AZ

“Bu, sadəcə olaraq vətəndaşları incitmək üçün istifadə olunan bir haldır”

Son illər təbii fəlakətlər – güclü külək, sel və daşqınlar nəticəsində evlərinə ziyan dəymiş vətəndaşların sığorta şirkətlərinə müraciətləri artıb. Ancaq sığortalı olmaq zərərin tezliklə ödəniləcəyi anlamına gəlmir. 

“Sığorta məhsulları sırasında mühüm əhəmiyyət kəsb edən məhsullardan biri də "Daşınmaz əmlakın icbari sığortası"dır. Bu sığorta növü vətəndaşların daşınmaz əmlakına dəyə biləcək müxtəlif zərərləri qarşılayır".

Bunu "Yeni Sabah”a sığorta məsələləri üzrə ekspert Şahin İsmayılov bildirib. pizza

O əlavə edib: "Risklərə yanğın, zəlzələ, təbii fəlakət, su basma, partlayış, dugər şəxslərin qərəzli hərəkətləri və sair risklər daxildir.

Daşınmaz əmlakın icbari sığortası ölkəmizdə o qədər də populyar deyil və vətəndaşlar arasında kütləvi müraciətlərlə müşahidə olunmur. Bunun da müəyyən səbəbləri var: sığorta şirkətlərinə inamsızlıq, ödəniş olunmayacağı barədə söz-söhbətlər, ödənişlərin gecikdirilməsi, qiymətləndirmə prosesində vıtındaşları qane etməyən məqamlar və sair.

Hələ də faktlar var ki, sığorta hadisəsi baş verdikdə, vətəndaşlar ödəniş alınmasında çətinliklərlə üzləşir. Narazılıqlar bəzən sığorta şirkətlərinin səhlənkarlığı, bəzən isə vətəndaşın haqsız tələbi ucbatından yaranır. İstənilən vəziyyətlərdə yaranmış problemin həlli yolları mümkündür və "sığorta şirkətləri ödəniş etmir" söhbəti yanlış yanaşmadır.

Yaranmış problemlərin həlli üçün vətəndaş sığorta sektoruna nəzarətedici orqan olan Mərkəzi Banka müraciət edə bilər”.

Ekspert qeyd edib ki, qanunda daşınmaz əmlakın icbari sığortasının yoxluğuna nəzarət icra hakimiyyəti orqanlarının üzərindədir:

“Yəni vətəndaş əmlakını icbari sığortalamayıbsa, bu halda onları icra hakimiyyəti orqanları cərimələyə bilər. Ancaq bu cərimə mexanizmi hazır olmadığına görə, yəni müvafiq struktur yaranmadığına görə cərimə söhbəti yoxdur. Amma hər hansısa bir hadisə vaxtı vətəndaşın icra hakimiyyəti orqanına yönləndirilməsi yanlışdır. Bu halda vətəndaşla icra hakimiyyəti arasında heç bir əlaqə qurmaq mümkün deyil. Çünki hadisə baş verirsə, vətəndaşa ziyan dəyibsə, bu halda vətəndaş öz ziyanını sığorta şirkətindən almalıdır. Sığorta şirkəti onu icra hakimiyyətinə yönləndirirsə, bu, tamamilə yanlışdır. Qanunda belə bir şey yoxdur.

Deyək ki, güclü yağış yağır və hansısa bir evə yağış nəticəsində su basması olur. Qanun təbii fəlakət nəticəsində dəymiş zərərə təminat verir. Yəni sığorta şirkəti, əgər təbii fəlakət olursa, bu halda vətəndaşa təminat verir. Bunu da sübut etmək üçün vətəndaş müraciət etməlidir hidrometeorologiya stansiyasına və oradan həmin tarix üçün təbii fəlakət olması barədə məlumat almalıdır. Bu, qanundakı boşluqdur. Yəni bunu vətəndaş etməməlidir, sığorta şirkəti də bunu tələb etməməlidir. Ancaq bundan istifadə edərək müəyyən sığorta şirkətləri süründürməçilik hallarına yol verirlər.

Yağış yağırsa, vətəndaşın evində su basma halı yoxdursa, deməli, bu, təbii fəlakət deyil. Amma olur ki, Bakıda görürsünüz, üç gün, dörd gün ard-arda güclü yağışlar yağır, küçələri su basır. Bunu hidrometeorologiya idarəsi təbii fəlakət kimi dəyərləndirməlidir və bu barədə məlumat yaymalıdır. Bu halda, yəni həmin tarix üçün baş vermiş o yağıntı, yaxud tufan təbii fəlakətdirsə, sığorta şirkəti ödəniş etməlidir.

Bu məqamlarda müəyyən anlarda görürsünüz ki, vətəndaşa deyə bilərlər ki, “get, hidrometeorologiya stansiyasından bir arayış gətir ki, hadisə baş verən gün təbii fəlakət olub. Bu, qanunun bir boşluğudur və sadəcə olaraq vətəndaşları incitmək üçün istifadə olunan bir haldır”.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
15
yenisabah.az

1Mənbələr