AZ

Bir şəklin tarixçəsi: “Gizir Xanı”nın Raquf Orucova səssiz VƏDİ

Döyüşçü yoldaşları deyirlər ki, “Gizir Xanı”nın hərb meydanında – onların yanında olması həmişə ruh yüksəkliyi yaradırdı. O, öz varlığı ilə əsgərlərə ümid, komandanlığa güvən verirdi.

Çox təəssüf ki, Birinci və İkinci Qarabağ müharibələrinin od-alovundan sağ çıxmış, düşmənin canına vəlvələ salmış belə bir döyüşçü savaş bitəndən 2 il sonra – dinc dövrdə şəhid oldu.

Uzun illər canını Vətən uğrunda sipər edən “Gizir Xanı” ləqəbli savaş qəhrəmanı Səyyaf Əhmədov 23 sentyabr 2025-ci il tarixində Ağdam rayonunun Mirəşelli kəndindəki qəbiristanlıqda minaya düşdü.

News365.az saytının “Bir şəklin tarixçəsi”rubrikasında təqdim etdiyi bu foto iki qəhrəmandan bəhs edir: “Murov qartalı” ləqbli şəhid polkovnik-leytenat Raquf Orucovla “Gizir Xanı”dan...

Zaman 2016-cı ilin aprelin 5-i... Məkan Sumqayıtın Şəhidlər Xiyabanı... Aprel döyüşlərində qəhrəmanlıqla şəhid olan Raquf Orucovun dəfninin ertəsi günü “Gizir Xanı” onu ziyarətə gəlib.

Bu anı kameranın yaddaşına köçürən fotoqraf Ceyhun İsayev deyir ki, həmin vaxt orada çəkiliş apararkən tanımadığı bir hərbçi gəlib Raquf Orucovun məzarı başında çökdü... Polkovnikin şəklinə baxdı, baxdı... və hönkür-hönkür ağladı... Həmin vaxt kənarda kim dayanıb baxırmışsa, onlar da özünü saxlaya bilməyib... “Gizir Xanı” hamını ağladıb...

Bu şəkil təkcə bir insanın şəhid məzarı qarşısında diz çöküb baş əyməsini göstərmir. Bu şəkil zamanın donduğu, səssizliyin hayqırtıya çevrildiyi bir andır. Diz çökən “Gizir Xanı” şəhid polkovnik Raquf Orucovun məzarı qarşısında fikrə dalıb. Bəlkə də içində bir fırtına qopur, bəlkə də “mən də sənin yolundayam, komandir” deyə pıçıldayır.

Bəlkə də bu bir tale yazısı idi - bir şəhidin məzarı qarşısında diz çökən əsgər, illər sonra özü də şəhid olur və torpağa əmanət edilir.

Bu şəkil bir döyüşçünün şəhidə olan sədaqətini, Vətənə olan sevgisini, sarsılmaz andını göstərir.

Vətən üçün yaşayıb, Vətən üçün ölənlərin yolu birdir: əbədi hörmət, əbədi ehtiram.

Bu baxışda səssiz bir vəd var idi, bəlkə də “Gizir Xanı” danışmadan and içdi: “Bir gün mən də gələcəyəm, komandir. Sənin kimi...”

Bu şəkil, sədaqətin, Vətən sevgisinin və şəhidlik zirvəsinə aparan səssiz bir vədin rəmzidir.

İllər keçdi. Söz yerinə yetdi.

Vətən sağ olsun!

Ruhun şad olsun, “Gizir Xanı”!

Seçilən
8
2
news365.az

3Mənbələr