləri fəaliyyət göstərir. Onlardan ən böyüyü 2012-ci ildə istifadəyə verilən “Şahdağ Turizm Mərkəzi”dir. Mərkəz Böyük Qafqaz dağ silsiləsinin ətəyində, ekoloji sistemi və zəngin flora və fauna ilə tanınan Şahdağ Milli Parkının yaxınlığında yerləşir. Bura ölkəmizdə ilk və ən böyük dağ-xizək kurortudur.

Qusara səfər edib buranın gur bazarına ayaq basmamaq olmazdı. Bu dəfə də maraq məni şəhər bazarına baş çəkməyə sövq etdi. Gördüm ki, buradakı piştaxtalar çeşidli meyvə və tərəvəzlərlə boldur. Çoxu da yerli məhsullardır. Alıcı da çox idi.

Yaşlı satıcı dedi ki, Qusarda meyvə və tərəvəz qonşu rayonlara nisbətən daha ucuz olduğu üçün onlar müştəri sarıdan korluq çəkmirlər. Alıcılar, xüsusilə yaşlı adamlar daha çox ata-baba meyvə sortlarına üstünlük verirlər. Satıcı sonra cibindən əl bıçağını çıxarıb bir armudun qabığını səliqə ilə soydu, bir dilimini mənə tərəf uzadıb lütfkarcasına dedi:

– Nar armududur. Ye, belə armud ələ düşən deyil.

Yedim, həqiqətən, çox dadlı idi.

Məsaim ABDULLAYEV
XQ

Seçilən
15
1
xalqqazeti.az

2Mənbələr