AZ

Bakı metrosunun "B-04" stansiyasının tikintisində növbəti mərhələ başlayıb

"Bakı Metropoliteni" QSC Bənövşəyi xəttin layihə adı "B-04" olan stansiyasında tikinti işlərinin növbəti mərhələsinə start verib.

Tikinti işlərinin gedişi ilə yerində tanış olmaq üçün əraziyə mediatur təşkil olunub.

Bildirilib ki, bu mərhələdə inşaatla yanaşı, stansiyanın daxili infrastrukturunun qurulmasına da başlanılıb. Hazırda xidməti sahələr və otaqların tikintisi, arakəsmələrin quraşdırılması, üzləmə işlərinə hazırlıq tədbirləri həyata keçirilir. Mərtəbələr üzrə eskalatorların quraşdırılması artıq başa çatıb, onların sazlama və sınaq işləri isə inşaatın yekun mərhələsində icra olunacaq. Paralel olaraq havalandırma və soyutma sistemlərinin, o cümlədən güclü ventilyatorların quraşdırılmasına başlanılıb.

Bundan başqa, platformaaltı səviyyədə qrunt sularının toplanması üçün dərinliyi 7 metr olan 3 xüsusi anbar inşa olunub. Hər bir quyudan suların xaric edilməsi məqsədilə suvurma sistemləri və daimi kommunikasiya xətləri çəkilir.

Elektrik yarımstansiyası üçün dünyanın aparıcı istehsalçılarından gətirilmiş avadanlıqlar artıq quraşdırılır. Yeddi vaqonlu qatarların qəbul ediləcəyi sərnişin platformasının uzunluğu 144 metr olacaq. Buradan "8 Noyabr" stansiyasına qədər 1010 və 1021 metr uzunluğunda hər iki tuneldə dəmir yolu xətləri çəkilib.

Yollar "Bakı Metropoliteni"nin öz istehsalı olan dəmir-beton bloklar üzərində salınıb. Tunellərdə işıqlandırma sistemi və yüksək gərginlik üçün güc kabellərinin çəkilişi başa çatdırılıb. Hazırda təmas relslərinin quraşdırılması, həmçinin qatarların hərəkətini təmin edəcək işarəvermə sistemlərinin montajına hazırlıq işləri aparılır.

Qeyd edək ki, Bakı metropoliteninin istifadəyə veriləcək 28-ci, Bənövşəyi xəttin isə 5-ci stansiyası Heydər Əliyev adına İdman-Konsert Kompleksi ilə 1 saylı Şəhər Klinik Xəstəxanası arasındakı ərazidə – Cəlil Məmmədquluzadə küçəsində yerləşir.

Ərazinin relyefi nəzərə alınaraq 29-31 metr dərinlikdə inşa olunan "B-04" stansiyası 167,7 metr uzunluğa malik olub, 4 səviyyədən ibarətdir. Səviyyələrarası keçidlər üçün 19 eskalator, fiziki imkanları məhdud sərnişinlər üçün isə 5 lift nəzərdə tutulub. Stansiyanın ümumilikdə 4 giriş-çıxışı olacaq. Hazırda onların ikisinin inşası başa çatdırılıb, digərlərində isə işlər davam etdirilir.

Seçilən
30
18
banco.az

10Mənbələr