AZ

Gəncədə Azərbaycan–Gürcüstan I Beynəlxalq konfransı keçirilib

Gəncədə “Nizami Gəncəvi və Şota Rustaveli – mədəniyyət kəsişmələri” mövzusunda Azərbaycan–Gürcüstan I Beynəlxalq konfransı keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gəncə şəhərində ilk dəfə təşkil olunan bu elmi tədbirdə iki qonşu və dost ölkənin alim və tədqiqatçıları, AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri akademik Fuad Əliyev, İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Şota Rustaveli adına Gürcüstan Ədəbiyyatı İnstitutunun direktoru, professor İrma Ratiani, eləcə də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev və Gürcüstanın Gəncə şəhərindəki baş konsulu Kaxaber Abdaladze iştirak ediblər.

Əvvəlcə Nizami Gəncəvinin və Şota Rustavelinin əsərlərinə həsr olunan sərgi nümayiş etdirilib. Qonaqlara sərginin eksponatları barədə məlumat verilib.

Beynəlxalq konfrans Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Çıxış edən akademik Fuad Əliyev iki qonşu ölkənin xalqlarının dostluq və qarşılıqlı etibarının əsrlərin sınağından çıxdığını vurğulayıb. Bildirib ki, Azərbaycan və Gürcüstan prezidentləri İlham Əliyev və Mixeil Kavelaşvilinin 2025-ci ilin aprelində Bakıda keçirilən görüşü və əldə olunan razılaşmalar alimləri də iki xalqın milli-mənəvi dəyərlərinin köklərini daha əsaslı tədqiq etməyə sövq edir və bu baxımdan Nizami Gəncəvi və Şota Rustavelinin yaradıcılığı iki xalqın müştərək mədəniyyətə, ədəbiyyata, əxlaqi dəyərlərə malik olduğunun göstəricisidir.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev Prezident İlham Əliyevin qətiyyəti, Ordumuzun rəşadəti və xalqımızın həmrəyliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən söz açıb, qonşu və dost Gürcüstan ilə həmrəyliyə söykənən istər iqtisadi, istərsə də mədəni-mənəvi sahədə əməkdaşlığın yüksək səviyyəyə çatdığını qeyd edib və bugünkü mötəbər elmi görüşün də bu cür əlaqələrin genişləndirilməsinə xidmət etdiyini söyləyib.

Gürcüstanın Gəncə şəhərindəki baş konsulu Kaxaber Abdaladze çıxışında xalqlarımızın dostluq, qardaşlıq əlaqələrindən söz açıb.

İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Şota Rustaveli adına Gürcüstan Ədəbiyyatı İnstitutunun direktoru, professor İrma Ratiani çıxış edərək, Qafqaz coğrafiyasında ədəbiyyatın yüksəlişinin Nizami Gəncəvi və Şota Rustavelinin yaradıcılığı ilə sıx bağlı olduğunu bildirib.

Konfransda, həmçinin AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Elmi işlər üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Xəzər Zeynalov və Arxeologiya və Antropologiya İnstitutunun elmi işçisi, aparıcı rəssam-dizayner Minayə Dəyanət-Feyzullayeva ədəbiyyat və sənət məsələləri haqda mülahizələrini söyləyiblər.

Çıxışlar ətrafında müzakirələr, eləcə də iki qonşu və dost ölkənin alimlərinin əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri haqda fikir mübadiləsi aparılıb.

Konfrans iştirakçıları dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini, onun ata və anasının qəbirlərini, Nizami Gəncəvi Muzeyini, həmçinin görkəmli gürcü şairi Nikoloz Barataşvilinin Gəncə şəhərində yaşamış olduğu məkandakı barelyefini ziyarət ediblər.

"Cebheinfo.az" 

Seçilən
13
cebheinfo.az

1Mənbələr